Ədilə Hüseynzadə

Ədilə Hacıağa qızı Hüseynzadə (29 aprel 1916[1]20 iyul 2005) — bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1982).[2][3][4]

Ədilə Hüseynzadə
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (89 yaşında)
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1982

Ədilə Hüseynzadə 29 aprel 1916-cı ildə Bakıda anadan olmuşdur. O, altı yaşından Yeddiillik musiqi məktəbində professor İ.S.Aysberqin sinfində fortepiano ilə məşğul olmağa başlamışdır. Dəqiq elmlərə marağı nəticəsində əvvəlcə 1929-1932-ci illərdə N.Nərimanov adına Sənayə Texnikumunda, sonra isə imtahansız Azərbaycan Dövlət Neft və Sənayə Universitetində təhsil almışdır. Hər iki təhsil ocağını əla qiymətlərlə başa vuran Ədilə Hüseynzadə mühəndis-texnoloq peşəsinə yiyələnmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Ədilə Hacıağa qızı Hüseynzadə XX əsrin 40-cı illərində Üzeyir Hacıbəyovun təşəbbüsü ilə musiqi aləminə gəlir. O, 1942-ci ildə Üzeyir Hacıbəylinin yanına gələrək müğənnilik sənətinə yiyələnmək istədiyini bildirən Ədilə Hüseynzadə bundan sonra Bakı Musiqi Akademiyasının Vokal şöbəsinə qəbul olaraq Üzeyir bəydən dərs alır. Metsosoprana səsinə malik Hüseynzadə Ədilə vokal dərslərini SSRİ Xalq artisti Bülbülün sinfində alır. Daha sonra professor Bülbül tələbəsinin əsərlərinin ilk ifaçılarından biri olur.[2][3]

1945-ci ildə ekranlaşdırılmış "Arşın mal alan" filmində Asyanın vokal partiyası Üzeyir Hacıbəyli tərəfindən Ədil Hüseynzadəyə həvalə olunur və ifası Üzeyir Hacıbəyli tərəfindən müsbət qiymətləndirilir. Eyni zamanda Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Nizami Gəncəvinin qəzəllərinə 800 illik yubileyi münasibətilə tələbələri tərəfindən romanslar bəstələnir. Ədilə Hüseynzadənin "Vəslin həvəsi" adlı romansı müəllimi tərəfindən yüksək qiymətləndirilərək ifa olunması üçün Bülbülə təqdim olunur. Ədilə Hüseynzadə arıtq tələbəlik illərində həm ölkə daxilində, həm də ölkə xaricində öz əsərləri ilə tanınmağa başlayır.[2][3]

Bir gün Ədilə Hüseynzadə Ağabacı Rzayevanın Üzeyir Hacıbəylidən bəstəkarlıq dərsləri aldığını öyrənir. O da özünü bu sahədə sınamaq qərarına gəlir və İsmayıl Soltanın "Yadigar" şeirinə musiqi bəstələyir. Üzeyir Hacıbəylinin bəstəni bəyənməsindən sonra Ədilə Hüseynzadə Vokal şöbəsindən Bəstəkarlıq şöbəsinə keçir. O, həftədə dörd dəfə Üzeyir Hacıbəylidən dərs alır.[2][3]

Ədilə Hüseynzadə 1948-ci ildə Üzeyir Hacıbəylinin vəfatından sonra professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirir. O, Bakı Musiqi Akademiyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. Bəstəkar təhsilini başa vurduqdan sonra 1953-1988-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. O,33 il çalışdığı məktəbdə Müslüm Maqomayev, Sevda İbrahimova, Firəngiz Əlizadə, Elnarə Dadaşova kimi tanınmış musiqiçilərə Kompozisiyanın əsasları fənnindən dərs deyib.[2][3]

Ədilə Hüseynzadə həm bəstəkar kimi, həm də pedaqoq kimi Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini vermişdir. O, bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaratmışdır. Lakin bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır. Ə. Hüseynzadənin Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı, habelə Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş romansları və şəksiz nailiyyəti olan "Duyğular" vokal silsiləsi Azərbaycan musiqisinin inciləridir. Həmçinin "Bülbül", "Qarayazı meşəsində", "Bir səs", "Susdu bülbülümüz", "Günədən gənclik istədim", "İnsanları sevməsəydim", "Yenə elədir" və s. romansların müəllifidir. Onun yaradıcılığının əsasını, vokal əsərlərinin üstün olduğu kamera musiqisi təşkil etsə də, Ədilə xanım bir sıra iri həcmli əsərlər də yaratmışdır.[2][4]

Ədilə Hüseynzadənin yaradıcılığında iri həcmli əsərlərin yazılması iki mərhələdən ibarətdir: birinci mərhələ 1946-1953-cü illəri, ikinci mərhələ isə 1972-1975-ci illəri əhatə edir. Birinci mərhələdə xor üçün "Oktyabr", xor və simfonik orkestr üçün "Vətən" kantatası, simfonik poema, "Vətən" vokal və simfonik silsiləsi, xor, solistlər və simfonik orkestr üçün "Sülhün səsi" kantatası yazılmışdır.[2] Habelə bəstəkar 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya həsr etdiyi simfonik poemanı qələmə almışdır. Xor və kollektivlər üçün əsərlər bəstələnmiş ikinci mərhələdə tar və solistlər və xor üçün "Ərəb dostlarıma", solistlər və xor üçün "Neylərəm", xor üçün "Üzün bərqi gülitərdir", a kapella xoru üçün "Vətən" adlı xor əsərləri, solist bariton qadın xoru və orkestr üçün "Oğlumun babasına" adlı ballada yazılmışdır.[2]

Ədilə Hüseynzadə 1944-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi və onun tədbirlərində fəal iştirak edirdi.[3]

Azərbaycan Respublikasının "məkdar incəsənət xadimi, Üzeyir Hacıbəyovun tələbələrindən biri Ədilə xanıın Hüseynzadə 20 iyul 2005-ci ildə vəfat etmişdir.[1][2][3]

  • "Böyük Vətən müharibəsindəki şücaətli əməyinə görə" medalı;
  • "Azərbaycan SSRİ Əməkdar incəsənət xadimi" adı (1982);
  1. 1 2 "Mədəniyyət qəzeti, Təqvim 29 aprel - 2 may". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  2. 1 2 3 4 5 6 7 8 9 "Ədilə Hüseynzadənin həyat və yaradıclığı" (Azərbaycan). konservatoriya.az. 25-4-2018 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 5 6 7 "Azərbaycanda bəstəkarlıq təhsili almış ilk qadın" (Azərbaycan). anl.az. 1-11-2013 tarixində arxivləşdirilib.
  4. 1 2 Lətifəxanım Əliyeva. "Şərqin ilk qadın bəstəkarı" (Azərbaycan). anl.az. (#archive_missing_date) tarixində arxivləşdirilib.