Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev; 6 (19) may 1910[1], Göyçay[1] – 1 aprel 1981[2][1], Bakı[1]) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR xalq şairi (1960), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Stalin mükafatı laureatı (1951).
Rəsul Rza | |
---|---|
Azərbaycan SSR kinematoqrafiya naziri | |
30 may 1946 – 24 aprel 1950 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Bağır Seyidzadə |
1938 – 1939 | |
Əvvəlki | Seyfulla Şamilov |
Sonrakı | Süleyman Rəhimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 (19) may 1910[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1 aprel 1981[2][1] (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dilçi, şair, tərcüməçi, dramaturq, yazıçı, baş redaktor, nasir |
Həyat yoldaşı | |
Uşağı | |
|
|
Təltifləri |
|
rasulrza.musigi-dunya.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur.[3] Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır.[3][4] Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır.[3] "Poeziya zəhmət və ilhamdır" avtobioqrafik qeydlərində R. Rza öz tərcümeyi-halına keçərkən belə qeyd etmişdir:
Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb.[5] Rəsul Rza
|
Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun evlinə qəzet və jurnallar gələrdi, "Molla Nəsrəddin", rus dilində çıxan "Niva", "Probujdeniye" nəşrlərini alırdı. Bütün bu faktorlar Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır. Üstəlik, şairin anasının şairlik təbi varmış. Anası Məryəm oxumaq bilirmiş, ancaq yazmağı bacarmayırdı və buna görə də şeirlərini əzbər deyərmiş və yadında saxlayarmış. Şair hələ uşaqlıqdan Məhəmməd Füzulinin, Xurşidbanu Natəvanın, Mirzə Ələkbər Sabirin şeirlərini anasının dilindən eşitdiyini yazır.[5] Uzun illər keçəndən sonra R. Rza yazmışdır:
İndi yaddaşımın səhifələrini varaqladıqca mən bir daha inanıram ki, mənim könlümə şerə olan məhəbbətimin ilk qığılcımlarını anam atmışdır. Anam məndə klassik poeziya xəzinəsinə, həm də xalq yaradıcılığına dərin hörmət hissi tərbiyə etmişdir.[5] Rəsul Rza
|
Rəsul Rza altı yaşı olarkən məktəbə getmiş və onun ağır təhsil və iş illəri başlamışdır. On dörd yaşında ikən oxumaqla yanaşı həm də şəhər kitabxanasında işləmişdir. 1925-ci ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə, anasının yanına qayıtmışdır. O, 1930-cu ildə Bakıya köçür; o vaxt boyük bacıları şəhərdə yaşayırdılar.[5]
Bakıda Rza məktəb yoldaşı və şair Abdulla Faruqdan başqa heç kimi tanımırdı. Ancaq çox çəkmir o, şair A. Faruq vasitəsi ilə ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə yaxından tanış olur, onlarla bir cəbhədə yeni ədabiyyatın yaradıcılıq və təşkilati vəzifələrinin həyata keçirilməsində bilavasitə yaxından iştirak edir. R. Rza tərcüməçi vəzifəsinə işə düzəlir. O illərdə "Gənc işçi" ədəbiyyata yenicə gələn şairlərin, yazıçıların toplaşdığı, görüşdükləri əsas yer idi. R. Rza burada bir çox yaşıdları ilə, o cümlədən şair M. Müşfiqlə tanış otmuşdur.[5] Yazıçı dostu Sabit Rəhmana həsr etdiyi "Xatirələr düzümü" poemasında da (1971) R. Rza "Gənc işçi" qəzetinin redaksiyasının, oradakı dostları xatırlayaraq arxada qalmış illər haqqında, itirilmiş dostlar haqqında dərin bir kədər və nisgil hissi ilə yazırdı:
İndi çörək dükanıdır
o ilk tanışlığımız,
ilk həyat məktəbimiz,
ilk mübarizə meydanımız
sevincimiz,
həyəcanımız
olan yer. ...
İndi sən yox,
Müşfiq yox,
Mikayıl yox,
Faruq yox,
Mehdi yoxdu.
Tək necə qayıdım o günlərə
Necə keçim o yolu?..
"Xatirələr düzümü", Rəsul Rza[5]
Bakıda əvvəllər başladığı bədii yaradıcılıq fəaliyyətini daha böyük və ciddi bir inadla, sənət ehtirası ilə davam etdirir. 1927-ci ildə Tiflisdə Gürcüstan Proletar Yazıçılar Assosiasiyasının türk seksiyasının "Qığılcım" almanaxında ilk şeri — "Bu gün" şeri dərc olunmuşdur. Həmin illərdə "Yeni fikir" qəzetində də şeirləri və hekayələri çıxmışdır. "Gənc işçi" redaksiyasında çalışdığı vaxtda isə bu qəzetin səhifələrində "Avropanın ölüm çağı", "Arş", "Bir avqusta", "Qara yelin xəbəri" və s. şeirləri dərc olunur. Yaradıcılıqla yanaşı R. Rza təhsilini də davam etdirir. Təhsil aldığı məktəblər, institutlar sırasında şair Tiflisdəki Zaqafqaziya Kommunist Universitetini, Azərbaycan Tibb İnstitutunun hazırlıq kursunu, Azərbaycan Tibb institutunu, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunu, Moskva Millətlər İnstitutunu, Ümumittifaq Kino Akademiyasını və s. elm və təhsil ocaqlarını qeyd etmişdir.[5]
R. Rza ilk şeirləri ilə mətbuatda çıxış etməyə başlayanda yeni, inqilabi bir ədəbi proses təzəcə formalaşırdı; bir tərəfdə təcrübəli yazıçılar, digər tərəfdə isə yeni yazıçılar nəsli fəaliyyət göstərirdi və qeyd olunmalıdır ki, yeni ədəbiyyat uğrunda mübarizə, bu ədəbiyyatın ideya-bədii prinsiplərini müdafiə və qızğın təbliğ etmək — bu prosesin çox mühüm bir tərəfi idi. R. Rza da ilk şeirləri ilə bu ədəbi mübarizəyə qoşulan şair kimi diqqəti cəlb edirdi. Onun elə ilk şeirlərində bir şairin yaradıcılıq özünəməxsusluğu duyulurdu. Dərc olunan ilk şeri "Bu gün"də bunu hiss elmək mümkündür.[5]
Bu şeirdə şair bu gündən təsirləndiyini bildirirdi, bu günün şairi olduğunu elan edirdi və çox səciyyəvidir ki, elə ilk yaradıcılıq dövrünün yetkin bir çağında yazdığı "Bolşevik yazı" "Bu gün" şerində anlayışı onun poetik prinsipinin əsas tələbi və meyarı olaraq tərəfindən bəyan edilirdi:
Mənim şerim bu günün,
bu gündü mənim şerim,
bu günsüz yarın olmaz,
bu gün yoxsa
yarınlar da qurulmaz.
"Bu gün", Rəsul Rza[5]
1926-cı ildə çap olunan "Qızıl gənc qələmlər" məcmuəsini təşkil edən şeirlər inqilab, qızıl əsgər, yeni cəmiyyət qurucuları mövzusunda yazılmış nəzm əsərlərindən ibarət idi. Bu topludakı şeirlərdə hələ yeni forma, fərdi üslub axtarışları nəzərə çarpmırdı.[5] R. Rzanın "Bolşevik yazı" şeri 1931-ci ildə "İnqilab və mədəniyyət" jurnalının 3–4 sayında çıxmış və dərhal da diqqəti cəlb etmişdir. Belə ki, tənqidçi M. Hüseyn elə jurnalın həmin sayında dərc olunmuş "Yaradıcılıq ixtilaflarımız" məqaləsi üçün R. Rzanın bu şerinin misralarını epiqraf seçirdi:
Mübarizə bu gün də var.
yarın da.
Mən də onun ən ön sıralarında.
"Bolşevik yazı", Rəsul Rza[5]
Məhz bu misraların siyasi və yaradıcılıq əhvali-ruhiyyəsi işığında müasir ədəbiyyatın, ədəbi prosesin mənzərəsini cızaraq tənqidçi R. Rzanın "Tribuna şeri yaratmaq kimi doğru yol tutmuş şair" kimi təqdim edirdi. R. Rza yalnız "Almaniya" poemasında yox, beynəlxalq miqyasda, dünyanın digər regionlarınnda baş verən hadisələrdən təsirlənərək qələmə aldığı "Çapey", "Cəlladları durdur", habelə "Çinar" kitabındakı (1938) "Madrid", "Həbəşistan" və s. şeirlərində eyni dərəcədə lirik idi; hadisaləri sakit, ardıcıl epik planda yox, lirik planda təqdim edir və buda həmin əsərlərin janr-üslub xarakterini müəyyənləşdirirdi.[5]
Müasir poeziyanın novatorluq yolu və prinsiplərinin müdafiəsində şairin mövqeyi kifayət qədər barışmaz və prinsipial bir xarakter daşıyırdı. R. Rzanın bütün sonrakı poeziyasından, daba mürəkkəb və çətin yaradıcılıq vəzifələrinin həllinə yönəlmiş sənətindənn çıxış edərək onun görüşlərində bu mövqeyin dəyişməz olduğunu, lakin bununla belə həm də mərhələdən-mərhələyə inkişaf edib, daha da dərinləşdiyini və büllurlaşdırılıb.[5]
1941-ci ilin axırlarında şair bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır[6], cəbhə qəzeti "Döyüşən Krım"da işləməyə başlayır. O, müxbir kimi tez-tez ön cəbhə xəttinə gedir, müharibəni bilavasitə müşahidə edir, cəbhə həyatının çətinliklərini mənən yaşayıb, bütün bunları da şeirlərində öz təkrarsız ifadəsini tapırdı. Onun burada yazdığı ilk əsər "Bəxtiyar" şeiri idi.[5]
R. Rzanın 1960-cı illər fəlsəfi lirikası bir silsilə təsir bağışlayırdı; bu şeirlər şairin kitablarında bir-biri ilə bağlı, əlaqədar olduğu kimi, həm də bir vəhdət təşkil edirdi. R. Rzanın bu dövr poeziyasında "Rənglər" silsiləsinin ayrıca yeri vardır. Silsilə ilk dəfə 1962-ci ildə "Azərbaycan" jurnalında (№ 11) dərc olmuşdur. Silsilənin bu nəşri 27 şeirdən ibarət idi və bu həcmdə şairin "Duyğular…düşüncələr" kitabına (S964) daxil edilmişdir. Silsilə dərhal ədəbi tənqiddə kəskin tənqidlə qarşılandı, lakin şair bu tənqidlərdən geri çəkilmədi; bir daha silsiləyə qayıtdı; onun "Qırmızının ümid çaları", "Firuzəyi", "Qırmızının inam çaları", "Mavinin təsəlli çaları", "Sürməyi", "Saman sarısı" poetik mətnlərini yazdı və bu yeni şeirlər "Dözüm" kitabına (1965) daxil edildi. Bütövlükdə silsilə 33 şeirdən ibarətdir.[5]
Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937–1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938–1939), Bakı kinostudiyasının müdiri (1942–1944), kinematoqrafiya idarəsində rəis (1944–1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946–1950), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, "Novosti" Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.[3]
1981-ci il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Rəsul Rza 1931-ci ildə Azərbaycan ədəbi gəncliyinin toplaşdığı əsas mərkəzlərdən olan "Maarif evi"ndə şairə Nigar Rəfibəyli ilə tanış olub.[7][8] O zamanlar səhvən özgənin şerini onun adına çıxıb, tənqidçilər ona şiddətli atəş açmışdılar. Həm də bu tənqidi ədəbiyyata dəxli olmayan ayrı-ayrı rütbə sahibləri xeyli qızışdırırdılar. Bu tənqidi məqalələrin birisinin altında Rəfibəylinin başqa yoldaşlarla bərabər Rəsul Rzanın imzası da var idi. Bu hadisə onları yaxınlaşdırdı. 1937-ci il fevralın 11-də Rəsul Rza və Nigar Rəfibəyli evləndilər.[8]
1970-ci ildə Nigar Rəfibəyli "Ulduz" jurnalının "Rəsulun məktubları" məqaləsində yazırdı:
İnsan yaşa dolduqca xatirələr aləmində yaşamağa başlayır, irəlidən çox geriyə baxır, keçən ömrün uzaq səhifələrini gözdən keçirir. Otuz üç il bərabər ömür sürdüyüm Rəsul Rza ilə keçən günlərimizi vərəqlərkən aydın bir həqiqət cəlb edir: bütün ağır və yüngül, sevincli və sevincsiz, kədərli və bayramlı keçən bir qəmimiz olmamışdır. Xalq həyatı ilə yaşamış, onunla nəfəs almış, ən ağır günlərdə xalqın dərdinə şərik olmuşuq, xalqın həyəcan və arzuları ilə yaşamışıq.[9] |
Onların oğlu – Anar, 1938-ci il martın 18-də anadan olmuş, yazıçı, dramaturq, ssenarist və kinorejissoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü və sədri olub.[10]
Dünyanın və Azərbaycanın ictimai və siyasi xadimlərinin Rəsul Rza barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir necəsi aşağıdakı kimidir:
2005-ci ildən[14] Göyçay şəhərində Rəsul Rzanın ev-muzeyi fəaliyyət göstərir.[15] Bakı küçələrindən biri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid quru yük gəmisi və Azərbaycanda ədəbiyyat mükafatı onun adını daşıyır.[16][17][18]