Əfsəhəddin Hidayətullah

Əfsəhəddin Hidayətullah (Hidayət; XV əsrdekabr 1497 və ya yanvar 1498) — Ağqoyunlular dövlətinin siyasi xadimi,şair.

Əfsəhəddin Hidayətullah
Doğum tarixi XV əsr
Vəfat tarixi dekabr 1497 və ya yanvar 1498
Fəaliyyəti şair, siyasətçi

Şeirlərində Hidayət təxəllüsündən istifadə edən Əfsəhəddin Hidayətullah bəy haqqında ədəbiyyat tarixində və bununla bağlı araşdırmalarda kifayət qədər məlumat yoxdur. Dövrün mənbə və qaynaqlarında türk dilində şeirlər yazmış bir sıra şairlərin adlarına rast gəlinsə də Hidayət adına sadəcə Kafzadə Faizinin "Zübdətül-eş-ar, Keşfü-zzünun və Sicill-i Osmanlı əsərlərində Hidayət Beg Nevayi kimi rast gəlinir.[1] Bu şəxsin 1573-cü ildə vəfat etdiyi yazılır və sadəcə 2 ədəd Türkcə beytindən başqa heç bir məlumata rast gəlinmir. Lakin şairin ölüm tarixinin XVI əsrin ikinici yarısına təsadüf etməsi bu şəxsin Hidayətullah bəy olduğu ilə bağlı şübhə yaradır. Əmir Hidayətullah bəy qəzəllərində Ağqoyunlu hökmdarı Sultan Xəlildən, onun yaşadığı qəsrdən, qəsrin hər bir bürcündə parlayan İqbal ulduzundan, Taxt-ı Təbrizdən, şəm-i İrandan bəhs edib, mədhiyələr düzməsi onun Sultan Xəlil dövründə yaşadığını göstərir.[2]

Ol ki, əbül-fəth ləqəbdir ona İşə kərəm-huyi ədəbdir ona

beytində şahın qələbi əbül-fəth olaraq göstərilir ki, bu ləqəb məhz Sultan Xəlilin adı ilə bağlıdır.[3]

Bəyin divanının Bodleian nüsxəsində bir digər Ağqoyunlu şahı Sultan Yaqubun da adına yer verilmişdir.

Ey könül Yaqub Sultandur kim olmuş ki tiğ ilə əlindədir

Ya Əli hər təzadın zülfükar əlindədir

Gül keçib gülzar otursa nola çün bayəndədir

Aləmin bağında sərv-i himmət-i Yaqub xan

Belə ki, nüsxələrdən birində Sultan Xəlilin bir digərində Sultan Yaqubun adının keçməsi Hidayətullah bəyin həyatının heç olmasa bir dövrünün Ağqoyunlu sultanlarının hakimiyyətlərinə təsadüf etdiyini göstərir.[4] Bu da şairin Ağqoyunlu hakimiyyətində olan ərazilərdə yaşadığının sübutudur. Bu baxımdan ən dolğun məlumatı Cəlaləddin Məhəmməd ibn Əsəd Dəvvaninin “Ərznamə ” əsərindən almaq mümkündür. Əsərdə Uzun Həsənin oğlu şahzadə Xəlilin Fars əyalətində olduğu bir vaxtda yoxlama üçün keçirtdiyi paradın əfraflı təsviri verilib. Burada Ərzin başlanmasını təsvir edən bölümdə aşağıdakı cümlələrə yer verilib:[5]

“Ölkələrin sultanı (Xəlil) mübarək ayın 5-ci günü səhər saatlarında bəzəkli taxtda əyləşdi. Nökərləri, çavuşları və nökərləri onun ətrafına toplaşdılar. Onun uca məqamında və padşahlıq parıltısında hamısı cənnətdə olduqlarını düşünürdülər. Əşyalar, küplər, qızıl və gümüşlər adət-ənənəyə uyğun olaraq, qarşısında bir sıra düzülmüşdü.Böyük əmir Möhrdar bəy və onunla möhürdarlıq etmiş və hökmdarın nökərləri arasında uğur qazanmış Hidayətullah bəy xidməti adətinə uyğun olaraq əllərində qılıncla qarşısında dayanmışdılar. Şərqə baxan tərəfdə, digər saray əyanları və əhl-i tərab öz musiqi alətləri ilə onların ixtiyarında idilər.”

Bu təsvir və adlandırmadan Əmir Hidayətullah bəyin şahzadə Xəlilin divanında  "möhrdar bəy" rütbəli "əmir-i kəbir" olduğu anlaşılır. Həmin əsərin “Ərzin ikinci gününün siffəti” bölməsində Əmir Hidayətullah və qardaşı Əmir İnayətullahın adları “ iki böyük əmir: əmir-i kəbir” kimi göstərilib.[6] Onların hər ikisinin “söz əhli” olduğu, dünyada taylarının olmadığı və şöhrətlərinin göylərə ucaldığı qeyd olunur. Bundan əlavə, onların protokoldakı yerlərinin “Möhrdar bəyin” məqam və rütbəsinə bərabər olduğu bildirilmiş və Əmir Hidayətullahın şahzadə Xəlilin yoldaşlarından biri olduğu da qeyd edilmişdir.[7]

Rus tarixçisi Vladimir Minorski şairin divanının Bodleyn nüsxəsinin kətəbəsindəki ad və rütbənin Ərzanamədə verilən ad və rütbə ilə eyni olması səbəbindən hər ikisinin eyni insan olduğu fikrini təsdiqləyir. Buna baxmayaraq nüsxənin ara səhifələrindən birində Divan-i Hidayət Bəh pərvanəçi qeydi olsa da, Ərznamədə belə bir rütbədən bəhs olunmur. Lakin ona Sultan Xəlilə yaxınlığı və digər vəzifələrinə görə pərvanəçi vəzifəsinin verilməsi də ehtimal daxilindədir.[8][9]

Hidayətullah bəy Sultan Xəlilin əmir-i əzəmi olduğundan şairin Sultan Xəlilin taxta çıxmasından sonra şahzadə Xəlil ilə birlikdə Fars vilayətinin Şiraz şəhərində (İraq Əcəmi) yaşadığı və onunla birlikdə Təbrizə gəldiyi anlaşılır. Çünki onun divanında Təbrizdə yaşadığını göstərən beytlər var. Sultan Xəlilin ölümündən sonra Hidayətullahın Təbrizdə qalıb-qalmadığını dəqiq bilmirik. Əbu Bəkr Tehraninin Kitab-i Diyarbəkriyyə əsərinin davamı sayılan və Sultan Xəlil ilə Sultan Yaqub xanının 1497-ci il 1497-ci illər arasında hakimiyyəti dövründə baş verən hadisələri əhatə edən Fəzlullah Ruzbehanın "Tarix-i Alam-Ara-yı-Əmini" əsərində əsərində Yaqub xanın taxt -tacı ələ keçirdikdən sonra gördüyü işlər haqqında məlumat verilir.[2]Əsərdə verilən məlumata görə Sultan Xəlilin məğlub olub öldürülməsindən sonra onun əmirlərindən bəziləri biət etmək üçün Yaqub xanın yanına gəldilər. Yaqub xan onlardan bəzilərini (Osman Miranşah kimi) əfv edərək onlara vəzifələr və yüksək maaşlar verdi. Digər əmrləri vəzifələrində saxladı. Yenə burada verilən məlumata görə, Sultan Xəlilin ölüm xəbəri gələndə oğullarından Əlaəddin Əli bütün şəxsi xəzinəsini toplayaraq anası və bir neçə qohumunu da götürərək İraqa köçüb. Digər tərəfdən Sultan Xəlilin əyanlarından bir qismi də Xəlil tərəfindən Şiraza göndərilən oğlu Əlvəndi Yaqub xanı qanuni hökmdarı kimi tanıdı. Bu hadisə İraqi Əcəm bölgəsində türklər və taciklər arasında yeni problemlərə səbəb oldu. [10]Hidayətullahın divanında ara-sıra İraqdan şikayət edən beytlərə yer verir və deyirdi:

Surh ab içində qanın töksə Hidayət inciməyə Eyni kərəmdir hər nə kim ol tərki Təbriz eyləyə

Bu beytlər şairin də Təbrizdən ayrılmağının işarəsi ola bilər. Lakin aşağıdakı beytlərdə şairin İraqda rahat olmadığı və köhnə nüfuzunu itirdiyi görünür:

Əgər qulluqda təqsir oldu məndən

Ümidin əfvdir ey şah səndən

Qulam qul məndə tək əksikliyi çox

Şehün hər suçla quldan dönməyi yox

Vəli sənsiz mənə çəkdir çəri qəm

nə bir yoldaş nə bir yar həmdəm

Çevirdi çevrəmi səylab-i mihnət

Qərq etdi məni qərq-abi mihnət

--

Qılıb dövlət məqamında iqamət

Görüm dildarını sağı salamat

Şaha bu xeyr ilə ta xeyir qılma

Unut təqsirimi təqsir qılma

Belə ki, məsnəvi bölməsində şahı tərif edən , ona dua edən beytlərdən sonra bu beytlər ondan uzaqda yaşamağın və bütün dostlarından aralı olmasının gətirdiyi iztirabı, şahdan əfv diləyərək yenidən dövlət məqamında olma aruzunu tərənnümü idi. Hidayətullah bəyin Divanında özü barədə verdiyi məlumatlar bu qədərdir.[11]

Divan-ı Hidayət

[redaktə | mənbəni redaktə et]

XVII əsrin böyük türk alimi Katib Çələbi məşhur "Keşf'üz-Zünun" əsərində Hidayətin Divanından bəhs etmişdir. Kəfzadə Əbdülfeyyaz da 1620-ci ildə yazdığı "Zübdətü'l-Beytan" adlı xatirə kitabında şairin Divanından da nümunələr vermişdir. Əmir Hidayətin divanı azəri türkcəsindədir və indiyə qədər dörd nüsxəsi məlumdur.[12]

Hidayət «Divan»ı əsas etibarilə ХIII-ХIV əsrlər Türk ədəbiyyatının təsirlərini – fоrma, mövzu və mоtiv, qafiyə və vəzn хüsusiyyətlərini оrijinal tərzdə yaşadan ədəbi örnəklər tоplusudur. Bertels deyir ki, bu divan əхz etdiyi materialı yeni mühitdə özünəхas pоetik deyim şəklində dəyişikliyə uğradaraq maraq оyatmış, həmdövrlərinin rəğbət və hörmətini qazanmışdır. Pоeziyasında türk dilinin leksik-semantik çalarlıqlarını, ifadə incəliklərini, lüğət saflığını, habelə əski türk fоlklоrunun söz оyunu, səs ahəngi kimi tipik keyfiyyətlərini qоruyub saхlamış Hidayət məhz Qazı, Nəsimi və Nəvai sənətkarlığından təsirlənən şairlərdəndir.[13]

Məsələn, yaşadıqları dövrdə yüksək mənsəb sahibi оlmuş (qazı və əmiri-əzəm), Qazı Bürhanəddin və Əfsəhəddin Hidayət ilahi eşqin tərənnümündə nikbin оvqat, «əranə və şiranə» təbiətli aşiq оbrazında dözüm, mərdlik, cəsarət, məşuqədən gələn cəfa və qəzanı sərdaranə qəbul etmək və s. kimi оrtaq pоetik göstəriciyə malikdirlər ki, bu, оnların şair-sərkərdə kimi döyüş uğurları, dünyagörüşləri ilə bilavasitə əlaqədardır. Cinaslı ifadə və qafiyələr, alliterasiya, оynaq ritm hər iki şairin şeirlərinin ortaq xüsusiyyətləridir.[14]

İmadəddin Nəsimi yaradıcılığının Hidayət pоeziyasına ədəbi təsirinə gəlincə, burada mövzu və mоtiv, bədii dil və quruluş оrtaqlığından söhbət gedə bilər. Məsələn, Hidayətin [15]

Оl cəmali Kə’bə k`anın məstü heyranı mənəm,

Eydi-əkbərdir, məhi-rüхsarı, qurbanı mənəm.

- mətləli, habelə «Dönməzəm», «Оlmuşam» rədifli qəzəlləri bu fikri təsdiqləyir. Nəsimi pоeziyasındakı ilahinin kamil insanda təcəllisi, ruhun təkamülü və Haqla vəhdəti, ilahi vüsal və həmin anın tərənnümü, hüsnün vəsfi və s. irfani mоtivlər Hidayət lirikasında da bədiifəlsəfi inikasını tapmışdır.

Hidayət “Divan”ında:

Gər Hidayətnin Nəvayi kimi rəngin sözləri

Necə kim çохdur, vəli demək gərək bir-bir cəvab.

-deyərkən həm Nəvai yaradıcılığına yüksək ehtiramını, həm də öz istedad gücünü göstərmişdir. Nəvai şeirlərindən ilhamlanaraq Hidayət, ya həmdövrünün qəzəlinə nəzirə yazmış, ya da qəzəldən ayrı-ayrı misraları təzmin etmiş, Nəvaidəki dil və məzmunu öz ana ləhcəsində bəzən eyni vəzn, həmçinin rədif və qafiyə sistemi ilə ideya-üslubuna görə dəyişə bilmişdir.[16]

Ümumiyyətlə, Hidayətin şeirləri məzmununa görə fərqli, dildə ifadə vasitələrindən istifadə üsuluna görə isə fərqli üsluba malikdir. Yəni irfani-fəlsəfi məzmundan irəli gələn ərəb fars dillərinin qəlibləşmiş ifadələri və cümlələri istifadə edilməsinə baxmayaraq, Əfsəhəddin Hidayət Divanı daha çox xalq (ana) dilinə aid cəhətlərin üstünlüyü ilə səciyyələnən danışıq-folklor üslubunun XV əsrin tam yeni ədəbi nümunəsi hesab etmək olar. Ali mənsəb sahibi, saray rəsmini olmasına baxmyaraq, Hidayətin xalq təfəkkürünü, adət və ənənələrini, dilini şairanə duymaq qabiliyyəti onun bədii ifadə, məcazlar və də obrazlar sistəminə güclü şəkildə nüfuz edib.[13]

Əlyazma nüsxələri

[redaktə | mənbəni redaktə et]

Əfsəhəddin Hidayətullah bəyin divanının günümüzə bir neçə nüsxəsi gəlib çatmışdır.

  1. Oksford, Bodleyn kitabxanasındakı nüsxə. Miqləbli [a], şəmsəli [b] ,zəncirəkli [c] dəri cildli 116 vərəqlidir. Ölçüləri 21,2x11,8 sm-dir. Sətir sayı 10-12 sətir arasında dəyişir, nəstəliq xətti ilə yazılıb. Səhifənin kənar və ortaları ilə qəzəllərin arası cədvəlli və yaldızlıdır. 1b səhifəsinin başlanğıcı müzəhhəbdir [d]. Ara səhifələrdə  "Divân-i Hidâyet Beg Pərvanəçi" yazısı var. 1b-dəki mətn: “ Ey cani könül ilə valih ü şeyda İşbatun üçün kövn ü məkan oldu hüvəyda ” beyti ilə başlayır. Kətəbə qeydinə görə divanım sahibi Əmir-i əzəm Hidayətullah Bəydir. Yazı hicri 903/m. 1497-ci ildə Pir Hüseyn əl Katib tərəfindən köçürülmüşdür. Kətəbə qeydi belədir: “temme'd-divänu'l-Emirü'l-a'zamu'l-mağfür emiru efsahu'd-din Hidaye tu'l-lah Beg nevverallahu kabrehu fi tärih-i aşere evăil-i cemädiye'l-evvel minhu seläse ve tis'amie 'ala yedi'l-abdi'l-müznib pir Hüseyn əl-kətib və'l-hamdüli'l lahi əvvəl və axirən”. Əlyazma 1663-cü ildə arxiyepiskop Laud tərəfindən Bodleyn Kitabxanasına hədiyyə edilmişdir.[17][3]
  2. Dublindəki (İrlandiya) Chester Beaty Kitabxanasındakı nüsxə . Kitabxana kataloqunda verilən məlumata görə, qəhvəyi rəngli cildlə cildlənib. Qapağın ortası və kənarları içəriyə doğru oyulmuş və güllərlə bəzədilmişdir. [17]Əlyazmanın ölçüsü: 17,3x12,3 sm, yazı sahəsi 11x6,8 sm-dir. Vərəqlərin sayı 73, sətirlərin sayı iki sütunda 11-dir. Yazı nəstəliqdir. Vərəqlərin kənarları və ortası yaldızla əhatələnib. Yuxarı və aşağı künclər, orta hissələr mavi rəng və yaldız üzərində relyefli qəhvəyi güllərlə bəzədilmişdir. 1b səhifəsinin yuxarı hissəsi də  yaldızlı müzahhəbdir. Əlyazmanın kağızı nazik, krem ​​rəngli, yaldız səpilmiş yarımparlaq kağızdır[3]. Nüsxənin zəhriyəsinin bütün a və b tərəfləri qızılı zərin üstünlük təşkil etdiyi fonda və nəfis üslubda mavi və açıq yaşıl rənglərlə bəzədilmişdir. Səhifələrimin ortasındakı şəmsələrdə "ümmətlərin riqaabının maliki, dinin, dünyanın və səltənətin qolu Sultan-i əzəm Əbül-fəth Sultan Xəlil Bahadır xanın kitabxanası üçün" sözləri yazılıb. Bundan başqa əlyazmanın 8b, 19b, 38b və 70 ci səhifələrində qəzəllərlə bağlı miniatürlərə yer verilib. Əlyazmanın kətəbə qeydi yoxdur. Buna görə də yazılma tarixi bilinmir. Lakin yazı üslub xüsusiyyətlərini nəzərə alaraq 1478-ci ildə yazıldığı qəbul edilir. Bundan başqa əsərin I Sultan Mahmud tərəfindən vəqfedildiyini göstərən rəsmi bir qeydiyyat qeydi və 6975 sıra nömrəsi var. Rəqəmlə yazı arasında isə Sultan Mustafanın möhürü yerləşir. Səhifənin sol üst küncündə isə üləma Qasım ibn Maqsud adlı başqa bir şəxsin möhürü vurulub.[1]
  3. Kirman nüsxəsi. Bu nüsxə Hicri 893/M. 1488-ci ilin aprelində köçürülmüş nüsxədir. Əlyazma əvvəllər Əfşar tayfasının başçılarından birinin ixtiyarında idi, lakin sonralar  G.F. S. Stivensin kitabxanasına keçir. Türkoloq Zeynəb Qorxmaz bu nüsxə ilə bağlı ətraflı məlumat əldə etmək məqsədilə V.Minorskiyə 1965-ci ildə məktub yazmışdır. Minorski isə məktuba cavabında qeyd etmişdir ki, o Stivensdəki nüsxədən bəzi surətləri gətirtsə də, kserokopiya yaxşı hazırlanmadığına görə kifayət qədər oxunaqlı deyil. Minosrki bildirir ki, Chester Beaty-nin surəti bu nüsxədən qat-qat yaxşıdır. Bundan əlavə alim Stivensin əvvəllər Marseldə yaşadığını və indi Hindistana qayıtmış ola biləcəyini, lakin onun izini itirdiyini və Stivensin bu nüsxəni əldən buraxmaq istəmədiyini əlavə edib. Minorskinin izahına görə, Stivensin nüsxəsində 78b, 85a və 88a səhifələrində cəmi üç miniatür var. 88a- dakı miniatür, Chester Beatydəkinin bir variantıdır. Minorski bu məktubdan çox az sonra dünyasını dəyişdiyi üçün Qorxmaz ondan bəzi nümunələr istəmək imkanının olmadığını söyləyir.[1][4]
  4. Topqapı Sarayı Muzeyi Kitabxanasındakı nüsxə. Əhərli əlvan kağız üzərində ölçüsü 25,5x15 sm-dir, 56 vərəqdir. Mətnin sahəsi 8,6 sm, sətirlərin sayı 14, təliq xətlidir. Sərlövhə müzəhhəb, cədvəllər yaldızlıdır. Miqləbli qəhvəyi rəngli dəri ilə cildlənib. Əlyazma nüsxəsində tarix yoxdur. Onun XVII əsrdə köçürüldüyü təxmin edilir. Topqapı Sarayındakı nüsxə olduqca müasirdir. Tələb olunan köməkçi məlumatları təmin edəcək hər hansı fərqli xüsusiyyətlərə malik deyil. Hidayətullahın həyatına və ədəbi şəxsiyyətinə işıq salmaq, əsərin dil quruluşunu orijinala yaxın formada üzə çıxarmaq baxımından ən uyğun nüsxələr Chester Beatty və Bodleyn nüsxələridir.[1][18]
  1. 1 2 3 4 Korkmaz, 1982. səh. 114
  2. 1 2 Korkmaz, 1982. səh. 115
  3. 1 2 3 Karahan, 1980. səh. 250
  4. 1 2 Karahan, 1980. səh. 251
  5. Kilisli, 1331. səh. 277
  6. Kilisli, 1331. səh. 280
  7. Korkmaz, 1982. səh. 116
  8. Büyükakkaş, 2005. səh. 34
  9. Kilisli, 1331. səh. 281
  10. Büyükakkaş, 2005. səh. 37
  11. Korkmaz, 1982. səh. 118
  12. Paşayeva, 2004. səh. 404
  13. 1 2 Babutcu, 2002. səh. 31
  14. Babutcu, 2002. səh. 32
  15. Babutcu, 2002. səh. 34
  16. Paşayeva, 2004. səh. 405
  17. 1 2 Korkmaz, 1982. səh. 113
  18. Karahan, 1980. səh. 252
  • Aidə Paşayeva. Akkoyunlu Şair Efseheddin Hidayetullah Bey. Diyarbakır: Diyarbakır valiliği yay. Uluslararası Oğuzlardan Osmanlıya Diyarbakır Sempozyumu. 2004. 401–409.
  • Zeynep Korkmaz. XV. Yüzyıl Azerî Türkçesinin Değerli Bir Temsilcisi Emîr Hidâyetullah ve Dîvânı. 5. TTK Yay. TDAY Belleten. 1982–83. 113–124.
  • Rıfat Kilisli. Celâleddîn Devvânî, Arz-nâme. 5. Milli Tetebbular Mecmuası 2. 1331. 273–305.
  • Abdulkadir Karahan. Emir Afsahuddin Hidayet ve İncelenmemiş Divanı. İstanbul: İstanbul Üniversitesi Edebiyat Fakültesi Yay. Eski Türk Edebiyatı İncelemeleri. 1980. 249–255.
  • Büyükakkaş, Ahmet. Hidayet ve Divanı. Ankara. Ankara Üniversitesi. 2005.
  1. Kitabın ön qismini örtən alt qapağa bağlı , ucu üçkünc olub üst qapaqla kitabın iç qapağının arasına girən hissə
  2. Adətən kitabın altını və üstünü örtən alt və üst qapaqlarına çəkilən bəzək forması
  3. bəzək forması
  4. qızıl suyuna çəkilmiş