Əhəd Yaqubov

Əhəd Ələkbər oğlu Yaqubov (1908, Bakı1979) — geologiya-mineralogiya elmləri doktoru (1941), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1947), akademik, ictimai xadim, pedaqoq.[1][2][3]

Əhəd Yaqubov
Əhəd Ələkbər oğlu Yaqubov
Doğum tarixi 1908
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası
Vəfat tarixi 1979
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
İş yerləri
Mükafatları "Stalin" mükafatı — 1942 "Stalin" mükafatı — 1951
"Lenin" ordeni"Lenin" ordeni"Oktyabr inqilabı" ordeni"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Əhəd Yaqubov Bakı şəhərində anadan olmuşdur. 1934-cü ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Dağ-mədən fakültəsini Mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1941-ci ildə "Abşeron yarımadasının qərb hissəsinin palçıq vulkanları və onların neft-qazlılıqla əlaqəsi mövzusunda dissertasiya müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əhəd Yaqubov əmək fəaliyyətinə 1934-cü ildə SSRİ EA Azərbaycan filialında başlamışdır. O, palçıq vulkanlarının inkişaf etdiyi sahələrin stratiqrafiyası, tektonikası, neft-qazlılığı, qazların, neftlərin, lay sularının geokimyəvi xarakteristikası sahəsində tədqiqatlar aparmışdır. 1937–1941-ci illərdə SSRİ EA Azərbaycan filialının Rəyasət Heyəti sədrinin müavini işləmişdir. Habelə Əhəd Yaqubov Azərbaycan KP MK neft üzrə katibi vəzifəsini icra etmişdir. O, 25 ildən artıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geologiya və neft-qaz yataqlarının axtarışı kafedrasına rəhbərlik etmişdir.[1]

Əhəd Yaqubov 1944–1946-cı illərdə SSRİ-nin İran Səfirliyində məsləhətçi olmuş, daha sonra Azərbaycan KP MK neft sənayesi üzrə katibinin müavini və şöbə müdiri vəzifəsini təyin edilmişdir. O, müxtəlif illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı vəzifəsini icra etmişdir. 1949–1952-ci illərdə "Azərdənizneft", "Azneftkəşfiyyat" Birliyində rəisi kimi fəaliyyət göstərmişdir. Bir sıra dəniz neft yataqlarının kəşf olunmasında və mənimsənilməsində iştirak etmiş, buna görə də Əhəd Yaqubov 1951-ci ildə ikinci dəfə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.[1][2]

Əhəd Yaqubov 1961–1966-cı illərdə neft və qaz ehtiyatlarının hesablanması problemi laboratoriyasına rəhbərlik etmişdir. 1966-cı ildən SSRİ-də ilk laboratoriya olan Palçıq vulkanizmi laboratoriyasını təşkil etmiş, eyni zamanda Almaniyada "Azərbaycanın palçıq vulkanları atlası"nı nəşr etdirmişdir. 1972-ci ildən isə Geologiya və Geofizika İnstitutu Palçıq vulkanizmi sektoruna rəhbərlik etmişdir. Alimin verdiyi proqnoz nəticəsində sonralar Neft Daşları, Səngəçal-dəniz, Duvannı (Zənbil) adası, Bulla (Xərə-Zirə) adası kimi zəngin neft yataqları aşkar edilmişdir.[1][2][3]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əhəd Yaqubovun rəhbərliyi ilə 1971-ci ildə dünya geologiya təcrübəsində ilk dəfə olaraq "Azərbaycanın palçıq vulkanları atlası" nəşr olunmuş, 1978-ci ildə isə "Azərbaycanın neftli-qazlı vilayətlərinin palçıq vulkanları" xəritəsi tərtib edilmişdir. Alimin 200-dən çox elmi əsəri və 10 monoqrafiyası dərc olunmuşdur. Əhəd Yaqubovun rəhbərliyi ilə 50-dən çox fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. Azərbaycan dilində ilk dəfə yazılan dərsliklərin, dərs vəsaitlərinin və bir sıra elmi-metodik işlərin müəllifidir.[1]

Onun əsərlərində palçıq vulkanizmi haqqında elmin gələcək inkişafı öz əksini tapmış, palçıq vulkanlarının tektonika və neft-qazlılıqla genetik əlaqəsi əsaslandırılmışdır. O, ilk dəfə olaraq palçıq vulkanlarının rayonlaşdırılmasını aparmış və onların morfogenetik təsnifatı vermişdir. Palçıq vulkanlarının geologiyasını və geokimyasını öyrənməklə Azərbaycan depressiya zonalarında mezozoy çöküntülərinin yayılması və neft-qazlılıq perspektivliyi məsələlərini elmi əsaslandırmış və qazıma üçün perspektivli səhələri və obyektləri ayırmışdır.[1]

Əhəd Yaqubov 1979-cu ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olnumuşdur.[1]

Əhəd Yaqubov iki dəfə Lenin ordeni, "Şərəf nişanı" və "Oktyabr inqilabı" ordenləri ilə təltif edilmişdir. O, 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində "Qafqazın müdafiəsinə görə", "Rəşadətli əməyə görə" medalları ilə təltif olunmuş, SSRİ-nin "Fəxri neftçisi" adına layiq görülmüşdür. Habelə iki dəfə (1942, 1951) SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. Alimin həmmüəllif olduğu "SSRİ-nin neftli-qazlı əyalətləri və vilayətləri" dərsliyi İ. Qubkin mükafatına layiq görülüb. O, 1974-cü ildə tərtib edilən "Azərbaycanın palçıq vulkanları" xəritə-maketə görə SSRİ Ümumittifaq Xalq Təsərrüfatı Sərgisinin gümüş medalı ilə təltif olunmuşdu.[1][2][3]

  1. 1 2 3 4 5 6 7 8 9 "Yaqubov Əhəd Ələkbər oğlu" (Azərbaycan). science.gov.az. 18-9-2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 "Akademik Əhəd Yaqubov Azərbaycanda geologiya elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr verib" (Azərbaycan). azertag.az. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  3. 1 2 3 "Akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (Azərbaycan). president.az. 1-4-2022 tarixində arxivləşdirilib.