Əhməd Kabaklı

Əhməd Kabaklı (5 dekabr 1924 - 8 fevral 2001)—Türk yazıçısı, jurnalisti, ədəbiyyatşünası.

ƏHMƏD KABAKLI
türk. Ahmet Kabaklı
Doğum tarixi
Doğum yeri Elazıq, Türkiyə
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri
Təhsili
Fəaliyyəti müəllif, vəkil, tərcüməçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XX əsr Türkiyəsinin elmi-ədəbi, ictimai-fəlsəfi fikir gündəmində Şeyxül-mühərrir Əhməd Kabaklı fədakar araşdırıcılıq səriştəsinə, analitik təfəkkürə, yenilikçi düşüncəyə, milli ruha malik ədəbiyyat tarixçisi, ədəbiyyatşünas-alim, yazar, pedaqoq və jurnalist kimi yetərincə tanınır, təqdir və təbliğ olunur. Onun son qırx beş ildə on dörd dəfə nəşr edilən, ümumi həcmi 4330 səhifədən çox olan beş cildlik “Türk ədəbiyyatı” tarixi bu sahəyə həsr edilən ilk və ən mükəmməl ensiklopediya, türk ədəbi-mədəni mühitinin dolğun və sanballı atlasıdır. Onun “Kültür imperializmi” (1970), “Müsəlman Türkiyə” (1970), “Məbəd və millət” (1970), “Yunus Əmrə” (1971), “Mehmet Akif Ərsoy” (1970), “Mövlana” (1975), “Təməllərin duruşmasi” (1989), “Güney-doğu yaxından” (1990), “Şeir incələmələri” (1992), “Doğudan doğuş” (1993), “Sultan-üş şüəra Nəcib Fazil” (1995), “Şairi Cahan Nədim” (1996), “Millətə vurulan canlı qandal - bürokratiya” (2002), “İstanbul gül dəstəsi” (2003), “İslamla qaynaşmış türk ədəbiyyatı” (2006), “Aşıq ədəbiyyatı” (2006), “Alpərən” (2007), “Nazim Hikmət” (2007), “Dövlət fəlsəfəmiz” (2007), “Türkiyəni yoğuranlar” (2008), “Çağlara hökm edənlər” (2008), “Fateh və İstanbul” (2011), “Divan ədəbiyyatı” (2011) və b. kitabları nəsillərin təlim və tərbiyəsində, milli şüurun oyanışında, ədəbiyyatşünaslıq elminin zənginləşməsində əlahiddə əhəmiyyət kəsb edən mənəvi xəzinədir. Bir elmi-tədqiqat institutunun on illərlə görə bilməyəcəyi işi təkbaşına yerinə yetirən, çətinliklərə, məşəqqətlərə sinə gərən, min beş yüz ildən artıq mürəkkəb, keşməkeşli bir dövrün ədəbi, tarixi materiallarını incələyən, əlyazmaları, arxiv sənədlərini saf-çürük edən, dəyərləndirən Əhməd Kabaklı mənsub olduğu türk ədəbiyyatına, mədəniyyətinə misilsiz milli mənəvi töhfələr bəxş etmişdir.[1]

Əsərlərində, xüsusilə “Türk ədəbiyyatı”nda xalq yaradıcılığına, “Alp Ər Tonqa”, “Şu”, “Boz qurd”, “Ergenekon”, “Törəyiş”, “Köç” və s. əfsanələrin şərhinə geniş yer ayıran Əhməd Kabaklı 1924-cü ilin mayın 24-də əfsanəvi Harputda, Saray Xatun məscidinin azançısı (müəzzini) Ömər əfəndinin ailəsində həyata göz açmışdır. Türkiyənin tanınmış ədəbiyyatşünası Bəşir Ayvazoğlunun fikrincə Əhməd Kabaklının ata-babaları Harputun Daşlıbağında meyvə, özəlliklə kabak (balqabaq yetişdirdikləri üçün onlara kabaklılar deyilirdi[2]. Fərqli bir dəyərləndirməyə - Dr. S.Sərvət Kabaklının düşüncələrinə əsasən bu nəslin nümayəndələri həmişə xeyirxahlıqda, zəhmətsevərlikdə, müdriklikdə öndə, irəlidə, qabaqda olduğu üçün xalq onlara Kabaklı adı vermişdir. Sonuncu fikrin dolğunluğunu, doğruluğunu, dürüstlüyünü zaman keçdikcə tarix özü də təsdiqlədi. Dövrün, epoxanın məhrumiyyətlərinə, məşəqqətlərinə baxmayaraq zəhmətin və istedadın sayəsində Kabaklılar nəslinin öndə, qabaqda gedənləri bu soyadı qədim və böyük bir xalqın ədəbiyyat, mədəniyyət tarixinə ləyaqətlə həkk etdilər.

1926-cı ildə Harputda Kabaklılar ailəsinə ağır itki üz verdi. Təsadüfi qəza nəticəsində Ömər əfəndi həlak oldu. İki yaş yarımında ikən atasını itirən Əhməd Kabaklı çətinlik, yoxsulluq və ehtiyac içində böyümüş, anası Münirə xanımın himayəsi altında təlim-tərbiyə almış, anasından və xalasından çoxsaylı əfsanələr, nağıllar, atalar sözləri dinləmiş, Elazığda ibtidai məktəbi və liseyi yüksək qiymətlərlə başa vurmuşdur. İstanbul Universitetinin ədəbiyyat fakültəsinin türkologiya bölümündə oxuduğu illərdə Əhməd Cəfəroğlu, Cəmil Meriç, Cahid Okurer, Mehmet Kaplan və b. görkəmli şəxsiyyətlərdən dərs alirdı. Ə.Kabaklı ilk tənqidi məqalələrini də tələbəlik illərində çap etdirir, 1948-ci ildə bu universiteti bitirdikdən sonra isə Diyarbəkir liseyində pedaqoji fəaliyyətə başlayır. Bu şəhər onun həyatında və taleyində unudulmaz xoş duyğular yaradır, zərif izlər buraxır. Əhməd bəy Diyarbəkir qız liseyində riyaziyyat müəlliməsi işləyən Məşkurə Elbir xanımla tanış olur və onunla ailə həyatı qurur. Bu izdivacdan onun sonralar kimyaçı kimi tanınan Taner adlı oğlu dünyaya gəlir. Ötən əsrin 50-ci illərində Milli Təhsil Nazirliyi onu Parisə oxumağa göndərir, qayıtdıqdan sonra İstanbul Pedaqoji İnstitutunda müəllimliyə başlayır, eləcə də İstanbul Texniki Universitetində ədəbiyyatdan dərs deyir. 70-ci illər Türkiyəsinin mədəniyyət aləmində iki böyük ədəbi hadisə Əhməd Kabaklı ilə birbaşa bağlıdır. Mətbuat ailəsinə 1972-ci ilin yanvarın 15-də ilk uğurlu sayı ilə qədəm qoyan “Türk ədəbiyyatı” dərgisi Ə.Kabaklının təsisçiliyi və baş redaktorluğu ilə yarandı və az vaxtda ədəbi qüvvələri ətrafında cəmləyərək milli məfkurəyə, mənəvi dəyərlərə dayalı yeni cərəyanın, çağdaş ədəbi məktəbin təməlini qoydu. Digər əlamətdar hadisə isə dərgidən 6 il conra – 1978-ci ildə dövrün görkəmli siyasət, ədəbiyyat və mədəniyyət xadimlərinin iştirakı ilə Türk Ədəbiyyatı Vəqfinin yaradılması idi. Ə.Kabaklının öndərliyi ilə vəqfin üzvləri arasında Süleyman Dəmirəl, Alparslan Türkeş, prof.Məhərrəm Ergin, prof.Faruk Kadri Timurtaş, prof.Mehmet Kaplan, prof.Tahsin Banguoğlu, Nəcip Fazil Qısakürək, qurucuları sırasında Sevinc Çokum, İskender Öksüz, Tahir Kutsi Makal, İrfan Atagün, Halis Akaydın, İsmayıl Gerçəksöz və b. tanınmış qələm əhli yer almışdır. Bu günədək Türk Ədəbiyyatı Vəqfi və “Türk ədəbiyyatı” dərgisi eyni ideala – türkçülüyə və türk ədəbiyyatına heç bir əyintiyə və sapıntıya yol vermədən ləyaqətlə xidmət edir. Kabaklı xocamızın bir sıra əsərlərinin ilk variantı Vəqfin yığıncaqlarında, “Çərşənbə axşamları”nda dinlənilmiş, bəyənilmiş və dərgidə nəşr olunmuşdur.[3]

XX əsrin 90-cı illərində Əhməd Kabaklı özünün söylədiyinə əsasən iki dəfə Bakıda olmuşdur. Sonuncu dəfə Azərbaycana gələrkən Türk xalqları ədəbiyyatının fəal və istedadlı araşdırıcısı Əli Şamillə görüşmüş, ona geniş müsahibə vermişdir. Böyük ustad radio-müsahibəsində düşüncələrini və arzularını dilə gətirərək demişdir: “Mən Əhməd Kabaklı olarak, tabii milliyyətçi düşüncələri bəyan edərim, ayrıca “Tərcüman” qazetəsində yazarım, davamlı köşə yazısı yazarım. Azərbaycan oxucusuna bu səfər keçən gəlişimə göre daha ferahlamış, daha kendine gəlmiş olarak gördüm. İnşallah növbəti gəlişimlə daha da başqa özəlliklər görəcəm. Mən heç şübhə etmiyorum. İstədiyim bütün mese-lem bir-birilerini sevmələridir. Türkiyeyi sevmeleridir, türk dünyasını sevmeleridir ve bu şəkildə çox ferahlı günlərə doğru birlik olaraq gedə biləcəymizə inanıyorum.” Onun qəlbində həmişə Azərbaycan sevgisi çağlamışdır. Hələ 1983-cü ilin iyun ayında televiziya vasitəsi ilə xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş “Dədə Qorqud” filmini seyr etdikdən sonra “Tərcüman” qəzetində fərəh, iftixar, bir az da özünütənqid hissi ilə yazırdı: “21 iyun televiziyada "Dədə Qorqud"u Azərbaycanda yaradılmış film kimi seyr etdik. Hər şeydən öncə bu filmi yaradan azəri qardaşlarımıza təşəkkürümüz var: Nədən? Ən azı bizim görəcəyimiz işi gördükləri üçün və bizə "Dədə Qorqud" kimi bir dastanımızın var olduğunu xatırlatmaları ücün. Soyumuzun fəzilətlərini, igidliklərini, mərasimlərini, Allaha və dövlətə hörmətlərini, yalana nifrətlərini, cihadlarını, təmiz eşqlərini bir müqəddəs əfsanə mühiti içində bizə anlatdırdıqları ücün. Oğuzların vətən sevgisi, torpaq sevgisi yaxşı göstərildiyi kimi, saf və təmiz dindarlıqları da dilə gətirilə bilərdi. Ancaq azəri soy-daşlarımız haqlı olaraq deyə bilər ki: "Biz kiçik qardaşlarıq. Dini və millətləri rədd edən yabançı bir rejimdə, biz bunu edə bildiksə, yenə də böyük hünər və uğur sayılmalıdır. Daha gözəlini, daha yaxşısını biz əlbəttə sizdən gözləyirik. Sizin rejissorlarınız, aktyorlarınız, bəstəkarlarınız hardadır?" "Dədə Qorqud"un 12 boyunu bir araya gətirib, dünyanın ən gözəl dastanlarından birini ondan çıxaracaq şairləriniz, ədibləriniz hardadır? Niyə baxmırsınız soyunuz oğuzların o eşsiz dillərinə, mərasimlərinə, inanclarına. Yoxsa sizi də "Əcəl alıb, yer gizləmişdir?” Qələmə alındığı dövrlə müqayisədə bu fikirlər adi sözlərdən ibarət deyildir. Hər cümlədə millətinin taleyi üçün döyünən narahat bir qəlbin çırpıntısı, yüz illərlə bir-birindən ayrı düşmüş, parçalanmış türk xalqlarının ortaq keçmişinə sahiblik duyğusunun aşılanması üçün müdrik bir ziyalının atəşin səslənişi duyulmaqdadır. Ə.Kabaklının bu cəsarətli fikirləri ilk növbədə dəmir pərdəli rejimlərin rəzalət qoxuyan qadağalarından daha çox içimizdəki biganəliyə, soyuqluğa ünvanlanıb. Oğuzların vətən, torpaq sevgisinin filmdə qabardılmasını Əhməd bəy yüksək dəyərləndirir. Çünki o özü də oğuz ellərinin, türk dünyasının bir Dədə Qorqudu idi. Əhməd Kabaklının türk millətinə namuslu xidmətinə görə aldığı çoxsaylı ödüllər, mükafatlar sirasında birinin yeri xüsusilə fərqlənir. Aydınlar Ocağının və 55 müstəqil qurumun birgə qərarı ilə ona Atatürk Kültür Mərkəzində 1996-cı ilin dekabr ayında keçirilən və dövlət məmurlarının da qatıldığı yığıncaqda Şeyxül-mühərrir fəxri adı verilmişdir. Bu adı o sanballı əməyinə verilən ən yüksək dəyər kimi qəbul etmiş və ömrünün sonunadək Şeyxül-mühərrir (yazarların şeyxi) titulunu iftixar hissi ilə daşımışdır.

“Elazığ – Bakı: mədəniyyət və sənət görüşləri”ndən İstanbula qayıtdıqdan sonra Osmanlı Dövlət Arxivinə baş çəkmək niyyətilə bir neçə gün bu şəhərdə qalmalı oldum və Türk Ədəbiyyatı Vəqfinin çeşidli maddi və mənəvi dəstəyindən barındığımı minnətdarlıq duyğusu ilə vurğulamağı özümə borc bilirəm. 2012-ci ilin fevralın 8-i Əhməd Kabaklının xatirə günü idi. Dəyərli dostum Sərvət bəyin dəvətilə Şeyxül-mühərririn vəfatının 11-ci ildönümü münasibətilə məzarının ziyarətçiləri arasına mən də qatıldım. Böyük ustadın əbədi istirahətgahı İstanbulun Piyer Loti yüksəkliyində yerləşən Əyyub Sultan qəbiristanlığında həyat yoldaşı Məşkurə xanımla qoşadır. Mərhumun ruhuna Quran oxunmasından sonra Sərvət bəy Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın anım mərasiminə ünvanladığı teleqramını oxudu: “Milli dəyər-lərimizə verdiyi önəm ilə anılan və geridə bu həssasiyyətilə yetişmiş minlərcə tələbə buraxan mərhum Əhməd Kabaklı keçmişdə və bu gün olduğu kimi gələcəkdə də əsərləriylə fikir dünyamızı aydınlatmağa davam edəcəkdir. Vəfatının 11-ci ildönümündə mərhum, Şeyxül-mühərrir Əhməd Kabaklını rəhmət və şükanlıqla anırıq.” Baş nazirin qeyd etdiyi kimi doğrudan da Əhməd Kabaklı bütün həyatını, yaradıcılığını türk insanının fikrini, düşüncəsini aydınlatmağa, işıqlandırmağa yönəltmişdir. Təsadüfi deyildir ki, Türkiyədə ziyalılar hər zaman onu ədəbiy-yatşünaslığın, ədəbiyyat tarixinin patriarxı, yazarların xocası və ucası kimi ehtiramla xatırlayır və dəyərləndirirlər.[4]

  1. . Kabaklı Ahmеt. Türk Еdеbiyatı, Cilt 4, İstanbul, Türk Еdеbiyatı Vakfı Yayınları, 2001, 568 s.
  2. B.Ayvazoğlu. Göllübağdan köşə yazarlığına yüyürən yetim Əhməd Kabaklı. “Türk ədəbiyyatı”, 1997, № 279, s.8-9.
  3. Əhməd Kabaklı, Türk ədəbiyyatı, Bakı, 2009
  4. Əhməd Kabaklı “Harput əfsanələri”. Bakı, “Ozan”, 2012, 96 s. Kitaba A. Rüstəmli “Yazarların xocası və ucası” adlı ön söz yazmışdır.