Ələkbər Abbasəli oğlu Babazadə (1893, Yelizavetpol – 1943, Bakı) — Azərbaycan dilçi alimi, müəllim.[1]
Ələkbər Babazadə | |
---|---|
Ələkbər Abbasəli oğlu Babazadə | |
Doğum tarixi | 1893 |
Doğum yeri | |
Vəfat tarixi | 1943 |
Vəfat yeri | |
Elm sahəsi | Dilçilik |
1893-cü ildə Gəncədə anadan olub. İlk təhsilini 8 illik məktəbdə almışdır. 1943-cü ildə Bakıda vəfat edib.[1]
1912–1924-cü illərdə "Tofiq" məktəbində və Gəncənin müxtəlif məktəblərində pedaqoji fəaliyyətlə məşğul olub.
1924-cü ildə Bakıya gəlir. Azərnəşrdə - Yeni Türk Əlifbası Mərkəzi Komitəsində müxtəlif vəzifələrdə işləməyə başlayır.
Məşhur çuvaş alim Nikolay İvanoviç Aşmarinlə tanışlığı həyatında mühüm hadisə oldu. Aşmarinin məsləhəti ilə Ə.Babazadə "Azərbaycan türklərinin xalq dialektləri lüğəti" üçün material toplamağa başlayır.
1929–1933-cü illərdə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyətinin birinci dərəcəli elmi əməkdaşı kimi işə başlayır.
1931–1933-cü illərdə Dəmiryolu Texnikumunda müəllim işləyir.
1933–1935-ci illərdə Zaqafqaziya filialının Azərbaycan şöbəsinin dil və maddi mədəniyyət bölməsində elmi əməkdaşı kimi işləyir.
1935-ci ildə Zaqafqaziya filialının Azərbaycan şöbəsinin aspiranturasına daxil olur.
O, rus, alman, ərəb, fars, özbək, tatar dillərini bilirdi.
Leninqradda ixtisas üzrə hazırlıq keçdiyi SSRİ EA-nın N.Y.Marr adına Dil və təfəkkür İnstitutunun aspiranturasına qəbul olur.
Bakıya qayıtdıqdan sonra ayrum dialektinin tədqiqinə həsr olunmuş dissertasiya mövzusu ilə məşğul olmağa başlayır. Bu məqsədlə 1938–1939-cu illərdə Qutqaşen (Qəbələ), Xanlar (Göygöl), Dəstəfur (Daşkəsən), Kəlbəcər, Laçın, Gədəbəy və digər rayonların ayrumlar yaşayan 22 kəndində ekspedisiyada iştirak edir. O, mövzu ilə bağlı geniş və zəngin material toplayır. Azərbaycan, Türkiyə, Dağıstan, Türkmənistan və digər respublikaların müxtəlif dövlət müəsisələrindən materiallar toplayır. Onun tərəfindən toplanılan materiallar azərbaycanlıların sayı, şəhər və kəndlərin adı, təhsil müəssisələrinin sayı, bu respublikalarda azərbaycanlı əhalinin cins-yaş tərkibi və b. məsələlərlə bağlı idi. 1942-ci ilin dekabrında Dil və Ədəbiyyat İnstitutun Elmi Şurası onun dissertasiya işini müdafiəyə təqdim edir. Lakin Ə. Babazadəyə işinin nəticəsini görmək qismət olmadı. Ömür vəfa etmədi.[1][2][3]