Əli Əkbər (Ələkbərov Əli Hüseyn oğlu; 27 aprel 1927, Qovuşuq – 5 iyun 2022, Sumqayıt) — Azərbaycan şairi.
Əli Əkbər | |
---|---|
Ələkbərov Əli Hüseyn oğlu | |
Doğum adı | Əli |
Təxəllüsü | Əkbər |
Doğum tarixi | 27 aprel 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 5 iyun 2022 (95 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | şair, müəllim |
Əli Əkbər 1927-ci il aprel ayının 27-də Qərbi Azərbaycanın Dərələyəz mahalındakı Qovuşuq kəndində (Yexeqnadzor rayonu) anadan olub. 1947-ci ildə orta məktəbi bitirməmiş onu rayon xalq maarif şöbəsi oxuduğu məktəbdə müəllim təyin edir. İki il orta məktəbdə müəllim işlədikdən sonra yenidən oxuyub 1950-ci ildə orta məktəbi bitirir. Orta məktəbi bitirdikdən sonra rayon xalq maarif şöbəsi onu yenidən müəllim təyin edir. O, 1950-ci ildən 1965-ci ilə qədər Dərələyəz mahalının Sallı, Hors, Gədikvəng və Qabaxlı kəndlərində müəllim işləyir. Paralel olaraq ali təhsil almaq üçün Bakıya gələrək 1962-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şöbəsinə daxil olur. 1968-ci ildə universiteti müvəffəqiyyətlə bitirir.
1988-ci ilə qədər Dərələyəz mahalının Qovuşuq kənd orta məktəbində azərbaycan dili və ədəbiyyatı fənlərini tədris etmişdir.
1988-ci ildə bədxah ermənilərin təzyiq ilə doğma dədə-baba yurdlarından çıxarılan azərbaycanlılarla birlikdə Əli müəllim də Azərbaycana gələrək Abşeron rayonunun Ceyranbatan qəsəbəsində məskunlaşır. 1993–2011-ci illərdə Abşeron rayonu Ceyranbatan qəsəbə 1 saylı orta məktəbində müəllim işləyib.
5 iyun 2022-ci ildə vəfat edib. Sumqayıt şəhərinin yeni məzarlığında dəfn edilib.
Ailəlidir, səkkiz övladı var.
Ədəbi yaradıcılığa böyük maraq göstərən Əli müəllim hələ 1957-ci ildən Əli Əkbər təxəllüsü ilə şerlər yazmağa başlamışdır. O, öz şerlərini "Sovet Ermənistanı" qəzetində çap etdirirdi. Onun bir neçə şeiri də 1957-ci ildə çıxan "Ədəbi Ermənistan" məcmuəsində çap olunmuşdur.
Yazdığı əsərləri qəzet və jurnallarda çap etdirir. Yazdığı şerləri, poemaları və dram əsərlərini toplayaraq: 2003-cü ildə "Dərələyəz", 2004-cü ildə "Qəlbin səsi", 2005-ci ildə "Atanın dara çəkilməsi", 2013-cü ildə isə "Vətən həsrəti" kitablarını çap etdirib. Beşinci kitabı da çapa hazırlanır.