Sovet Ermənistanı (qəzet)

"Sovet Ermənistanı" qəzeti (azərb-kiril. Совет Ермәнистаны) — Ermənistan SSR-də Azərbaycan dilində respublika qəzeti. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi, Ermənistan SSR Ali Soveti və Nazirlər Sovetinin orqanı.[1][2]

Sovet Ermənistanı
azərb-kiril. Совет Ермәнистаны
Redaktor
Yaranma tarixi 7 yanvar 1921
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 1989
Baş ofis
Ölkə

1920-ci il noyabr ayının 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bütün respublikalarda olduğu kimi, ilk növbədə kommunist-bolşevik mətbuatı yaratmaq məsələsi zəruri idi. Bu səbəbdən də 1921-ci ilin yanvar ayının 7-də İrəvanda Azərbaycan dilində həftəlik "Kommunist" qəzeti nəşr edilməyə başlandı. "Kommunist" qəzeti 1921-ci ilin yanvar ayının 7-dən fevral ayının 8-nə qədər nəşr olunmuşdur. Qəzetin redaktoru isə Həmid Qənizadə idi. 1921-ci ilin fevral ayının 9-da erməni daşnakları İrəvanda yenidən tüğyan edərək, terror, qətliamlar, qırğınlar və dağıntılar törədərkən Azərbaycan dilində nəşr olunan "Kommunist" qəzetinin redaksiyasını yandıraraq məhv etmişlər. Bununla da qəzetin fəaliyyəti dayandırılmışdır.[3]

"Zəngi" qəzetinin redaksiyası, İrəvan, 1927-ci il

Qəzet 1921-ci ildə "Kommunist", 1922-ci ildə "Rəncbər", 1924-cü ildə "Zəngi",[4] 1929-cu ildə "Qızıl şəfəq", 1937-ci ildə yenidən "Kommunist" və nəhayət 1939-cu ildə "Sovet Ermənsitanı" adı ilə işıq üzü görüb. Bu illərdə H.Qənizadə, B.Əfəndiyev, R.Vəlibəyov, Ə.Tağızadə, M.Hüseynov, S.Alməmmədov, Ə.Rzayev, R.Allahverdiyev kimi görkəmli azərbaycanlı ziyalıları qəzetin məsul redaktorları olublar. Qəzet Ermənistanda yaşayan azərbaycanlıların ictimai-siyasi, mədəni həyatının güzgüsü, Azərbaycan dilində çıxan yeganə qəzet kimi orada yaşayanların tribunası idi. Mətbu orqanda azərbaycanlı şair və yazıçıların əsərləri, ədəbi-tənqid məqalələri, teatr tamaşaları haqda resenziyalar, yubiley tədbirləri, əmək qəhrəmanları haqda yazılar, cəbhədə igidlik göstərən döyüşçülər haqda oçerklər dərc olunurdu. Bakıda Məmməd Zəki, Naxçıvanda Qulam Şərifov, Gəncədə Məhərrəm Əliyev qəzetin müxbirləri olmaqla yanaşı, əsas təbliğatçıları kimi daha çox xidmət göstəriblər. 1933-cü ildə İrəvanda Kamunyan küçəsi 23-də kök salan qəzet sonradan, 1934-cü ildə İrəvan Firqə Komitəsinin ikinci mərtəbəsinə, sonra isə 1936-cı ildə Qnuni küçəsi 32-yə Mənzil Koperativ binasına daşınır. Bu isə son olmur. 70-ci illərin sonlarında əvvəlki yerindən Qızıl Ordu küçəsi 41-ə, oradan da "Mətbuat Evi"nə (Orconikidze küçəsi, mənzil 9, 9-cu mərtəbə) köçürülüb. Bura isə qəzetin son ünvanı olub.

Qəzetin Əkbər Rizayev, Rəhim Allahverdiyev, Cəfər Vəlibəyov kimi vətənsevər redaktorları olub. Bundan başqa Ermənistan KP MK-nın üzvü, SSRİ və Ermənistan SSR Ali Sovetinin deputatı, Ermənistan SSR Ali Soveti Rəyasət heyəti sədrinin müavini Cəfər Vəlibəyov, Ermənistan SSR Ali Soveti Rəyasət heyəti aparatında məsul işçi, Vedi Rayon Komitəsinin birinci katibi, Zəngəzur İcraiyyə Komitəsinin sədri Əli Məmmədov, Vedi, Zəngibasar, Ağbaba Rayon Komitələrinin birinci katibi Hüseyn Məmmədov, Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini, Ermənistan KP MK üzvlüyünə namizəd, SSRİ və Ermənistan SSR Ali Sovetinin deputatı Yunis Rzayev, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, teatr tənqidçisi Sabir Rizayev, Ermənistan SSR Rəyasət Heyətinin sədr müavini, MK üzvü, SSRİ Ali Sovetinin deputatı Məhərrəm Bayramov,tədqiqatçı-alim İsrafil Məmmədov, şair-dramaturq Hidayət Orucov kimi görkəmli ziyalılar birbaşa və ya dolayısı ilə" Sovet Ermənistanı" qəzetinin müntəzəm işıq üzü görməsi, abunəçılərinin sayının artması və operativ surətdə oxuculara çatdırılması üçün əllərindən gələni ediblər.

Cəfər Vəlibəyov, Əli Məmmədov, Məhərrəm Bayramov Ermənistan hökumət və partiya liderlərinin imzaladığı nekroloqla dəfn ediliblər.

İsmayıl Əliyev, Sabir Əsədov, Teymur Əhmədov, Suren Şərifov, Cümşüd Sultanov, Rza Əsgərov, Tofiq Məmmədov, Cəlil Hüseynov, Əsgər Əsgərov, Babək Hüseynov, Nüsrət Sadıqov, Hüseyn Nəcəfov, Lətif Hüseynov, İbiş Abasov, Allahyar Rəhimov, Nəcəf Şabanov, Vidadi Quliyev, Eldar Səfərov, Mirzə Yusifov, Mahal Sadıqov, Salman Vilayətoğlu, Eyvaz Mirzəyev, Bəxtiyar Bayramov, Abdulla İbrahimov, Kazım Novruzov, Hüseyn Həsənov, Fərhad İsgəndərov kimi tanınmış ziyalılar kollektivin formalaşmasında, fəaliyyət göstərməsində səylərini əsirgəməyiblər.

Texniki işçilərdən Elmira, Kifayət, Laləzar, Züleyxa, Şəmsiyyə, Şamama, Sevda, Əntiqə, Rəfiqə, Tamillanın xidmətlərini qeyd etmək lazımdır. Redaksiya tarixində qadın müxbir kimi yalnız iki nəfər çalışıb: Sabirə Qurbanova və Mənzərə Sadıqova.

Tanınmiş şairlər Hidayət Orucov və Əli Vəkil də vaxtilə "Sovet Ermənistanı"qəzetində çalışmışlar.

Qəzetin 11 min abunəçisi olub.

Qəzetin baş redaktorları

[redaktə | mənbəni redaktə et]
  • Həmid Qənizadə — 1921;
  • Bala Əfəndiyev — 1922–1923;
  • Bala Əfəndiyev — 1924–1926;
  • Mustafa Hüseynov — 1926–1929;

"Qızıl şəfəq"

[redaktə | mənbəni redaktə et]

"Sovet Ermənistanı"

[redaktə | mənbəni redaktə et]
  1. Совет Ермәнистаны // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 494.
  2. Ermənistan Sovet Ensiklopediyası (erməni). C. 10. Yerevan: ESE-nın Baş Redaksiyası. 1984. səh. 512.
  3. Babaoğlu, Hikmət; Allahverdiyev, Cəlal. "İrəvanda Azərbaycan mətbuatı tarixindən". "Səs" qəzeti. 2023-02-09. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  4. İsgəndərova, Vəfa; İbrahimova, Pərvanə; Allahverdiyev, Cəlal. "Mətbuat tariximizin 100 yaşlı "Zəngi"si". "Respublika" qəzeti. 2024-11-28. İstifadə tarixi: 2024-11-28.
  • Cəfər Vəlibəyov. Qardaşlıq rəmzi // "Sovet Ermənistanı" qəzeti. — 1971. — 22 oktyabr;
  • Sənan Nəcəfov. Yaddan çıxarmayın, orada bir qəzet var idi: "Sovet Ermənistanı" // Alma qəzeti. — 2009;
  • Cəlal Allahverdiyev. Mətbuat tariximizin "Qızıl şəfəq"i // 525-ci qəzet. — 2021. — 18 may.