Bu məqalədə orijinal tədqiqata, təsdiqlənə bilməyən ifadələrə, mülahizə və şərhlərə yer verildiyi düşünülür. |
Əli Kərim (tam adı: Kərimov Əli Paşa oğlu; 18 mart 1931, Göyçay – 29 iyun 1969[1], Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Əli Kərim | |
---|---|
Əli Paşa oğlu Kərimov | |
Doğum adı | Əli Kərimov |
Doğum tarixi | |
Doğum yeri | Göyçay, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Elza Kərimova |
Uşaqları | Paşa, Azər, Orxan |
Təhsili | Maksim Qorki adına Ədəbiyyat İnstitutu |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili |
www.eli-kerim.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra "Azərbaycan" jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.
Əli Kərimin ömrü, öz şair sözü kimi, poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var.[2] İlk nəşr olunan əsəri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində çıxmış "Təzə müəllim" şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında "İlk simfoniya" poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibətilə Moskvada rusca çıxan "İki sevgili" kitabı olmuşdur.
"İki sevgi" (1960), "Həmişə səfərdə" (1963), "Qızıl qanad" (1965), "Qaytar ana borcunu" (1970), "Uşaqlar və ulduzlar" (1971) "Səfərdən sonra" (1972), "Pillələr" (1978), "Gül və çörək" (1978), "Seçilmiş əsərləri" (I cild, 1974, II cild 1975), "Qayıt" (1983), "Pillələr" (1987), Seçilmiş əsərləri" (2 cilddə, 1991), "Mavi nəğmənin sahilində" (1991), "Neyləyim, şeirlə dərd söyləyirəm" (1999) və s. kitabları nəşr edilmişdir. Ona həsr edilmiş Feyzi Mustafayevin "Dinmə, ey kədər" (1986), Elza Kərimin "Nə xoşbəxt imişəm", Altay Məmmədovun "Tanıdığım Əli Kərim" xatirələr kitabları çapdan çıxmışdır. Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş Cavanşir Yusiflinin "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi" (2005), "Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış" (2010), Sona Xəyalın "Əli Kərim" (2011) və b. monoqrafiya və məqalələrin adlarını çəkimək olar. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür. Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat etmiş, Göyçayda dəfn edilmişdir. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınmışdır. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş sənətkarlardandır. AMEA-nın Həqiqi üzvü, professor Tofiq Hacıyev onun yaradıcılığı barədə yazır: "Ə. Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: "Babəkin qolları"nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; "Heykəl və heykəlin qardaşı" poeması da həmin prinsiplə yazılmışdır – qəhrəmanın özü yox, hekəlidir. "Gül və çörək", "Sevirəm", "Bomba üstündə ev", "Çiçəklər iclasda" kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir.
Həyat faktlarına xüsusilə poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iri həcmli əsərlərində – poemalarında da saxlanır. İdman mövzusunda yazdığı "Bir santimetr haqqında ballada" poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir. Əli Kərimdə oxucunu poetik mühitinə salmaq istedadı vardır: "İlk simfoniya" poemasını oxuyarkən əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan, şair oxucunu musiqi salonundan çıxarıb, qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir. "Heykəl və heykəlin qardaşı" poemasında müharibə səhnələri ilə sülh dövrünü təsərrüfat-quruculuq mənzəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir…"
Filmin adı | İl | Ssenari müəllifi | Əsər müəllifi | Quruluşçu rejissor | Aktyor | İştirakçı | Haqqında | Filmin növü | |
---|---|---|---|---|---|---|---|---|---|
Daş | 1977 | Qısametrajlı Cizgi Filmi | |||||||
Sənət Sevincləri | 2001 | Ədəbi-bədii proqram | |||||||
Yeddi Duyum | 2002 | Sənədli televiziya filmi | |||||||
Son Nəfəs | 2009 | Qısametrajlı sənədli televiziya filmi | |||||||
Sənətkar Ömrü | 2009 | Sənədli televiziya filmi | |||||||
Gələcəyin şairi | 2010 | Sənədli televiziya filmi | |||||||
Əli Kərim | 2013 | Qısametrajlı sənədli televiziya filmi | |||||||
Yadigarlar(06.01.2015 tarixli veriliş) | 2013 | Televiziya verilişi | |||||||
Könül Dünyamız(01.11.2015 tarixli veriliş) | 2015 | Televiziya verilişi | |||||||
Könül Dünyamız(13.04.2019 tarixli veriliş) | 2019 | Televiziya verilişi | |||||||
Sətirlər(05.03.2020 tarixli veriliş) | 2020 | Televiziya verilişi | |||||||
Ovqat(17.01.2022 tarixli veriliş) | 2022 | Televiziya verilişi |
Feyzi Mustafayev. "Dinmə, ey kədər" (PDF). Cavanşir Yusifli. "Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış". Cavanşir Yusifli. "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi". Altay Məmmədov. "Tanıdığım Əli Kərim". Sona Xəyal. "Əli Kərim" (PDF). Elza Kərimova. "Nə xoşbəxt imişəm". İfrat Əliyeva. "Çırağı Sönməyən Poeziya".
Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi dövrdə Göyçay Rayonunda Şair Əli Kərimin məzarı ətrafında Əli Kərim adına park salınmış, heykəli ucaldılmışdır. Bununla yanaşı Bakı, Göyçay, Sabirabad Şəhərlərində Əli Kərimin adını daşıyan küçə, Sumqayıt da Əli Kərim adına poeziya klubu, Xocalı rayonunda isə Əli Kərim adına tam orta məktəb vardır. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əli Kərimin seçilmiş əsərləri nəşr edilmişdir.[3]