Maksim Qorki adına Ədəbiyyat İnstitutu

Maksim Qorki adına Ədəbiyyat İnstitutuMoskvada (Rusiya) humanitar profilli ali məktəb. İnstitut Maksim Qorkinin ədəbi fəaliyyətinin 40 illiyi ilə əlaqədar "Yazıçılara ifadə imkanlarını artırmaq, peşəkarlıqlarını yüksəltmək, hərtərəfli inkişaf etmələri üçün təhsil mərkəzi, köhnə ədəbi irsi tənqidi şəkildə mənimsəmək və SSRİ xalqlarının bədii ədəbiyyatının öyrənilməsi üçün laboratoriya kimi" yaradılıb.[1] 1933-cü ildə M. Qorkinin təşəbbüsü ilə (1946-cı ildən M. Qorkinin adını daşıyır) axşam fəhlə ədəbiyyat universiteti kimi açılıb. 1936-cı ildən SSRİ Yazıçılar İttifaqının nəzdində (1936–1939-cu illərdə axşam institutu, 1963–1965-ci illərdə qiyabi institut kimi) fəaliyyət göstərmişdir və indiki adı ilə adlandırılıb. 1942-ci ildə əyani və qiyabi şöbələrə bölünüb.[2]

Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Xəritə
55°45′44″ şm. e. 37°36′08″ ş. u.HGYO
Əsası qoyulub 1933
Ölkə
Sayt litinstitut.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hazırda instituta qəbul yazıçı və tərcümə qabiliyyətlərini təsdiq edən müsabiqə vasitəsilə həyata keçirilir. İnstitutda müəllim heyəti ilə yanaşı yazıçı və şairlər də işləyirlər. Onlar müxtəlif ədəbi janrlar üzrə yaradıcı seminarlar keçirirlər.

İnstitutun nəzdində Ali Ədəbiyyat Kursları (qeyri-humanitar təhsilli yazıçı və şairlər üçün), Ali Bədii Tərcümə Məktəbi, Redaktorlar kursu, Korrektorlar kursu və N. A. Bonkun xarici dil kursları fəaliyyət göstərir.

İnstitutda K. Paustovski, Konstantin Simonov, Yuri Trifonov, Çingiz Aytmatov, Rəsul Həmzətov, E. Vinokurov, V. Sokolov, Fazil İsgəndər, Y. U. Moriyu, A. Pristavkin, Bella Axmadulina, Yevgeni Yevtuşenko, Robert Rojdestvenski, Oljas Süleymenov kimi görkəmli yazıçılar oxuyub və dərs deyiblər.

SSRİ-nin digər respublikaları ilə yanaşı Azərbaycandan da Əli Kərim, Nəbi Xəzri, Asif Əfəndiyev, İsa Hüseynov, Əkrəm Əylisli, Nəriman Həsənzadə, Fikrət Qoca, Salam Qədirzadə, Səfər Alışarlı, Natiq Rəsulzadə, Nəsib Nəbioğlu, Umud Rəhimoğlu, Nazim Əhmədli, Saday Budaqlı, Maarif Soltan, Zahid Sarıtorpaq, Murad Köhnəqala, Şaiq Vəli, Etimad Başkeçid, Aslan Kəmərli, Orxan Fikrətoğlu kimi yazıçı və şairlər Qorki adına Ədəbiyyat İnstitutunu bitiriblər. Müstəqillik illərindən sonra isə, institutun nəzdindəki Ali Ədəbiyyat kurslarını bitirən ilk azərbaycanlı — Moskvada yaşayan şair, tərcüməçi Afaq Şıxlı olmuşdur.

1953-cü ildən institutun nəzdində ali ədəbiyyat kursları fəaliyyət göstərir. 1983-cü ildə institut Xalqlar Dostluğu Ordeni ilə təltif olunub. 1992-ci ildən Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin idarəçiliyinə keçirilib.

Artıq 70 ildir ki, institut Tver bulvarı 25 ünvanında, Moskvanın mərkəzində, Puşkin meydanının yanında yerləşir.

Bura tarixi bir yerdir. Yazıçı, filosof Aleksandr Gertsen burada doğulub, S. Xomyakov, P. Y. Çaadayev, T. N. Qranovski, Nikolay Qoqol, K. S. Aksakov kimi slavyanpərəst və qərbyönümlülər bu binada mübahisə edib, E. A. Boratınski, M. S. Şepkin və onlar kimi çoxlu artist, yazıçı, rəssamlar görüşüb.

XX əsrdə burada Sergey Yesenin, Aleksandr Blok, Vladimir Mayakovski çıxış edib, 1928-ci ildə, İtaliyadan qayıdandan sonra Maksim Qorki ədəbiyyatşünaslarla bu məkanda görüşüb. Fligelin ərazisində Andrey Platonov (iyirmi il), Osip Mandelştam, D. Andreyev, Boris Pasternak, V. İvanov, S. N. Serqeyev-Tsenski, L. S. Sobolev və başqa məşhur yazıçılar yaşayıb.[3]

XX əsrin 20-ci illərində bu binada ədəbiyyat muzeyi və o dövrdə Moskvada olan onlarla yazıçı təşkilatları fəaliyyət göstərdi. Burada müxtəlif jurnalların redaksiyaları ("Ədəbi mövqedə", "Bayraq") və nəşriyyatlar yerləşib.[4][5][6]

Hazırda təhsil prosesi ixtisas proqramı ilə ("ədəbi işçi", "ədəbi tərcüməçi") əyani və qiyabi olaraq həyata keçirilir. İnstituta qəbul üçün yaradıcılıq müsabiqəsi (bədii mətnlər təqdim olunur), rus dili (mətn), rus ədəbiyyatı (test), yaradıcı etüd (yazılı), yaradıcı söhbət (şifahi) kimi imtahanlardan keçmək lazımdır.

İnstitutda tədris sistemi humanitar və ictimai fənn kurslarını, bədii ədəbiyyatın janr və bölgülərinə görə — proza, poeziya, dramaturgiya, uşaq ədəbiyyatı, ədəbi tənqid, publisistika, bədii ədəbiyyat tərcüməsi yaradıcılıq seminarları əhatə edir.

Rus klassik ədəbiyyatı və slavyanşünaslıq, yeni rus ədəbiyyatı, xarici ədəbiyyat, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, rus dili və stilistikası, xarici dillər və ictimai elmlər, ədəbi ustadlıq, bədii tərcümə kimi kafedralar işləyir.

İnstitutun aspirantura, doktorantura, namizədlik və doktorluq dissertasiyaları üzrə dissertasiya şurası var.

Həmçinin institutun nəzdində qəbul üçün lisey və hazırlıq kursları da mövcuddur.[7]

  1. Вячеслав Огрызко. "Без лишних словесных игр. Кто руководил Литинститутом в первые десятилетия его существования". «ru:Литературная Россия». 2017-01-19. 2019-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-19.
  2. "Литературный институт имени А. М. Горького". На Пресне. 2018-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
  3. "Литературный институт – 80". Литературная газета. 2013-04-12. 2018-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
  4. Анастасия Чернова. "Литературный институт в годы Великой Отечественной войны". Соты. 2015-06-20. 2018-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
  5. "Литературный институт имени А. М. Горького". Энциклопедия «Москва». 2018-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
  6. "80 лет назад открылся Литературный институт имени Горького". Новости культуры. 2013-12-03. 2018-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
  7. "Общая информация". Литературный институт имени А.М. Горького. 2018-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]