Əli bəy Verdiyev — ilk azərbaycanlı mühəndis-pilotlardan biri.[1]
Əli bəy Verdiyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Yelizavetpol |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
Rusiya İmperiyası SSRİ |
Uşağı | Nuriyə Verdiyeva |
Təhsili | |
Fəaliyyəti | mühəndis-pilot |
Vikianbarda əlaqəli mediafayllar |
Əli bəy Verdiyev 1891-ci il yanvarın 1-də Yelizavetpol şəhərində (indiki Gəncə) anadan olub.[2] Verdiyev Yelizavetpol gimnaziyasını bitirdikdən sonra, Qori müəllimlər seminariyasına daxil olub. 1910-cu ildə Əli bəy Verdiyev Parisə yola düşüb. Burada o, Fransa Politexnik Məktəbinin mühəndis-mexanik fakültəsində avia və avtonəqliyyat vasitələrinin təmiri ixtisası üzrə təhsil alıb.[1]
Verdiyev Fransanın müxtəlif hava nəqliyyatı müəssisələrinin əməkdaşı olduğu zaman aviasiya ilə maraqlanmağa başlayıb. Birinci Dünya Müharibəsi illərində mühəndis-mexanik işləmişdir. Əli bəy Verdiyev 1916-cı ildə Fransanın aviapilotaj məktəbində hazırlıq kursu keçmişdir. Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsi tərəfindən verilən aviasiya patentinə əsasən, Əli bəy Verdiyev 1916-cı il iyunun 22-də "pilot-aviator" normativlərini tam yerinə yetirərək bu ada layiq görülmüşdür.[1]
Əli bəy Verdiyev məzunu olduğu məktəbdə qalmış və buradakı rus kursantlarına uçuş dərsləri vermişdir. Verdiyev paralel olaraq təlimçi kimi yeni konstruksiyalı təyyarələrin sınaq uçuşlarında iştirak edir[3] və həmçinin mühəndis-mexanik kimi təyyarələrin sazlığına nəzarət edirdi.[4]
1918-ci ildə Əli bəy Verdiyev öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinə qayıdıb. Verdiyev Bakı şəhərində mühəndis-mexanik kimi əmək fəaliyyətini davam etdirib. 1920-ci ildə ölkədə sovet hakimiyyəti qurulub. Yeni hakimiyyətə təzə mütəxəssislər lazım idi, Verdiyev də bu mütəxəssislərdən biri idi. O, 1923-cü ildə toxuculuq sənayesi üçün dəzgahlar alınması üçün Lion şəhərinə ezam olunub.[3]
Əli bəy Verdiyev Böyük Vətən müharibəsi illərində Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Plan Komitəsində işləyib. Verdiyev 1953-cü ildən 1957-ci ilədək Dövlət Plan Komitəsinin material balanslar şöbəsində böyük mühəndis vəzifəsində çalışıb. 1957-ci ildə təqaüdə çıxıb. Buna baxmayaraq, o, öz köhnə kollektivi ilə işləməyə davam edirdi.[3]
Əli bəy Verdiyevin ölümündən sonra qızı Nuriyyə xanım ona aid olan bəzi materialları Azərbaycan Tarixi Muzeyinə təhvil verib.[3]