Əmir Əmiran Ömər — Eldəniz şəhzadəsi Məhəmməd Cahan Pəhləvan və İnanc xatunun oğlu.
Əmiran Ömər | |
---|---|
Şəxsi məlumatlar | |
Milliyyəti | Türk |
Atası | Məhəmməd Cahan Pəhləvan |
Anası | İnanc Xatun |
Dini | İslam |
Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın idadəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi.[1] Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu.[1][2]
Cahan Pəhləvanın əmrindəki məmlüklər və əmirlər də taxt iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın tərəfində idi. Əmirbar Mahmud Anasıoğlu, Qəzvin əmiri Nurəddin Qara, Natanz hakimi Nurəddin Qıran Huvan, Rey əmiri Siracəddin Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini dəstəkləyirdilər. Cəmaləddin Ay-Aba, Seyfəddin Rus və Cəmaləddin Öz-Aba Qutluq İnanc ilə Əmir Əmiran Ömərin, İzzəddin Miyak əl-Atabəyi, Qaragöz əl-Atabəyi, Bəşir və Sevinc Aba sultan III Toğrulun tərəfini tuturdular.[3]
Oğulları Qutluq İnancın və Əmir Əmiran Ömər hakimiyyətə gəlməsini istəyən İnanc xatunun narazılığına baxmayaraq, əmirlərin əksəriyyəti belə bir nəticəyə gəldilər ki, Cahan Pəhləvanın varisi məhz Qızıl Arslan olmalıdır. 1186-cı ildə Onlar sədaqətlərini Qızıl Arslana bildirərək, ondan Həmədana gəlməyi və dövlətin idarəsini öhdəsinə götürməyi xahiş edirlər. Sultan III Toğrul da Qızıl Arslanı özünün atabəyi təyin etməyə məcbur oldu.[4]
Bir qədər sonra narazı III Toğrulla Qızıl Arslan arasında mübarizə başlandı. III Toğrul 1190-cı ilin oktyabrında Qızıl Arslanın üzərinə hücuma keçdi. Qızıl Arslan digər rəqibi İnanc xatunun oğulları ilə barışıq imzaladı, onları öz yanında xidmətə götürdü və nəhayət mərhum qardaşının dul qalmış arvadı İnanc xatunla evləndi. Beləliklə yalnız bu tədbirlərdən sonra 1191-ci ildə III Toğrulla qarşılaşan Qızıl Arslan Sultanı məğlub edərək həbsə atdı.[5] 1191-ci ildə Sultan Qızıl Arslanın ölümündən sonra taxt müharibələri yenidən başladı. Bu müharibələrdə Cahan Pəhləvanın oğulları, Əbu Bəkr, Əmir Əmiran Ömər və Qutluq İnanc əsas rol oynayırdılar.[6]
Azərbaycan Əbu Bəkr, Həmədan və ətraf vilayətləri isə Cahan Pəhləvanın İnanc xatundan olan oğlanları Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömər zəbt etdilər. İnanc xatunun özü Reydə qaldı.[7] 1193-cü ildə qardaşlar birləşərək Təbrizi ələ keçirdilər və digər qardaşları Əbu Bəkrin üzərinə hücuma hazırlaşmağa başladılar. 1193-ci ilin axırlarında Təbriz yaxınlığında baş verən döyüşdə Əbu Bəkr qalib gəldi. Qutluq İnanc Zəncana, Ömər isə Şirvana qaçdı.[7]
Şirvanşah I Axsitana sığınan Əmir Əmiran Ömərə I Axsitan tərəfindən hərbi qüvvə ilə yardım göstərildi. 1203-cü ildə Həmçinin Gürcü çariçası Tamardan da hərbi dəstək alan Ömər, birləşmiş qoşunlarla Şəmkir və Beylaqan döyüşlərində Əbu Bəkri ağır məğlubiyyətə uğratdı. Əmir Əmiran və gürcülərin hərbi qüvvələri Gəncəyə hücum etdilər. Gəncə əhalisi "kafirlərlə" gəldiyinə görə təslim olmayacaqlarını bildirdilər.[8] Əmir Əmiran Ömər Gəncəni ilə ələ keçirdi. Gürcü qoşunları Gəncəni tərk etdikdən sonra isə əhali tərəfindən hücuma məruz qalan Əmir Əmiran öldürüldü.[9]