III Toğrul

Sultan III Toğrul (116919 mart 1194, Rey) — Arslan şahın oğlu və sonuncu İraq Səlcuq sultanı.

III Toğrul
Toğrul ibn Arslan şah
fars. طغرل سوم
1176 – 1194
ƏvvəlkiArslan şah
1191 – 1194
ƏvvəlkiQızıl Arslan
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri Rey
Atası Arslan şah
Həyat yoldaşı İnanc xatun
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1175-ci ildə Atası Arslan şah Həmədanda ölüm ayağında olarkən İraq Səlcuq sultanlığının idarəsini Məhəmməd Cahan Pəhləvana tapşırdıqdan ona tapşırdıqdan az sonra vəfat edir. Atabəy, Arslan şahın 7 yaşlı oğlu III Toğrulu 1177-ci ildə sultanlıq taxtında əyləşdirir, özü də onun atabəyi olur.[1]

Sultan III Toğrulun əmisi şahzadə Məhəmməd onun hakimiyyətini qəbul etmir və III Toğrul hakimiyyətə gətirildikdən sonra İsfahana gedərək Atabəy Cahan Pəhləvana qarşı qoşun yığmağa başladı. Lakin məğlub edildi və əsir alınaraq Sərcahan qalasında həbsə atıldı.[2]

Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın iradəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi.[3] Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu.[3][4]

Cahan Pəhləvanın əmrindəki məmlüklər və əmirlər də taxt iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın tərəfində idi. Əmirbar Mahmud Anasıoğlu, Qəzvin əmiri Nurəddin Qara, Natanz hakimi Nurəddin Qıran Huvan, Rey əmiri Siracəddin Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini dəstəkləyirdilər. Cəmaləddin Ay-Aba, Seyfəddin Rus və Cəmaləddin Öz-Aba Qutluq İnanc ilə Əmir Əmiran Ömərin, İzzəddin Miyak əl-Atabəyi, Qaragöz əl-Atabəyi, Bəşir və Sevinc Aba sultan III Toğrulun tərəfini tuturdular.[5]

İnanc xatunun narazılığına baxmayaraq, əmirlərin əksəriyyəti belə bir nəticəyə gəldilər ki, Cahan Pəhləvanın varisi məhz Qızıl Arslan olmalıdır. 1186-cı ildə Onlar sədaqətlərini Qızıl Arslana bildirərək, ondan Həmədana gəlməyi və dövlətin idarəsini öhdəsinə götürməyi xahiş edirlər. Sultan III Toğrul da Qızıl Arslanı özünün atabəyi təyin etməyə məcbur oldu.[6]

Qızıl Arslana olan bu münasibət, mövqeyinin möhkəmlənməsi İnanc xatunu heç də qane etmirdi. O, mərhum ərinin sabiq məmlükləri Əmir Camaləddin Ay-Aba və Seyfəddin Rusla gizli danışığa girərək, onların Sultan III Toğrulun tərəfinə keçmələrinə nail oldu.[7] Zəncan, Əbhər və Marağa hakimləri də onlara qoşuldular. 1187-ci ildə Həmədan yaxınlığında birləşmiş qüvvələrlə Qızıl Arslanın ordusu arasında bir neçə gün davam edən döyüşlərdən sonra Qızıl Arslanın ordusu geri çəkildi.[8]

Bundan sonra Sultanın əmri ilə onun tərəfdarları Qızıl Arslanın tərəfdarlarına divan tutmağa başladılar. Belə ki, III Toğrulun vəziri İzzəddin, Həmədanın rəisi Fəxrəddin, Qızıl Arslanın əmirləri Siracəddin Qaymaz, Bədrəddin Qaragöz və başqalan öldürüldü. Bundan sonra yerli hakimlər, xüsusən ətraf ərazinin hakimləri Sultanla əlaqəni kəsməyə başladılar.[9]

Qızıl Arslan əvvəlcə Bağdad xəlifəsi ən-Nasir Lidinillaha müraciət etdi. Xəlifə ən-Nasir Qızıl Arslanın təklifini qəbul etdi və Cəlaləddin ibn Yunisin başçılığı ilə Həmədana qoşun göndərdi. Həmədan ətrafındakı Day-Mərgdə meydana gələn döyüşdə Qızıl Arslanın gəlməsini gözləməyib döyüşə girən xəlifə qüvvələri 6 may 1188-ci ildə III Toğrul tərəfindən darmadağın edildilər.[10]

Məğlubiyyət xəbərini eşidən xəlifə təcili ikinci bir ordu təşkil etdi və başına da Mücahidəddin Xalis əl-Xassi gətirdi. 1188-ci ilin dekabrında Xəlifə ilə Sultan arasında ikinci vuruşma meydana gəldi. Bu dəfə III Toğrul Həmədanı tərk edib İsfahana qaçdı və Abbasi ordusu paytaxtı tutdu. Qızıl Arslan da buraya gəldi. Həmədanda xəlifənin əmriylə taxta Qızıl Arslan oturduldu və Bağdadda onun adına "hökmdar və möminlər əmirinin köməkçisi" adıyla xütbə oxuduldu.[11]

Qızıl Arslanın Həmədanda olmasından istifadə edən sultan III Toğrul öz qoşunu ilə Uşnu, Xoy, UrmiyaSəlmas şəhərlərinə soxulub, hər yeri talan etdi[12]Səlahəddin Əyyubiyə müraciət edərək, yardım göstərməsini xahiş etdi. Səlahəddin, Qızıl Arslanla III Toğrulu barışdırmağa cəhd göstərsə də bu heçbir nəticə vermədi. Əvvəl barışığa razı olan III Toğrul, yenidən Qızıl Arslanla müharibə etmək qərarına gələrək, 1190-cı ilin oktyabrında Qızıl Arslanın üzərinə hücuma keçdi. Qızıl Arslan digər rəqibi İnanc xatunun oğulları ilə barışıq imzaladı, onları öz yanında xidmətə götürdü və nəhayət mərhum qardaşının dul qalmış arvadı İnanc xatunla evləndi. Beləliklə yalnız bu tədbirlərdən sonra 1191-ci ildə III Toğrulla qarşılaşan Qızıl Arslan Sultanı məğlub edərək həbsə atdı.[13]

Cahan Pəhləvanın silahdaşlarından olan Mahmud Anas 1192-ci ildə sultan III Toğrulu həbsdən çıxardı. Qutluq İnancın üzərinə hücuma keçən III Toğrul Qəzvin yaxınlığındakı döyüşdə İnancın 15 minlik qoşununu məğlub etdi. Ordusunun xəyanətinə uğrayan Qutluq İnanc Reyə çəkildi. Bu qələbədən sonra sultan III Toğrulun təntənəli surətdə Həmədana daxil oldu və yenidən sultan taxtına sahibləndi.[14]

Məğlub olan Qutluq İnanc xarəzmşah Təkişə elçilər vasitəsilə III Toğrula qarşı mübarizə üçün yardım istədi. Xarəzmşah Təkiş Əcəm İraqında vəziyyətin gərginliyindən istifadə edərək, 1193-cü ilin əvvəlində Əcəm İraqını işğal etmək üçün qoşun göndərdi. Xarəzm qoşunları hücuma keçərək Reyi və Təbərkək qalasını ələ keçirdilər. Qutluq İnanc Xarəzmşah qoşunlarının qüvvəsindən qorxaraq, qaçıb Sərcahan qalasında sığındı. Bundan istifadə edən edən III Toğrul Təkişə külli miqdarda bəxşiş göndərdi və Qutluq İnanca qarşı mübarizədə ondan kömək dilədi. Kömək əvəzi olaraq III Toğrul öz qızını Təkişin qardaşı Yunis xana verdi və hətta onun adı ilə pul kəsdirməyə, onun adına xütbə oxutmağa söz verirdi.[15]

Bu vaxt xarəzmşah Təkişin qardaşı Sultanşah ona qarşı üsyan qaldırdı, Gürgənci zəbt etdi və Xarəzmi mühasirəyə aldı. Ona görə də Təkiş zəbt olunmuş torpaqlardan xərac toplayaraq, Rey və Təbərəkdə əmir Tamqaçın başçılığı ilə Xarəzm qoşun dəstələrini qoyub tezliklə Xarəzmə qayıtdı.[16] III Toğrul Xarəzmşahın getməsindən istifadə edərək, 1193-cü ilin mart-aprelində Xarəzmşahların qoşun dəstəsinə hücum edərək, onları qılıncdan keçirdi. Rey və Təbərək qalasını ələ keçirdi və məğlub olaraq öldürülmüş Əmir Tamqaçın başını Xarəzmə göndərdi.[17]

Hadisələrin belə şəkil alması İnanc xatunu III Toğrula münasibətdə siyasəti dəyişməyə vadar edir. O, III Toğrula müraciət edərək, dostluq münasibətləri və özünün sərvətləri müqabilində onunla evlənmək təklifini qəbul etməyi xahiş edir. Lakin evləndikdən az sonra Toğrula xəbər verirlər ki, İnanc xatun onu zəhərləmək fikrindədir. Bu xəbər Toğrula çatan kimi təşkil etdiyi sui-qəsd İnanc xatunun özünə qarşı istifadə edilir və İnan xatun öldürülür.[18]

1193-cü Xarəzmşahın hücum xəbərini eşidən III Toğrul təcili surətdə qoşunları ilə Reyə tərəf üz qoydu və əsas qüvvələrinin yaxınlaşmasını gözləmədən Xarəzmşahla müharibəyə girmək qərarına gəldi. 1194-cü ilin martın 4-də III Toğrul 60 nəfər qulamla Rey yaxınlığında Xarəzm ordusunun Qutluq İnancın başçılıq etdiyi qabaq dəstələri üzərinə hücuma keçdi. Toqquşma zamanı oxla gözündən yaralanaraq və atdan yıxılan Sultan, Qutluq İnanc tərəfindən öldürüldü və başı Xarəzmşaha aparıldı. Xorazmşah Tuğrulun başını Bağdada Abbasi xəlifəsinə göndərdi[19]

  1. Azərbaycan tarixi.313.
  2. Ziya Bünyadov.s.59–60.
  3. 1 2 Süleyman Əliyarlı.s.121.
  4. Azərbaycan tarixi.314–315.
  5. Əkbər N. Nəcəf.s.35.
  6. Azərbaycan tarixi.314
  7. Süleyman Əliyarlı.s.122.
  8. Əkbər N. Nəcəf.s.35–36.
  9. Ziya Bünyadov.s.71.
  10. Erdoğan Merçil.s. 95.
  11. Əkbər N. Nəcəf.s.36.
  12. Süleyman Əliyarlı.s.123.
  13. Azərbaycan tarixi.316.
  14. Ziya Bünyadov.s.77–78.
  15. Azərbaycan tarixi.317–318.
  16. Ziya Bünyadov.s.78.
  17. Azərbaycan tarixi.318.
  18. Ziya Bünyadov.s.79.
  19. Ziya Bünyadov.s.80–81.
  • Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136–1225-ci illər) Bakı, "Şərq-Qərb", 2007, 312 səh.
  • Əkbər N. Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından — XIV əsrə qədər). Bakı: Qanun, 2010
  • Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III–XIII əsrin I rübü). Bakı. "Elm". 2007. 608 səh. — 24 səh.
  • Erdoğan Merçil. İldenizliler: Azurbaycan Atabegleri, Doğuştan Günümüze Büyük İslam Tarihi, İstanbul 1993, c. 8.
  • Süleyman Əliyarlı. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, "Çıraq", 2007. 400 səh.