Əmir Qeyb bəy Ustaclı — Şah Təhmasibin hakimiyyəti zamanı xidmətdə olmuş Ustaclı boyuna mənsub Səfəvi əmrlərindən biri. Təbriz, Damğan və Bistam hakimi.
Əmir Qeyb bəy Ustaclı | |
---|---|
Fəaliyyəti | Səfəvi sərkərdəsi |
Tanınır | Təbriz, Damğan, Bistam hakimi, Herat bəylərbəyi |
Vikianbarda əlaqəli mediafayllar |
Ustaclı boyuna mənsub əmirlərdən biri olan Əmir Qeyb bəy Ustaclının adına mənbələrdə Sultan Süleymanın 1548-ci ildə Azərbaycana hücumu zamanı rast gəlinir. 1548-ci ildə Sultan Süleyman bir qədər ordu ilə Üləmanı Van qalasını mühasirə etmək üçün göndərdi. Özü isə Təbrizə doğru hərəkətə başladı. Bundan xəbər tutan Şah Təhmasib isə Təbriz yaxınlığında Şənbi Qazan adlanan yerdə ordusunun avanqard hissəsini osmanlılar üzərinə göndərdi. Əmir Qeyb bəy Ustaclı bu zaman digər Ustaclı əmiri Bədr xan Ustaclınınh köməkçisi idi. O az sayda əsgər ilə Mərəndə hücum çəkərək osmanlıları püskürdüb qaçırdı. Buna baxmayaraq Osmanlı qoşunu yeni gələn qüvvələrlə daha da güclənib Səfəvi avanqard birliyini məğlub etməyə nail oldu.[1]
Həsən bəy Rumlu “Əhsən ət-Təvarix” əsərində hadisələrin gedişatını belə təsvir edir:
“Xondgar Divrigi yolundan Bargiriyə gəlib, Üləməni bir dəstə rumi ilə Van qalasını əhatə etməyə göndərdi. [Özü isə] oradan Təbrizə tərəf hərəkətə gəldi və Xoy qəsəbəsindən Əli paşanı, Məhəmməd paşanı, Əhməd paşanı, Heydər paşanı və Əlqas mirzəni qırx min süvari ilə Mərənd çəmənindəki adlı-sanlı əmirlərin üzərinə sürətlə yürüş etməyə göndərdi. Bu tərəfdən Abdulla xanı, Şahverdi sultan Ziyadoğlunu və Əli sultanı qaravulluğa göndərdilər və peşəsi qələbə qazanmaq olan qazilər Kərdbişədə Rum qoşununun ön dəstəsinə çatdılar. Lakin Rum əsgərlərinin sayı qızılbaş qoşunlarından çox idi və [onlar] dalğalanan dəniz kimi dəstə-dəstə bir-birinin ardınca gəlib çatırdılar. Əmir Qeyb bəy Ustaclu da döyüş əhlinin bir dəstəsi ilə yola düşdü. Onlar Rum qoşununun ön dəstəsi ilə vuruşa-vuruşa əmirlərə tərəf üz tutdular. Əlqas mirzə və paşalar Mərənd çəməninə çatdıqda o zaman artıq Abdulla sultan və b. sultanlar köç edib getmişdilər və yalnız yaxşı təchiz olunmuş iki min nizədar süvari [rumilərə] basqın etmək xəyalı ilə [orada] qalmışdı. Onlar döyüş meydanına üz qoydular və [geri çəkilən] qazilər yüyənlərini dartıb hərb etdilər. Rumilər elə bildilər ki, bu pusqudur və cürətlərini itirdilər. [Lakin] vuruşub-çalışdıqdan sonra bunun pusqu olmadığını öyrəndilər. Onlar cəsarətlənib hücum etdilər. Qazilər döyüşədöyüşə özlərini savaş meydanından çıxardılar və rumilər [onların] bu igidliyindən xoflandılar və qorxdular. Əmirlər və b. qazilər Əşkənbər mənzilində qələbə nişanlı orduya qoşuldular.”[2]
1551-ci ildə Yaka türkmənləri Astrabad hakimliyinin Şahverdi bəy Keçələ keçməsi səbəbi ilə üsyana qalxdılar. Yaka Türkmənləri ilə Ustaclılar arasında baş verən döyüşlərdə Şahverdi bəy Keçəl öldürüldü. Yaka türkmənləri şəhərdə zorakılıqla məşğul olub talançılıq etməyə başladılar. Bundan xəbər tutan şah Əmir Qeyb bəy Ustaclını ustaclılara kömək üçün Astrabada göndərdi.[3]Əmir Qeyb bəy bu zaman Damğan və Bistam hakimi idi. O Astrabada gəlib şəhərdə hakimiyyəti öz əlinə aldı. Şahverdi bəyin öldürülməsi və Aba adlı şəxsin üsyanı barədə şaha ətraflı məlumat verdi.[4][5]
1552-ci ildə Şah Təhmasib II İsmayıl Mirzəni Ərzuruma göndərən zaman Əmir Qeyb bəy Ustaclı onun sərəncamına verilən əmirlərdən biri idi.[6]Onlar Ərzuruma çatdıqda Osmanlı şahzadəsi də Ərzuruma doğru hərəkətə başladı. Tərəflər araında baş verən toqquşmada İsmayıl Mirzə ilk əvvəl Əmir Qeyb bəy Ustaclını, Məhəmməd bəy Türkməni və Ədhəm bəy Rumlunu savaş meydanına həmlə etmək üçün göndərdi. Onlar xeyli osmanlı əsgərini öldürməklə döyüşə başladılar.[7]
1553-cü ildə Sultan Süleymanın əmri ilə Osman paşa Şahruza hücum çəkən zaman buranın ahkimi Sürxab Kürd adlı şəxs Zələm qalasına sığınaraq Şah Təhmasibdən kömək istədi. Şah Təhmasib Bədr xan Ustaclını və Əmir Qeyb bəy Ustaclını kömək üçün onun yanına göndərdi. Onlar osmanlılardan bir neçə şəxsi əsir götürdülər. Osman paşanı geri püskürtdülər nəticə də o qalanın mühasirəsini dayandırıb geri qayıtdı. [8]
Hicri 966/1558-59-cu illərdə Şahzadə Bəyazid Təbrizə yaxınlaşarkən onu qarşılamaqçün Şah Təhmasibin göndərdiyi dəstədə Əmir Qeyb bəy Ustaclı da var idi. Rumlu yazır:[9]
“Sultan Bayəzid dinin pənahı olan şahın dərgahına yollanıb bayraq və sancağını İraq səmtinə yüksəltdi. Elə ki, Təbriz şəhərinə çatdı, o diyarın hakimi Əmirqeyb bəy Ustaclu əzəmətli seyidlər, hörmətli nəqiblər, əyan-əşrəflər, böyüklər, bazar adamları və əsnaflarla birlikdə onu qarşılamağa çıxdılar. Qələbəlik və izdiham tamam çölü və dağı bürüdü. Dar yollarda o qədər camaat toplanmışdı ki, heç bir bayramda və Novruzda o qədər adam müşahidə olunmamışdı.”
Buradan məlum olur ki, Bəyazid Təbrizə doğru yola düşən zaman Əmir Qeyb bəy Ustaclı bu şəhərin hakimi idi.
Əmir Qeyb bəy Ustaclının qardaşı yasavulbaşı Vəli bəy Ustaclı Van hakimi Xosrov paşa, Əli ağa Qapıçıbaşı və iki yüz nəfərlər birgə 1562-ci ildə Qəzvinə gəldi. Bu zaman daha əvvəldən Osmanlı sarayına göndərilmiş Əmir Qeyb bəy Ustaclı da onunla birgə Qəzvinə, Səfəvi sarayına qayıtdı. Onlar həmin ayın 17-də şah sarayına yetişib Osmanlı sultanının məktubunu təqdim etdilər. Əmir Qeyb bəy daha öncəcən göndərilən Fərruxzad bəyin heyətində idi. 1562-ci ildə məktubda yazıldığı kimi şahın əmri ilə Bəyazid və uşaqları Osmanlılara təslim edilib öldürüldü.[5]
1564-cü ildə Heratda Qazaq xanın rəhbərliyi ilə baş verən üsyan tezliklə Səfəvi qoşunu tərəfindən yatırılmışdı. Mənbələrin verdiyi məlumata görə Şah Təhmasibin Herat bölgəsinə xüsusi bir bağlılığı var idi və ona görə də Heratdakı qiyama son qoyulması onun böyük sevincinə səbəb oldu. Onun sərəncamına əsasən, Herat qiyamının yatırılamsında iştirak etmiş şahzadələr, əmirlər, əyanlar və digərləri şah mükafatlarına layiq görüldülər. Şah Təhmasib eyni zamanda Heratda idarəçiliyin nizama salınması barəsində qərar qəbul etdi və bu şəhərin hakimi vəzifəsinə Məşhəd vilayətinin hakimi Əmir Qeyb bəy Ustaclını təyin etdi. Bununla Heratda Qazax xanın rəhbərliyi altında baş qaldıran qiyama da son qoyuldu.[10]
Rumlu yazır:
“Qazağın qətlindən sonra dinin pənahı olan şahın əmrinə uyğun olaraq, Qəzvin şəhərinə tərəf hərəkətə gəldi. Əmir Qeyb bəy Ustaclunun Herat hakimi vəzifəsinin öhdəsindən gələ bilmədiyi aydınlığa qovuşduqda dinin pənahı olan şah yenidən Xorasan vilayətinin hökumət yüyənini o həzrətin iqtidar ovcuna verdi və o, həmin tərəfə doğru yola düşdü. Şahqulu sultan Yegan o həzrətin xidmətində idi.”[11]
“Xülasüt-təvarix” əsərinin müəllifinin yazdığına görə, Xan Əhməd Səfəvi şahına çatdırmışdı ki, 350 ildən artıqdır ki, Gilan onun nəslinə mənsubdur və bu vilayəti buraxaraq heç yerə getmək niyyətində deyil. Bu cavab isə Şah Təhmasibi qane etmədi. Çünki Xan Əhmədin mövcudluğu dövründə Gilanda itaətsizliyin aradan qalxacağı inandırıcı deyildi. Ona görə Şah Təhmasib fərman verdi ki, Azərbaycanın və İraqın qoşunları toplansın və Xan Əhməd itaətsizliyinin yatırılması üçün Gilana göndərilsin. Bu qoşunlara təcrübəli qızılbaş əmirləri rəhbərlik etməli idilər.[12]
Bu əmirlərin içində o zaman Kürdistan və Luristan hakimi olan Əmir Qeyb sultan Ustaclı da vari di. Rumlu yazır:
Ali mənşəli əmirlər əğyarın məşəqqəti (düşmənin müqaviməti) olmadan Gilan məmləkətinin gəlinini ağuşa çəkdilər (Gilan məmləkətini ələ keçirdilər). Nəzər bəy Ustaclu, Əmir Qeyb bəy Ustaclu, Qoç xəlifə Möhürdar, Pirə Məhəmməd xan Ustaclu, Əmiraslan bəy Əfşar və Heydər bəy Türkman döyüşkən süvarilərdən və tüfəng atan piyadalardan [ibarət] bir dəstə ilə Taliqan yolu ilə getdilər.[13]
Lahican üsyanı zamanı Allahqulu sultan buraya hakimlik edirdi. Şah Gilanın itirilməsindən qorxuya düşüb həm də mövcud üsyanı yatırmaq məqsədilə Qoç Xəlifə Möhürdarı və Əmir Qeyb bəy Ustaclını buraya üsyanı dəf etməyə göndərdi. Ustaclı və Qəribli qorçuları da onlarla göndərildi. Onlar baş verən döyüşdə Əmir Dəbbacı məğlub edib öldürdülər. Nəticədə Lahican üsyanı yatırıldı.[5]
Vəli bəy Ustaclı - Əmir Qeyb bəy Ustaclının qardaşı, Səfəvi əmirlərindən biri. Osmanlı sarayına elçi kimi göndərilmişdi.