Əmir Surğan Sulduz

Əmir Surğan Sulduz (1310-1344), Elxanlı əmiri, Əmir Çoban SulduzSultan Satıbəy xatunun oğlu.

Əmir Surğan Sulduz
Əmir Surğan Əmir Çoban oğlu Sulduz
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri Diyarbəkir
Fəaliyyəti hərbi lider[d]

Azərbaycan tarixində səhifə açmış şəxsiyyətlərdən biri də Əmir Çoban Sulduz (?-1328) idi. Əmir Çobanın doqquz oğlu vardı. Bunlardan biri Əmir Surğan ana tərəfdən Çingizoğulları uruğuna bağlı idi. Onun anası Satıbəy xatun Sultan Məhəmməd Xudabəndə Olcaytu xan Elxanın (1304–1316) qızıydı. Əmir Surğanın adı ilkin mənbələrdə Suyurqan kimi də yazılır.

Əmir Surqan Sulduzun anası Satıbəy xatın 1339-cu ildən 1340-cı ilədək Azərbaycanın hakimi olmuşdu. Qardaş-qohumları isə elxanlılar dövlətinin ictimai-siyasi yaşamında mühüm rol oynamışdılar. Sulduz elinin, Çobanlı soyunun tarixi haqqında tariximizdə kifayət qədər bilgi olduğundan ətraflı söhbətdən yan keçib, Əmir Surğanın tarixçəsi ilə kifayətlənəcəyik.

1334-cü ildə Qarabağ hakimi Məhəmməd bəy Quşçu bir sıra əmirlərə ittifaqa girib Sultaniyyədə Əbu Səidə qarşı iğtişaş qaldırdı və son nəticədə tutularaq həbs olundu. Qarabağın idarəsi əmir Surğan Sulduza tapşırıldı.

1335-ci il Qarabağ tarixində əlamətdar ilə çevirildi. Qızıl Orda qoşunlarının növbəti hücumunun qarşısını almaq və düşmənə ciddi zərbə endirmək məqsədi il Əbu Səid Bağdad, Diyarbəkr və s. vilayətlərin qoşun hissələrini Arrana topladı və özü də dövlət əyanları ilə Qarabağa gəldi. Lakin, o, feodal ara çəkişmələrinin qurbanı olur və zəhərlənərək öldürüldü. Fövqəladə vəziyyətlə əlaqədar vəzir Qiyasəddin Rəşidinin başçılığı ilə Əkrənc (Öyrənc bəy Uyqur), Artuqşah bin Ələğu, Surğan və s. əmirlər və dövlət əyanları Qarabağda təcili olaraq Arpa Kavunu padşah elan edirlər. Arpa xan Özbəyin hücumunun qaşısını aldı və Qarabağda məskən saldı. Həmin ildə o, qoşunla Qarabağdan Marağaya getdi və Musa xana qarşı mübarizə apardı. Əmir Surğanın anası elxan Arpa Kavunla evləndiyindən işi daha da irəlilədi.

Sultan Əbu Səidin ölümündən sonra mərkəzi dövlətin tənəzülə uğraması, parçalanması və nəhayət, süqutu Qarabağa da öz təsrini göstərmişdi. Qarabağ hakimi əmir Surğan və anası Satıbəy xatun Hülakular dövlətində şiddətlənən feodal ara müharibələrinin fəal iştirakçılarına çevrilirlər və demək olar ki, ən mühüm məsələlərdə həlledici mövqe tuturdular. Bu, ilk növbədə, Sultan Olcaytunun qızı, Əbu Səidin bacısı Satıbəy xatunun Hülakular dövlətinin hüquqi sahibi və taxt-tacın yeganə varisi olması ilə bağlı idi.

Əmir Surğan Musa xanın dayağı olan Əli Padşah Oyrota qarşı bir neçə dəfə vuruşmuşdu. Tarixçi Həmdullah Mustovfi Qəzvini yazır: "Vəzir öz dövlətilç qürrələnib Arpa Kavunu əmir Çobanın oğlu əmir Surğan və başqa əmirlərlə birlikdə çoxlu qoşunla Arran Qarabağından onların döyüşünə getməyə şirnikləndirdi. Onlar təcili olaraq (yola düşdülər) və Marağa vilayətində Cağatu çayının yanında onlara (Əli Padişahın qoşununa) çatdılar, (vəzir) güclü düşməni aciz sandı. 736-cı ilin ramazan ayının 17-də çərşənbə günü (24.IV.1336), vəzirin tale ulduzu sayılan Müştəridin alovlandığı bir gündə vuruşmağa başladılar. Vəzir dalbadal səhv etdi, (belə) ki, o, vuruşma zamanı Arpa Kavunu mərkəz cəbhədə qoyub özü sol cinahda dayandı. Arpa Kavunun və bəxtiyar vəzirin tərəfində çoxlu, saysız-hesabsız, təlim görmuş qoşun hissələri olmasına baxmayaraq, Allahın nəzəri və asimanın nüsrəti (icazəsi) o tərəfə idi".[1] Əmir Surğan Sulduz bu savaşda məğlub olub Gürcüstana çəkilmişdi.

Əmir Surğan Məhəmməd xan və onun himayədarı olan Şeyx Həsən Cəlair ilə ittifaq bağlayıb Musa xana qarşı mübarizə apardı və qələbə əldə olunduqdan sonra yenidən Qarabağın idarəsi ona tapşırıldı. Tarixçi Həmdullah Mustovfi Qəzvini yazır: "Ilk döyüşdə əmir Ukrənc, Mahmud Əsən Qutluq və başqaları Musa xana və əmir Əli Padşaha nifrət etdiklərindən onlardan üz döndərdilər və onları çətin vəziyyətə qoydular. Surğan, Hacı Tuğay və başqaları əmir Əli Padişah və Oyrat qəbiləsi ilə vuruşmağa başladılar, onları öz yerlərindən çıxartdılar, Əli Padişahı və o qəbilədən bir çoxlarını öldürdülər. Musa xan başqa Oyrat əmirləri ilə qaçdı".[2]

Əmir Surğan bu savaşdan sonra anasını da götürüb Muğana getmiş, ordan da Qarabağa adlamışdı.

Əmir Şeyx Həsən Cəlair eyş-işrətə qurşandığından Azərbaycanın adlı-sanlı əmirləri ondan üz döndərmişdilər. Etdiklərindən peşman olan Cəlair əmiri hara gedəcəyini bilməyib sonda pənah yeri kimi Qarabağa üz tutmuşdu. Onunla Satıbəy xatun və Əmir Surğan arasında əhd-əlaqələr yenilənmiş, dostluq müqaviləsi bağlanmışdı.

Həmin arada Əmir Surğanın etibarı çoxalmışdı. Toğay Teymur xan onunla ittifaq bağlamışdı. O, Hacı Toğay Sutaylı ilə Musa xanın üstünə yürüş edib qalasından çıxarmış, əsir tutub Şeyx Həsən Cəlairə vermişdi.

1338-ci ildən hakimiyyət uğrunda mübarizə aparan feodal qrupları, ilk növbədə, çobanlılarla cəlairlər arasında bağlanan müqaviləyə əsasən, Qarabağ, Arranın tərkib hissəsi kimi, Satıbəy xatun və əmir Surğanın sərancamında qalır. Çox keçmədən, Qarabağ hakimi Sultan Satıbəy xatun Şeyx Həsən Çobanlının təşəbbüsü ilə Hülakular dövlətinin padşahı hesab olunur. Bu dövrdən başlayaraq Qarabağ uzun müddət çobanlıların və onların davamçıları olan əşrəfilərin fəaliyyəti ilə bağlı tarixi hadisələrin mərkəzində durmuşdu.

1339-cu ildə Şeyx Həsən Cəlair Cahan Teymur xanı (1339–1340) elxan elan edərək Satıbəy xatundan aralandı. Şeyx Həsən Çobanlı da Süleyman xanı (1340–1344) elxan taxtına əyləşdirib zorla Satıbəy xatunu ona ərə verdi. Çobanlılarla cəlairlərin mübarizəsi kəskinləşdi.

1340-cı ildə çobanlılar cəlairlərlə məsələni həll etmək qərarına gəldilər. Toplantı yeri Ucanı seçdilər. Tarixçi Həmdullah Mustovfi Qəzvini yazır: "Hicri 740-cı ilin şəvval ayına (31. III-28. IV 1340) bərabər olan xanı ilin 39-cu baharında əmir Şeyx Həsən Çobani Sultaniyyədən Ucana gəldi. Əmir Pir Hüseyn Çobani Şirazdan, xalq (arasında baş vermiş) çaxnaşmadan qaçıb gəldi və ona qoşuldu. Süleyman xan Təbrizdən, Əmir Surğan isə Qarabağdan gəlib çatdılar. Ucana çoxlu adam toplaşdı. O tərəfdən Əmir Şeyx Həsən Ulcatay Cahan Teymur xanın xidmətindlə Bağdad qoşunu ilə birlikdə onlarla (Çobanilərlə) vuruşmaq məqsədilə Azərbaycana yürüş etmişdi və Təğtu çayına qədər gəlmişdi. Bu adamlar da Ucandan onların üstünə getdilər. 740-cı ilin zilhiccə ayının son çərşənbə günü (21. IV. 1340) Təğtu ətrafında tərəflər üzləşdilər və vuruşmağa başladılar. Əmir Pir Hüseyn Çobanlı bu vuruşmada böyük igidlik göstərdi və kiçik bir dəstə ilə bağdadlıların mərkəz cəbhəsinə hücüm etdi. Onun qəhrəmanlığından şücaətlənən Çobanilərin sol cihanındakı əmirlər-İbrahimşah Sutayi, Ordu Buğa Turini, Hacı Yaqubşah Sulamişi və Mahmud Zəkəriyyə bağdadlıların sağ cinahında vuruşan Məhəmməd Isən Qutluğa, Inaq Müsafirə və başqalarına qalib gəldilər. Inaq Müsafir bu vuruşmada öldürüldü. Cahan Teymur xan, əmir Şeyx Həsən Ulcatay və Bağdad qoşunu qorxaraq geri çəkildi. Əmir Şeyx Həsən Çobani bir gün onların dalınca getdi, lakin onları tapmadığı üçün öz geri qayıtdı və qardaşı əmir Məlik Əşrəfi bir dəstə bahadırla onların ardınca göndərdi. Onlar Kənqur hüduduna kimi getdilər, (lakin) heç bir adamı tapa bilmədilər və geri döndülər.

Əmir Şeyx Həsən Çobani Təlbar yolu ilə Nohəmadan şəhərinə getdi və oradan Suqurluq yolu ilə 741-ci ilin səfər ayında (27.VII.1340) Təbrizə daxil oldu. Fərmana əsasən əmir Surğanı Iraq-i Əcəm əmarətinə təyin etdilər".[3] Əmir Surğan qardaşı Məlik Əşrəf tərəfindən tutularaq zindana salındı.

Əmir Surğan Qarabağa 1343-cü ildə qayıtdı. Qardaşı Əmir Yağı Basdı ilə birləşib digər qardaşı Məlik Əşrəfə qarşı çıxdı. Məlik Əşrəf onların üstünə yürüş etdi. Şəmkir ətrafında qarşılaşdılar. Əmir Surğan və Yağı Basdı məğlub olub qaçdılar.

Əmir Surğanın Qarabağda hakimiyyəti başa çatdı. 1344-cü ildə Təbrizdən qaçıb Diyarbəkirə getdi. Orda yerli hakim Əmir İlkan Cəlayır tərəfindən öldürüldü.

  1. Həmdullah Mustovfi Qəzvini. Bakı: Elm, 1986, səh.21.
  2. Həmdullah Mustovfi Qəzvini. Bakı: Elm, 1986, səh.24.
  3. Həmdullah Mustovfi Qəzvini. Bakı: Elm, 1986, səh.47-48.
  • Ənvər Çingizoğlu. Qarabağ hakimi Əmir Surğan Sulduz. "Soy" dərgisi, 9(17), 2008, səh.79-83.
  • Ənvər Çingizoğlu. Sulduz eli. "Soy" dərgisi, Bakı, 2010.