Ənuşirəvan mirzə Qovanlı-Qacar (d. 1833, Ərdəbil, Qacar imperiyası - ö. 1899, Təbriz, Qacar imperiyası) — Qacar şahzadəsi, diviziya generalı. Ziya əd-Dövlə və Əmir Tuman titullarına sahib olan Ənuşirəvan Mirzə həm siyasətçi olmuş, həm də qubernator vəzifələrində çalışmışdır.
Ənuşirəvan mirzə Qovanlı-Qacar | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1833 |
Doğum yeri | |
Vəfat yeri | |
Uşağı | Sultan Məcid mirzə Qovanlı-Qacar |
Atası | Bəhmən mirzə Qovanlı-Qacar |
Anası | Mələk Sultаn хаnım Məhəmmədtаğı mirzə qızı |
Ənuşirəvan Mirzə Qacar imperiyasının vəliəhdi olmuş Abbas Mirzənin nəvəsi, Bəhmən Mirzənin oğlu olmuşdur. Digər qardaşlarından fərqli olaraq, Azərbaycanda və ya Rusiya imperiyasında yox, Qacar torpaqlarında fəaliyyət göstərmişdir.
Ənuşirəvan Mirzə 19 avqust 1833-cü il tarixində Ərdəbil bölgəsində dünyaya gəlmişdir. O, 23 oktyabr 1899-cu ildə Təbriz şəhərində apopleksiya və iflic xəstəlikləri nəticəsində vəfat etmişdir. Ənuşirəvan Abbas Mirzənin nəvəsi və şahzadə Bəhmən Mirzənin birinci oğludur. Bəhmən Mirzə Qacar Məhəmməd şah Qacar dövründə Azərbaycan vilayətinin valisi olmuşdur. Anası isə Bəhmən Mirzənin əsas arvadı və şahzadə Məhəmməd Tağı Mirzə Hassam əs-Səltənin qızı Malek Soltan Xanım idi.[1][2][3][4] Bəhmən Mirzə Tehran sarayının gözündən düşməsindən sonra 1848-ci ildə Rusiya hakimiyyəti altında olan Qarabağa gəldi. Onun ardınca da Qacar torpaqlarındakı övladları və arvadları da onun yanına gəldi. Lakin bundan qısa müddət sonra, 1850-ci ildə Ənuşirəvan Mirzə Təbrizə geri döndü. Tehrandakı rus səfirlərindən olan Knyaz Dolqorukov 1851-ci ildə Qafqaz canişini Knyaz Vorontsova yazırdı ki, Nəsirəddin şahın anası onu öz qzlarından biri ilə evləndirmək fikrindədir. Şahın anasının bunda məqsədi oğlu ilə əmisi oğlunu barışdırmaq idi və Ənuşirəvan bunu sevinclə qarşılayırdı. 1852-ci ilin sentyabrında Şuşaya atasının yanına gəlmiş və gəldiyi zaman atasının Təbrizdə qalmış ailə üzvlərini də özü ilə gətirmişdi. Bir müddət keçdikdən sonra Bəhmən Mirzə onu yenidən Təbrizə yola saldı. 1854-cü ildə bəlli oldu ki, Ənuşirəvan Mirzəni şah ailəsindən nişanlısı ilə evləndirmək fikirləri yoxdur. Buna etiraz olaraq Tehrana gedən Ənuşirəvan Mirzə bəstə oturmuş, lakin sonda saray məmurlarının təlqinləri nəticəsində aldadılaraq bəsti sonlandırmışdır. Saray məmurları onu aldadaraq rus səfiriliyinə təhvil vermiş, onlar da Tiflisə yola salmışdılar. Tiflisə gələn Ənuşirəvan Mirzənin sərgərdan dolandığını eşidən atası digər oğlu Rzaqulu Mirzəni göndərib onu yanına gətirtdi. Bəhmən Mirzə onu hədələmişdi ki, əgər gəlməsə illik 2 min gümüş pulluq təqaüdünə son veriləcək. 31 martda Şuşaya gəlmiş, burada bir müdət qaldıqdan sonra yenidən Təbrizə yola salınmışdır.[5] Ənuşirəvan Mirzənin əmisinin oğlu Nəsrəddin şah Qacar 1872-ci ildə Bəhmən Mirzəni əhv etdikdən sonra Ənuşirəvan Mirzəyə də yüksək vəzifələr verilməsinə başlanıldı. Ənuşirəvan Mirzə 1873-cü ildə Turşizin, 1878-ci ildə Talışın, 1881-1882-ci və 1884-1886-cı illərdə Təbrizin, 1898-1899-cu illərdə də Semnanın, Damğanın və Şadrudun hakimi vəzifələrini yerinə yetirdi. O, 1888-1889-cu illərdə Bürucird və Luristanın hakimi olmuş, 1891-ci ildə qüdrətli qubernator və dövrünün baş komandanı Həsən Əli Xan Qarrousinin “Əmir Nezam” adından Kirmanşah vilayətinin vəziri olmuşdur. O, bundan başqa Nəsrəddin şah tərəfindən Ziya əd-Dövlə titulunu qəbul etmiş, bir müddət keçdikdən sonra isə müasir mənasında general anlamına gələn Əmir Tümən rutbəsinə yüksəldilmişdir.[6]
Tomas Stevens 1887-ci ildə öz səyahət gündəliyi olan Around the World on a Bicycle da yazmışdı:[7]
İndi Simnan, Damğan və Şahrudun hakimi olan Şahzadə Ənuşirəvan Mirzə şahın əmisinin oğlu, şahın əmisi və Təbrizin keçmiş hakimi Bəhmən Mirzənin oğludur. Bəhmən Mirzənin ruslarla gizli planlar hazırladığı üzə çıxdıqdan sonra o, şahın intiqamından qorxaraq ölkəsindən qaçmış və ruslar arasında sığınacaq tapmışdır. O, indi əgər ölməyibsə, haradasa Qafqazda sürgündə yaşamaqdadır. Lakin atanın rüsvayçılığı şahın onun oğullarına qarşı yanaşmasına xələl gətirmədi, şahzadə Ənuşirvan və onun oğulları öz ölkələrinin dostunu və düşmənini ayırd etməyi, buna uyğun davranmağı bacaran adamlar kimi şah tərəfindən hörmət və etimad göstərmişdirlər. Hakimin sarayı şəhərin şimal qapısından o qədər də uzaqda deyil. İranda onsuz heç bir şeyin edilməyəcəyi adət edilmiş çay və qəlyan mərasimindən sonra, o, mənim ən yaxşı formada irəliləməyimi görmək üçün əsasıyla gözəl bir yola doğru yeridi. İran israfçılığının bir nümunəsi olaraq - çox yumşaq desək - hər yerdə olduğu kimi burada da qeyd etmək olar ki, Qubernator Şahrudda onun müavini vəzifəsini icra edən oğluna şəhərdən kənarda mənimlə bir neçə mil yol getdiyini teleqraf etdi!). Axşam saatlarında valinin oğullarından biri, Şahzadə Sultan Məcid Mirzə bir neçə qabaqcıl adamla bir saat söhbət etmək və siqaret çəkmək üçün içəri girdi. Bu gənc şahzadə ölkədə tanış olduğum ən ağıllı iranlılardan biri olduğunu sübut edir; O, əyalət iranlıları üçün çox məlumatlı olmaqla yanaşı, parlaq və çevikdir...
Ənuşirəvan Mirzə 1850-ci ildə ilk evliliyini etmişdir. Onun birinci və əsas arvadı (o dövrün adlandırması ilə Gəlin Xanım) Badiye ül-Camal Xanım Məhəmmədhəsən xan İrəvaninin qızı idi. Anası olan Maxrusar Xanım Fəxr üd-Dövlə isə Ənuşirəvanın atası Bəhmən Mirzənin doğma bacısı idi. Ənuşirəvan Mirzə ikinci evliliyini Şahzadə Məhəmməd Tağı Mirzə Hessam əs-Səltənənin nəvəsi, Əmir Teymur Mirzə Hesaminin qızı ilə həyata keçirmişdir. Onun iki oğlu və iki qızı olmuşdur:[8][9]