Ərəş (şəhər)

ƏrəşAzərbaycanın qədim şəhərlərindən biri. Şirvan ərazisində, indiki Yevlax rayonunun Xaldan qəsəbəsinin sahəsində mövcud olmuşdur.

Ərəşin adına XV əsrə qədərki mənbələrdə təsadüf olunmur. Ehtimal etmək olar ki, Ərəş şəhər kimi məhz bu zamandan mövcuddur. Tarixçi Əmin Əhməd Razinin fikrincə, Ərəşin əsası Ənuşirəvan (Sasani hökmdarı I Xosrov) tərəfindən qoyulmuşdur. İndiki Xaldan kəndini xalq arasında Ərəş də adlandırırlar. Haqqında söhbət gedən əsl Ərəşin mərkəzi, ehtimal edidiyinə görə, Xaldandan üç kilometr şərqdə, Nemətabad deyilən kənddədir. XVI əsrdə ingilis səyyahları Ərəşin adını bütün Cənubi Qafqazın iri ipəçilik mərkəzi kimi çəkirlər. Ceffri Deketin yazdığına görə, Ərəş Şamaxıdan dəvə yolu ilə 4 günlük məsafədə yerləşirdi. A.Cenkinson yazırdı: "Ölkənin Ərəş adlanan baş və ən varlı ticarət şəhəri Gürcüstan sərhədində yerləşirdi. Onun ətrafında hər şeydən çox xamna istehsal olunur. Ticarət etmək üçün bura türklər, suriyalılar və başqa əcnəbilər gəlirdi". C.Deket də bunu təsdiq edərək yazırdı ki,"bu ölkənin başlıca əmtəəsi... Ərəş adlanan şəhərdə bol olan xamnadır".

Yenə də həmin mənbənin məlumatına görə, Ərəş bazarlarında, hər bağlamada bir funt olan 100 min funtluq müxtəlif növ, o cümlədən rənglənmiş (al) ipək almaq olar. 15 unsiyaya bərabər 1 funt çəkisi olan hər bağlama 5 pensə bərabər 23 şahıya satılırdı. Beləliklə, ipəyin funtu 11 şillinq 6 pensə başa gəlirdi. A.Edvards göstərirdi ki, hər ata 50-60 batman yük vurmaqla 3000-4000 atı yükləmək olar.

Bu, təqribən 240 min batmana bərabər idi. Venesiyalı Minadoi Ərəşin adını Səfəvilər dövlətinin başlıca şəhərləri sırasında çəkir. O yazırdı: "Ərəş tacirlərin sadəcə "tatoxes" adlandırdığı gözəl ağ ipəyi xeyli miqdarda istehsal edirdi". Minadoi daha sonra yazırdı ki, Osmanlı dövləti ilə müharibə gedişində fəlakət və dağıntılar nəticəsində həmin ərazidə indi daha ipək istehsal edilmir.