Ərəfsə piri

Ərəfsə piriCulfa rayonunun Ərəfsə kəndində оrta əsrlərə aid dini ziyarətgah. Ziyarətgahın iki böyük otağı, cənub və şimal tərəfə eyvanları var. Əsas ziyarət obyekti nisbətən böyük ölçüyə malik mərkəzi otaqdakı qəbirdir.

Əlincəçayın sоl sahilindəki təpənin üstündə yerləşir.

Buranın pir olması barədə dəqiq məlumat yoxdur. Lakin yerli əhali arasında rəvayətə görə, nə vaxtsa üç ərəb burada məskən salıb yaşamışdır. Sonradan kənd meydana gəlmişdir. Ərəblər öləndən sonra yanaşı dəfn edilmiş və və onların qəbirləri ziyarətgaha çevrilmişdir. Kəndin adı məhz "üç ərəb" mənasında "ərəb" və farsca "sə" (üç) sözlərin birləşməsindən əmələ gəlmişdir.

Pir ətrafında arxeoloji araşdırmalar zamanı Son Tunc və İlk Dəmir dövrlərinə aid keramika parçaları tapılmışdır. Təpə üzərində mədəni təbəqə müşahidə edilməmişdir. Təpənin şose yoluna tərəf olan cənub yamacında forması bilinməyən tikililər və qəbirlər mövcud olmuşdur.

Pir ətrafındakı ərazidə keramika parçalarının əksəriyyəti qara rəngli, yaxşı cilalanmış boyalı qab qırıqlarıdır. Buradan antik dövrə aid cilalanmış qəhvəyi rəngli keramika parçaları da aşkar edilmişdir. Qara rəngli bir neçə keramika parçasından birinin üzərində oyma üsulu ilə çəkilmiş üç xəttin arasında qalan iki cərgə aralığa bir-birindən, təxminən 0,5 santimetr aralı nöqtələr vurulmuşdur. Qara rəngli keramikadan biri kasa formalı qabın ağız hissəsidir.

Pirin adının kəndin adından götürüldüyü, sak türklərinin adı ilə bağlı olduğu barədə fikirlər mövcuddur.

  • Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 113