Əsəd Oqtay İldıran (türk. Esat Oktay Yıldıran; 15 fevral 1949 – 22 oktyabr 1988, İstanbul) — Türkiyə hərbçisi. O, Kipr əməliyyatında iştirak etmiş və 1980-ci il dövlət çevrilişindən sonra Diyarbəkir həbsxanasında daxili təhlükəsizlik komandiri vəzifəsində çalışmışdır. İldıranın Diyarbəkir həbsxanasında işlədiyi müddətdə məhbuslara işgəncə verdiyinə dair iddialar var. O, 22 oktyabr 1988-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür. İldıranın nəşi Ədirnəqapı şəhidliyində dəfn edilmişdir.
Əsəd Oqtay İldıran | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 fevral 1949 |
Vəfat tarixi | 22 oktyabr 1988 (39 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | mayor |
Əsəd Oqtay İldıran 1974-cü ildə Kipr əməliyyatında xidmət etmişdir.[1]
Əsəd Oqtay İldıran 12 sentyabr dövlət çevrilişindən sonra 24 fevral 1981-ci il tarixindən 1983-cü ilə qədər Diyarbəkir E tipli hərbi həbsxanasında təhlükəsizlik rəisi vəzifəsində çalışmışdır.[1][2] O, Ankaradan Diyarbəkirə göndərilmiş[3] və kiçik gizir Mövlud Ağqoyun əvəzinə bu vəzifənin icrasına başlamışdır.[4] İldıranın vəzifədə olduğu müddətdə məhbuslara işgəncə verməsi ilə bağlı iddialar var.[5][6][7]
İddialara görə, İldıran 1980-ci ildən sonra Diyarbəkir həbsxanasına təyin olunduqdan sonra həbsxanada fukoçu intizam üsulları tətbiq olunmağa başlanmışdır.[8][9][10] Onun türk dilini bilməyən məhbusları bir gecədə İstiqlal Marşı, Andımız, Gəncliyə xitab və Atatürk prinsiplərini əzbərlətdirdiyi haqqında məlumatlar mövcuddur.[10] İldıranın terror təşkilatı üzvü olduğu iddia edilən kürd məhbuslar üçün yeni həbsxana qaydaları hazırladığı bildirilir.[11]
İldıran ilə bağlı şikayətlər olsa da, istintaq və ya məhkəmə istəyi heç vaxt qəbul edilməmişdir.[12]
Əsəd Oqtay İldıran 22 oktyabr 1988-ci il tarixində həyat yoldaşı və oğlu ilə Ümraniyənin Sarıqazi səmtindəki hərbi mənzillərin qarşısındakı dayanacaqdan ictimai avtobusa minmişdir. Eyni dayanacaqdan avtobusa minən iki nəfər İldıranın oturduğu oturacağın arxasındakı sıraya keçmişdir. İzdihamlı avtobus saat 14:50-də Qısıqlı meydanındakı dayanacağa gəldiyi zaman dayanmış və qapılar açıldığı vaxt hücumçulardan biri atəş açmışdır. Arxadan açılan atəş nəticəsində güllələrdən ikisi İldıranın boynuna və kürəyinə dəymişdir. Bir güllə də avtobusdakı sərnişinlərdən birinə dəymişdir. Atəş açan iki hücumçu avtobusdan düşərək ərazidən qaçmışdır. İldıran və güllələnən digər sərnişin xəstəxanaya aparılmışdır. İldıran xəstəxanada vəfat etmişdir.[1][5][13] Sui-qəsdə görə məsuliyyəti PKK öz üzərinə götürmüşdür.[1]
Əsəd Oqtay İldıranın nəşi Ədirnəqapı şəhidliyi qəbiristanlığında dəfn edilmişdir.[14]
Əsəd Oqtay İldıran Türkiyə Silahlı Qüvvələrində xidmətə görə medalı və Prezident təqdir medalına layiq görülmüşdür.[15][16]