Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əs-sirətun-nəbəviyyə[1] (ərəb. السيرة النبوية; azərb. İslam peyğəmbəri həzrət Məhəmmədin həyatı) — Məhəmməd ibn İshaqın Həzrət Məhəmmədin (s) həyatı haqqında əsər[2].
Əs-sirətun-nəbəviyyə | |
---|---|
Müəllif | İbn İshaq |
Orijinalın dili | ərəb dili |
Bu kitab İslamın şəni uca peyğəmbəri Həzrət Məhəmmədin (s) həyatı haqqında yazılmış ilk əsərdir[3]. Başqa sözlə, həzrət Məhəmmədin (s) həyatı haqqında qələmə alınan və bizə gəlib çatan əsərlərin ən qədimi hesab olunur. Məhəmməd ibn İshaqın qələmə aldığı bu əsər, əsrlərdir ki, tarixçilərin istinad mənbəyi olmuş və olmaqdadır.[4]. Əsər iki cilddən ibarətdir. Əsər "həzrət Məhəmmədin Əbul-bəşər Adəm peyğəmbərə qədər olan söykökü" ilə başlayır və "İslam peyğəmbərinin (s) kəfənlənməsi və dəfni" adlı başlıqla bitir[5]
İbn Hişamın sirəsi adı ilə tanınan bu kitab, mədinəli Məhəmməd ibn İshaqın qələmə aldığı tarix kitabıdır ki, sonralar Əbdül-Məlik ibn Hişam onun üzərində işləmiş, müəyyən ixtisarlar və əlavələr etmişdir. İbn Hişamın özü də kitabın müqəddiməsində qeyd edir ki, o, sadəcə peyğəmbər (s) və onun əcdadları ilə əlaqəsi olmayan bir sıra mətləbləri ixtisar etmiş, qalan hissələri isə olduğu kimi saxlamışdır. Həmçinin, bir çox məqamlarda İbn İshaqın rəvayət etdiyi mətləblərdən sonra özü də şərhlər qeyd etmiş, müəyyən bir fikri isbat və ya rədd etməyə çalışmışdır[6]
Əbu Məhəmməd Əbdul-Məlik ibn Hişam Bəsrə şəhərində böyüyüb boya-başa çatmışdır. Tarixçilər onun doğum tarixini qeyd etməmişlər. Vəfat tarixinə gəlincə, bu barədə fikirayrılığı mövcud olsa da söylənilənlərdən belə nəticə çıxarmaq mümkündür ki, Əbu Məhəmməd Əbdul-Məlik ibn Hişam hicri-qəməri 213–218-ci illər arasında vəfat etmişdir. İbn Hişam uzun illər Bəsrədə yaşayıb bu şəhərin alimlərindən dərs aldıqdan sonra Misirə səfər etmişdir. Orada Şafei və başqaları ilə görüşmüş, onlardan da çox sayda hədis və şeirlər öyrənmişdir.[7]
Əbu Abdullah Məhəmməd ibn İshaq hicri-qəməri 85-ci ildə Mədinə şəhərində dünyaya göz açmış, hicri-qəməri 150-ci və ya 153-cü ildə Bağdad şəhərində dünyadan köçmüş və "Xızran" məzarlığında dəfn edilmişdir. Bağdada səfər edərkən dövrün xəlifəsi Mənsur Abbasinin görüşünə getmiş və bu görüş onun Bağdadda qalmasına, habelə bir qrup tarixçinin dediyinə görə, bu kitabın yazılmasına səbəb olmuşdur[8].[9]
Bu əsər 2012-ci ildə Şahin Yəhyayev[10] tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Tərcümə edilmiş əsərin redaktoru Mətanət Hüseynovadır. Kitabın nəşrinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 01 sentyabr 2010-cu il Dk-564/H saylı məktubu ilə icazə verilmişdir.[11]
İbn Hişamın başqa əsərləri də vardır ki, onlardan bəziləri, o cümlədən, "Ticanul-muluk" və "Mərifətu mulukuz-zəman" adlı əsərləri Misirdə nəşr edilmişdir.[12]