Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi — Azərbaycan Respublikasında dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 21 iyun 2001 |
Tabelik | Azərbaycan Respublikasının Prezidenti |
Baş qərargah | Bakı, Azərbaycan |
Ünvan | Əhməd Cavad küçəsi 16 |
Rəhbərlik | |
Sədr | Ramin Məmmədov |
Sədrin müavini | Gündüz İsmayılov |
Sədrin müavini | Sahib Nağıyev |
|
|
Rəsmi saytı | scara.gov.az |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən qurulan dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi mürəkkəb daxili və beynəlxalq vəziyyətdə dövlət quruculuğuna başlayan ölkəmiz üçün müstəsna əhəmiyyətə malik idi. Belə bir zamanda dövlətin dinə, eləcə də ölkədə fəaliyyət göstərən fərqli dini konfessiyalara və icmalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi vacib hesab edilirdi.
Müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası uğurla formalaşdırıldı. Ulu Öndərimizin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır.
Dövlət Komitəsinin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsi və digər vəzifələr qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.
Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 994 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 957-i İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
Ölkə ərazisində 2258 məscid mövcuddur.
Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.
Ölkədə ümumilikdə 748 pir və ziyarətgah müəyyən edilib.
İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-i isə qismən dağıdılaraq yararsız hala salınıb.
*Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeleyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır. Fond Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. Fondun əsas missiyası Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.
*Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır. İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Azərbaycan İlahiyyat İnstitutun bir fakültə (İlahiyyat fakültəsi) və və üç kafedra (Dinşünaslıq, İslamşünaslıq və Dillər və ictimai fənlər kafedraları) mövcuddur. Azərbaycan xalqının din sahəsində yüksəkixtisaslı kadrlara olan ehtiyacını beynəlxalq standartlar əsasında təmin etmək; İlahiyyat sahəsindəki problemləri araşdıran beynəlxalq standartlı tədqiqatlar aparmaq və nəşr etmək; İslam və digər dünya dinləri haqqında dərin biliyə yiyələnən, tərəfsiz və bütün konfessiyalara qarşı dözümlülüklə yanaşan din xadimlərini yetişdirmək; Milli, dini və əxlaqi dəyərləri qorumaqla Azərbaycan xalqının milli və mədəni inkişafına öz töhfəsini vermək Azərbaycan İlahiyyat İnstitutunun əsas missiyasıdır.
*Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2023-cü il tarixli qərarı ilə "Azərbaycan İlahiyyat İnstitutu" publik hüquqi şəxsin yanında "Bakı İlahiyyat Kolleci" publik hüquqi şəxs yaradılmışdır.