Əsmətxanım Məmmədova

Əsmətxanım MəmmədovaAzərbaycan Respublikası Milli Məclisinin II çağırış[1] deputatı, şərqşünas alim, Bakı Dövlət Universitetinin İran filologiyası kafedrasının dosenti.

Əsmətxanım Məmmədova
Şəxsi məlumatlar
Doğum tarixi 5 mart 1941(1941-03-05) (83 yaş)
Doğum yeri
Təhsili

Məmmədova Əsmətxanım Bəyəhməd qızı 1941-ci ildə Bakının Maştağa kəndində ziyalı ailəsində anadan olub, 1958-ci ildə C. Cabbarlı adına 187 nömrəli məktəbi əla qiymətlərlə bitirib və BDU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsinə qəbul olunub. 1963-cü ildə III kursda oxuyarkən "Fars ədəbi dili və Tehran dialektində baş verən fonetik dəyişikliklər" məruzəsinə görə Moskva Dövlət Universitetinin Fəxri fərmanı və fəxri tələbə bileti ilə təltif edilib. 1965-ci ildə universiteti bitirən Ə. Məmmədova Elmi Şuranın qərarı ilə kafedrada saxlanılıb, 1966-cı ildə AMEA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olub. Onun 2007-ci ildə nəşr olunan "Fars dilində vurğu" eksperimental tədqiqat işi yalnız fars dilçiliyi üçün deyil, həmçinin ümumi dilçilik üçün təcrübi nəticələrlə zəngindir. "Fars dilinin orfoqrafiyası" kitabı bu sahədə mütəxəssislər və tələbələr üçün əyani vəsait kimi nəzərdə tutulub. Alimin "Lətifələr, yumoristik hekayələr və tapmacalar" adlı ədəbi dil və danışıq dili ilə müqayisə əsasında (disklə birgə) çap olunan dərs vəsaiti fakültə tarixində ilk təcrübədir. Ə. Məmmədova bir sıra jurnalların redaksiya heyətinin üzvü və elmi ekspertidir.

Uzun illər pedaqoji təcrübəyə malik Əsmətxanım Məmmədovanın 150-yə yaxın məqaləsinin Azərbaycanda və xaricdə çap olunmuşdur. Xüsusi ilə vurğulamaq lazımdır ki, onun fars vurğusunun təbiətinə aid eksperimentə əsaslanan 60 səhifəlik məqaləsinin İranda müxtəlif dillərdə 4 dəfə çap olunmuşdur. Qeyd etmək lazımdır ki, alimin elmi axtarış və düşüncələrini ehtiva edən bu tədqiqat işləri fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

10 kitabın müəllifi Ə. Məmmədova Milli Məclisin həm I çağırış, həm də II çağırış seçkilərində 17 saylı Sabunçu-Əzizbəyov seçki dairəsi üzrə 2 dəfə deputat seçilib. Müstəqil Azərbaycan Respublikasının inkişafının erkən vaxtlarında bir çox qanun layihələrinin hazırlanması, əlavə və dəyişikliklər edilməsi ilə bağlı müzakirələrdə fəal iştirak etmiş, həmin illərdə vətəndaşların bir çox məsələlərinin həll olunmasına köməklik göstərməkdən əlavə daim pedaqoji fəaliyyətini davam etdirərək tələbələrinə elm öyrənmək yolunda köməkliyini əsirgəməmişdir.

7 aprel 2012-ci ildə Bakı Dövlət Universitetində tanınmış şərqşünas alim, İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədovanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Elton Məmmədov, Qənirə Paşayeva, Ombudsman Elmira Süleymanova, universitetin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev, Akademiyanın Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Xalq Artisti Əlibaba Məmmədov və digərləri iştirak etmişdir.