Əyyub Müseyib oğlu Hüseynov (2 sentyabr 1916, Xok, Şərur rayonu – 17 aprel 1998, Bakı) — azərbaycanlı rəssam, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1980), Azərbaycan Rəssamlar İttifaqının üzvü.[1]
Əyyub Hüseynov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | rəssam |
Təhsili |
Azərbaycan Rəssamlıq Texnikumu Tiflis Rəssamlıq Akademiyası |
Janr | realizm |
Mükafatları |
|
Əyyub Hüseynov 2 sentyabr 1916-cı ildə Xok kəndində anadan olmuşdur. İlk ixtisas təhsilini 1930–1935-ci illərdə Bakıda fəaliyyət göstərən Azərbaycan Rəssamlıq Texnikumunda almışdır. 1935–1941-ci illərdə Tiflis Rəssamlıq Akademiyasında təhsil almışdır.[1]
Ali təhsilini bitirdikdən sonra o, Naxçıvana qayıdaraq bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləmişdir.[2]
Ə. Hüseynov 1948-ci ildə Naxçıvandan Bakıya köçür. Burada bir vaxtlar təhsil aldığı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməklə yanaşı, müstəqil yaradıcılıqla məşğul olur. Belə ki, 1948-ci ildən ömrünün sonunadək burada dərs deyən Əyyub Hüseynov 1956–1965-ci illərdə məktəbin direktoru vəzifəsində çalışmışdır.[1][3][4]
1949-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuş, uzun müddət ittifaqın partiya komitəsinin sədri seçilmşdir. Üç çağırışda rayon deputatı olmuşdur. Uzun illər Azərbaycan Rəssamlıq Fondunun nəzdində bədii şuranın üzvü və sədri seçilmişdir.
Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının fondunda, şəxsi kolleksiyalar və özünün emalatxanasında saxlanılır.
Əyyub Hüseynov 17 aprel 1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.[2][5]
Əyyub Hüseynovun yaradıcılığı əsasən üç dövrə bölünür. Birinci dövr 1930–1950-ci illəri əhatə edir. Bu dövr onun sənət fəaliyyətinə başladığı erkən dövr kimi qiymətləndirilir. İkinci dövr yaradıcılığının məhsuldar dövrü olan 1960–1980-ci illərdir. 1980–1990-ci illər isə üçüncü dövrdür ki, artıq bu dövr yaradıcılığının yetkin dövrü kimi qiymətləndirilir.[4]
Naxçıvan Dövlət Dram Teatrında çalışdığı dövrdə o, tanınmış rəssam Şamil Qazıyevlə bir çox tamaşaların bədii tərtibatını və geyim eskizlərini hazırlamışdır. Bu dövrdə rəssam Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu", Səməd Vurğunun "Fərhad və Şirin", Osman Sarıvəllinin "Babək", Abdulla Şaiqin "Vətən", Nağı Nağıyevin "Polad", Əbülfəz Abbasquliyevin "Günəş doğur" və s. pyeslərə bədii tərtibat vermiş və geyim eskizləri çəkmişdir.[6]
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006 və 2016-cı illərdə rəssamın 90 və 100 illik yubileylərinə həsr olunmuş sərgilər təşkil olunmuşdur.[7][8][9] 2018-ci ildə Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Əyyub Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş "Avtoportret" sənədli filminin təqdimatı keçirilmişdir.[10][11]