2017 Qətər diplomatik böhranı — 2017-ci ilin iyun ayının ilk həftəsində Səudiyyə Ərəbistanının liderliyi ilə bir neçə ölkənin Qətər ilə diplomatik əlaqələrini kəsməsi hadisəsi[1][2]
Diplomatik əlaqələri kəsən ölkələr arasında Səudiyyə Ərəbistanı ilə eyni koalisiyada Bəhreyn, Misir, Yəmən (Hadi liderliyindəki hökumət)[3], BƏƏ, Liviya (Milli Hökumət)[4][5][6] və Maldiv adaları yer almışdır. Bir gün sonra onlara İordaniya da qoşulmuş, bu ölkə "Əl-Cəzirə" kanalının lisenziyasını da ləğv etmişdir.[7]
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Qətəri terrorizmi dövlət səviyyəsində dəstəkləməkdə və Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının 2014-cü ildə qəbul etdiyi razılaşmanı pozmaqda günahlandırdı.[8] Səudiyyə Ərəbistanı və digər ölkələr "Əl-Cəzirə" kanalını və Qətərlə İran arasındakı münasibətləri tənqid etdi. Qətər isə terrorizmlə mübarizə və hal-hazırda da davam edən İŞİD-ə qarşı hərbi əməliyyatlarda ABŞ-yə dəstək verdiyini bildirdi.[9]
İlkin təchizatın pozulması İran və Türkiyədən əlavə idxalın daxil olması ilə yüngülləşdirildi və Qətər Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın heç bir tələbi ilə razılaşmadığını açıqladı.[10] Koalisiyanın Qətər qarşısında qoyduğu tələblərə İranla əlaqələri dərhal kəsmək, Türkiyə ilə hərbi əməkdaşlığı dayandırmaq və "Əl-Cəzirə"nin bağlanması daxil idi.
27 iyul 2017-ci ildə Qətərin Xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman əl-Sani müxbirlərə açıqlaması zamanı Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin "inadkarlıq" nümayiş etdirdiyini və böhranı həll etmək məqsədilə heç bir addımın atılmadığını bildirdi. Əl-Sani Təhlükəsizlik Şurası, Baş Assambleya və "bütün BMT mexanizmlərinin" mövcud situasiyanı həll etmək üçün mühüm rol oynadığını da vurğulamışdır.[11] 24 avqust 2017-ci ildə Qətər hökuməti İranla diplomatik münasibətləri tam şəkildə bərpa edəcəklərini açıqlamışdır.[12]