Ağ ciyər adenomatozu – qoyunlarda, bəzən keçilərdə və s. heyvanlarda ləng inkişaf edən infeksion xəstəlik. Ağ ciyərdə şiş əmələ gəlməsi ilə xarakterizə olunur. İlk dəfə 1825-ci ildə Cənubi Afrikada təsvir edilmiş, 1894-cü ildə isə Ağ ciyər adenomatozu adı ilə Böyük Britaniyada qeydə alınmışdır. Avstraliyadan başqa bütün qitələrdə məlumdur. Yoluxma mənbəyi xəstə heyvanlardır. İnkubasiya dövrü bir neçə ildir, çox vaxt 4–9 ay çəkir. Diaqnoz klinik əlamətlərə görə qoyulur məsələn tənəffüs zamanı fitə bənzər səslərin çıxması, burundan çoxlu ifrazatın axması və s. laboratoriya üsulu və patoloji anatomik yarma ilə təsdiq olunur. Müalicəsi işlənilməmişdir. Ağ ciyər adenomatozu aşkar edilən təsərrüfatlar yararsız hesab olunur.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 145. ISBN 978-9952-441-02-4.