Ağa Əliyev

Ağaqurban Əliyev, Ağa Qurban oğlu Əliyev (1911 Göyçay-1997 Bakı) — xalq arasında Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı, Azərbaycanın əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, SSRİ dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor.

Ağa Əliyev
Digər adı Neftçi Qurban
Doğum tarixi
Doğum yeri Göyçay
Vəfat tarixi
Vəfat yeri Bakı
Fəaliyyəti geoloq

Ağa Əliyev 1911-ci ildə Göyçay şəhərində anadan olmuşdur[1]. O, 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş, neft və qaz yataqları geologiyası və kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnmişdir. Gənc geoloqun təyinatı Suraxanı rayonundakı Kaqanoviç NMİ-yə verilmiş və tezliklə baş geoloq vəzifəsinə təyin olunmuşdur.

1945-ci ildə dəniz kəşfiyyatının xüsusi tresti yaradılarkən dənizdə geoloji kəşfiyat işlərinə rəhbərlik Ağa Əliyevə tapşırılmışdır. Onun apardığı geoloji tədqiqatlar nəticəsində AbşeronBakı arxipelaqları sahəsində neft və qaz yataqlarının proqnozunu vermiş və geoloji axtarış və kəşfiyyat işlərinin harada aparılmasını əsaslandırmışdır. Ağa Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Xəzər dənizində bir sıra neft və qaz yataqları aşkar edilmişdir ki, bunlardan Neft Daşları, Gürgən-dəniz, Qum adası, Bahar və başqalarını göstərmək olar. Küryanı vilayətində isə Kürovdağ, Mişovdağ, Qalmas, Qarabağlı, Kürsəngə, Kəlaməddin və Abşeron yarımadasında Şabandaq, Qaradağ, Qaraçuxur neft və qaz yataqları kimi 20-yə yaxın zəngin neft və qaz yataqları açılmışdır. Neft Daşlarının kəşfindən sonra bu böyük antiklinal xəttin üstündəki Neft Daşlarının ardınca Günəşli, Çıraq, Azəri, Kəpəz kimi böyük ehtiyata malik neft yataqları aşkar olunmuşdur.

Ağa Əliyev neft geologiyası sahəsində təkcə tədqiqatlar aparmaqla kifayətlənmişdir. O, istehsalatda rəhbər vəzifədə çalışmaqla bərabər, həm də neftçi mütəxəssislərin hazırlanmasına qayğı göstərmişdir. İndiki Neft Akademiyasında 20 il pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1966-cı ildə professor Azərbaycan Dövlət Neft Sənaye Elmi Tədqiqat Layihə İnstitutuna baş geoloq-direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilmişdir. Onun neft və qaz yataqlarında flüidlərin yerləşmə qanunauyğunluqlarına həsr etdiyi tədqiqatlar həm nəzəri, həm də təcrübə baxımdan görkəmli neft alimlərinin böyük marağına səbəb olmuşdur.

Ağa Əliyevin 150-dən çox elmi əsəri və 3 monoqrafiyası çap olunmuşdur. Onun rəhbərliyi altında 15 nəfər geologiya-mineralogiya elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. O, iki Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı ordenləri ilə, SSRİ Dövlət Mükafatı laureatı və dörd Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə qiymətləndirilmişdir. İki çağrış Azərbaycan SSR Ali Sovetinin həm də Rəyasət heyəyinin üzvü olmuşdur. S. Orucov, Y. Səfərov və başqaları ilə birgə Neft Daşlarına gələn desantlardan olan Ağa Qurban oğlu Əliyev ömrünün 60 ildən çoxunu neft və qaz yataqlarının kəşfinə və səmərəli işlənməsinə sərf etmişdir ki, bu da közəl insanın, peşəkar bir neftçinin, öz sənətini sevməsinin və ondan zövq almasının parlaq bir nümenəsidir. Təsadüfi deyil ki, hələ 20-ci əsrin 50-ci illərdə "Neftçi Qurban" mahnısı Azərbaycanın böyük sənətkarı Bülbülün ifasında Azərbaycanlıların hər birinin qəlbindən gələn hissləri əks etdirirdi.

  1. "Ağa Qurban oğlu Əliyev". 2013-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.