Ağa Zeynal Ələkbərov

Ağa Zeynal Ələkbər oğlu Ələkbərov (27 dekabr 192217 fevral 1988) — Azərbaycan kinooperatoru.

Ağa Zeynal Ələkbərov
Doğum tarixi
Vəfat tarixi (64 yaşında)

Həyatı[redaktə | mənbəni redaktə et]

Ağa Zeynal Ələkbərov görkəmli sənətkar, teatr və kino aktyoru Ələsgər Ələkbərovun qardaşı oğludur. Əmisi Ağa Zeynalı Bakı kinostudiyasına gətirəndə gəncin hələ 18 yaşı tamam olmamışdı. Bir ildən sonra Böyük Vətən müharibəsi başlananda Ağa Zeynal da Sovet ordusu ilə birgə İrana göndərilir, TehranTəbriz şəhərlərində çəkilişlər aparır.

Kinostudiyada cəbhə üçün kino qruplar təşkil ediləndə həmin kino qrupların birinə təhkim olunur. Cəbhə kino operatoru kimi onun yolu Kerç, Odessa, Sevastopol, Tuapse uğrunda aparılan ağır döyüşlərdən keçir.

Ağa Zeynal Ələkbərov, müharibədən xeyli sonra oğlu Fikrəti Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına gətirib işə düzəldir. Fikrət Ələkbərov, hazırda kinostudiyada quruluşçu rəssam işləyir. O, indiyə kimi bir sıra filmlərə bədii tərtibat vermişdir.

1941-ci ilin axırlarında Ali Baş Komandanlıq Kerç yarımadasını tutmaq və Krımın azad edilməsi üçün zəmin yaratmaq məqsədilə Zaqafqaziya cəbhəsinin 44 və 51-ci ordularının qüvvəsi ilə FeodosiyaKerç desant əməliyyatına başladı.

Sevastopolun müdafiəçiləri sırasında cəbhə kinooperatorları da var idi. Qara dəniz donanmasının gəmilərində də bir neçə kinooperator çəkilişlər aparırdı. Krımda Zaqafqaziya cəbhəsi hissələrinin fəaliyyətini lentə almaq üçün BakıTbilisi kinostudiyalarının operatorları da cəlb olunmuşdular. Tapşırığı yerinə yetirmək təcrübəli kinoxronikaçılara – bakılılardan Vladimir Yeremeyev və Mirzə Mustafayevə, onların assistentlərinə həvalə edilmişdi.

Moskvalı kinooperator, həmin günləri belə xatırlayır: "Cəbhəyə gələn operatorlar, bir-birini çoxdan tanıyırdılar. Onlar Moskvada, kinoxronika üzrə keçirilən ümumittifaq konfranslarında iştirak etmiş, "Soyuzkinojurnal"larda cəbhə reportajlarını artıq götürmüşdülər. Lakin heç kim bir qədər sonra başına nələr gələcəyini təsəvvürünə belə gətirə bilmirdi.

Vladimir Yeremeyev və Mirzə Mustafayev cəbhə qərargahından mühasirəyə alınmış Sevastopola "Çexov" gəmisi ilə gəlmişdilər. Bu vaxt Sovet İttifaqının mərkəzi hissəsində cövlan eyləyən sərt hava şəraiti – şaxtalar Krıma da gəlib çatmışdı. Qara dəniz donanması və Azov hərbi donanması desant əməliyyatlarını yüksək səviyyədə keçirərək, FeodosiyaKerçi azad edirlər..."

Burada kinooperatorlar faşistlər tərəfindən öldürülüb tanınmaz şəklə salınmış uşaqları, qadınları, qocaları lentə alırlar. Samostroy, Kamış Burun qəsəbələrində bütün kişilər faşist quldurları tərəfindən güllələnmişdilər. Həmin vaxtlar Bakıdan gəlmiş kinooperatorlar SevastopoldaKrımın azad edilmiş rayonlarında çoxlu süjetlər çəkdilər.

Kinooperatorlarımızın cəbhədə apardıqları kino çəkilişləri barədə mətbuatda da məqalələr, qısa xəbərlər dərc olunurdu. "Bakinski raboçi" qəzetində (14 may 1942) çap olunmuş "Kinoaparatla cəbhədə" məqaləsi bu baxımdan maraq doğurur: "Sanitar avtomaşınları aramla irəliləyir... Onlardan yaralı əsgərləri xərəklərdə çıxarırlar... Cərrahiyyə otağında həkim İbrahimov, növbəti əməliyyat aparır. O, döyüşçünün bədənindən mərminin qəlpəsini çıxarır.

Yeni kadr. Biz sovet döyüşçüsünü artıq sağalandan sonra görürük. Sağalmış əsgər, düşməni yenidən məhv etmək üçün hospitalı tərk edir...

Sonuncu ittifaq xronikal jurnallarının birində nümayiş etdirilən kadrlar bundan ibarətdir. Ekranda göstərilən bütün xronikal kadrlar, Krım cəbhəsinin guşələrindən birində, yerin altında yerləşən hospitalda çəkilmişdir. Bu kadrlar, Bakı kinostudiyası kinooperatorlarının səyi ilə lentə alınmışdır. Bakı kinoxronikaçıları Krımda olduqları iki ay ərzində Sevastopolun müdafiəsinin bir sıra döyüşən epizodlarını, artilleriya duelini, təshih məntəqəsinin və səstutan stansiyanın işini, snayperlərin toplanışını, Odessa qəhrəmanlarının ordenlərlə təltif olunmasını və s. çəkmişlər.

Krımda kino çəkilişlərinin iki iştirakçısı – operator Mustafayev və operator assistenti Ələkbərov bu günlərdə Bakıya qayıtmışlar".

Ailəsi[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Cəbhə kinooperatorları". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 91-95.
  • Aydın Kazımzadə, Azərbaycan kinosu və müharibə, Bakı, "Nağıl evi", 2005.