Aşıq Şivğa (əsl adı: gürc. ლუკა ბერიძე – Luka Beridze; 1838 və ya 1860, Gürcüstan – 1906 və ya 1907, Gürcüstan) — XIX əsr Gürcüstan aşıq–şairi.
Aşıq Şivğa | |
---|---|
gürc. ლუკა ბერიძე (Luka Beridze) | |
Doğum adı | Luka |
Təxəllüsü | Şivğa |
Doğum tarixi | 1838 və ya 1860 |
Doğum yeri | Prtena |
Vəfat tarixi | 1906 və ya 1907 |
Vəfat yeri | Prtena |
Dəfn yeri | Prtena |
Atası | İoseb (Mose) Beridze (Aşıq Ruhani) |
Aşıq Şivğa 1838-ci ildə Prtena kəndində anadan olmuşdur. 1906-cı ildə (və ya 1907) vəfat etmişdir.[1] Bəzi mənbələrdə isə 1860-cı ildə anadan olduğu bildirilir.[2] Məzarı Prtena kənd qəbristanlığında, qədim kilsənin qənşərindədir.[3]
Ailəsinə kömək məqsədiylə səkkiz yaşından naxırçılıq etmişdir.[3]
Aşıq Şivğa on bir aşıq üzərində qələbə çalmış, sazını almışdır.[4]
Əsl adı Luka Beridze olan Prtenalı Aşıq Şivğa bu mahalın gürcü aşıq-şairlərindən ən qüdrətlisi olmuşdur. Şivğa qohumu Zaxariya Qvaramadzedən (Aşıq Müşgüldən) saz çalmağı öyrənmiş və get-gedə bölgədə kamil bir aşıq səviyyəsinə yüksəlmişdir.[3]
Aşıq Şivğa erməni aşığı Civaniylə (1848-1909) və 19-cu yüzilin sonlarında Mesxet-Cavaxetdə «baş aşıq» şöhrəti qazanmış Şenlik Çıldırlı ilə dost olmuşdur.[3]
"Şivğa" onun təxəllüsü olub. Aşığın bir zamanlar izah etdiyinə görə üzüm tənəyində təzəcə cücərib boy atan zoğ, şöv mənasını daşıyırdı.[3]
Mesxetdə Aşıq Şivğa böyük şöhrət qazanmışdı. O, türk havalarından istifadə edərək gürcü kəndlisinin ağır həyatından oxuyurdu.[5]
O, şeirlərinin əksəriyyətini bədahətən deyərmiş. Xüsusi təhsil görməmiş Aşıq Şivğa şeirlərini yazıya almamışdır, amma güclü hafizəsinin köməyi ilə onları əzbər bilirmiş. Camaat da onun şeirlərini sevir və əzbərləyirmiş.[3]
Şivğanın iki minə qədər şeiri var imiş. O, şeirlərini uşaqlıqdan gözəl bildiyi türk dilində qoşurmuş. Şivğanın əlyazmalardakı ona qədər şeiri gürcü əlifbası ilə yazıya alınmışdır.[3]