Aşıq Abdulla Fətəliyev

Aşıq Abdulla FətəliyevNaxçıvan aşıqlarından biridir.

Aşıq Abdulla Fətəliyev
Abdulla Fətəli oğlu Fətəliyev
Doğum tarixi
Doğum yeri Şahbuz rayonunun Yuxarı Qışlaq kəndi
Vəfat tarixi
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Fətəli
Fəaliyyəti Aşıq

Aşığın həyat və yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Aşıq Abdulla Fətəli oğlu Fətəliyev 1963-cü ildə Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində anadan olmuşdur. Atası Fətəli kişi aşıq sənətini çox sevdiyi üçün Azərbaycan aşıqlarının şeirlərini və xalq dastanlarını mükəmməl bilirdi. Ailədə saza-sözə olan bu həvəs kiçik yaşlarından Abdullaya da təsir etmiş, onda aşıq sənətinə böyük həvəs yaratmışdır. Abdullanın aşıqlığa həvəsini görən ustad Xudu ona 11 simli, 18 pərdəli bir saz bağışlayır. Bu saza sahiblənən Abdulla Azərbaycan aşıq havalarını mənimsəmək üçün Aşıq Kamandarın, Aşıq Hüseyn Saraclının lent yazılarını qoyub onların sazlı-sözlü havalarını dinləyir, bu yolla aşıq sənətinin sirlərini mənimsəməyə çalışır. Az bir zamanda aşıq havalarını öyrənən Abdulla artıq saz çalmağa və el şənliklərində oxumağa başlayır. Onu bir sıra məclislərə, dövlət tədbirlərinə dəvət edirlər. Artıq 20 yaşlarında saz havalarını mükəmməl bilən Abdulla el arasında istedadlı aşıq kimi tanınır. Sinəsi el havaları ilə coşan Abdulla artıq özü də yaradıcı aşıq kimi şeirlər qoşmağa və qoşduğu şeirləri saz üstündə oxumağa başlayır. Xalq arasında yaradıcı aşıq kimi tanınan Abdulla keçən əsrin 80-ci illərindən başlayaraq mütəmadi olaraq Naxçıva televiziyasında verilişlər aparmış, aşıq sənətini təbliğ etdirmişdir.

O, 2000-ci ildə Asim Yadigarın Naxçıvan Televiziyası üçün hazırladığı “Göy qurşağı” folklor toplusuna verdiyi müsahibəsində belə demişdir: “Mənim saza bağlılığım lap uşaqlıq yaşlarımdan başlayıb. Aşıqlığa çox həvəsim var idi. Çox istəyirdim ki, bir sazım olsun, mən də çalım. Nəhayət, orta məktəbi bitirən vaxtlarım idi. Böyük qardaşım Çərkəz Vətənoğlunun mənim saza bağlanmağımda böyük rolu oldu. Qardaşım Çərkəz Şərur rayonuna gedərək Şərur aşıqlarından mənə bir saz alıb gətirdi. Saz aldığı aşıq sazı necə çalmağı Çərkəzə öyrətmişdi. Çərkəz də Şərur aşığının dediklərini mənə öyrətdi, elə o vaxtdan mən də sazı çalmağa başladım. Sonra mən aşıqlıq sənətini həmyerlim, aşıq və şair ustad Sərraf Qasımdan öyrəndim və gənc yaşlarımdan saza bağlandım, sazımla məclislər və şənliklər yola saldım. İndi mənim şagirdlərim də vardır. Onlara saz sənətinin, aşıqlığın sirlərini öyrədirəm. Bu sənəti şəyirdlərimə öyrədirəm ki, məndən sonra onlar da aşıqlıq sənətini yaşatsınlar”.

O cümlədən Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi olan Aşıq Tural və Aşıq Vəli aşıq sənətini Aşıq Abdulladan öyrənmişlər.

Ustad aşıq kimi tanınan Aşıq Abdulla qardaşı Çərkəz müəllimin aşıqlıq sənətinə yiyələnməsində də xüsusi rol oynamış, saz çalmağın sirlərini ona da öyrətmişdir. Qardaşı Elşən və bacısı Günay da bir çox saz havalarını Aşıq Abdulladan öyrənmişrlər. Beləliklə, Aşıq Abdulla aşıqlardan ibarət ailə ansamblı yaratmışdır. Onlar birlikdə el şənliklərinə getmiş, məclislər yola salmışlar. Lakin yaradıcılığının çiçəklənən çağında vaxtsız əcəl Aşıq Abdullanın həyatına son qoydu. O, 2003-cü ilin iyul ayında həyatla vidalaşdı.

Haqqında yazılanlar[redaktə | mənbəni redaktə et]

Aşıq Abdullanın vaxtsız ölümü Şahbuz bölgəsində böyük kədərə səbəb olmuş, həmyerlisi, Aşağı Qışlaq kəndindən Naxçıvanın aparıcı aşıq və şair nümayəndələrindən olan Sərraf Qasım Aşıq Abdullanın xatirəsini onun vəfatına yazdığı aşağıdakı şeiri ilə belə yad etmişdi:

Aramızdan vaxtsız getdin, ay aşıq,
Qaldı ellərində sazın, Abdulla.
Bağınız verəndə təzə bar, aşıq,
Qara torpaq örtdü üzün, Abdulla.
Aramızdan vaxtsız getdin, Abdulla,
Qaldı ellərində sazın, Abdulla.

Sənsiz də qartalla qartal deyişir,
Dağ keçisi bir-birilə döyüşür.
Ötüb keçir, fəsillər də dəyişir,
Gedir qışın, gəlir yazın, Abdulla.
Aramızdan vaxtsız getdin, Abdulla,
Qaldı ellərində sazın, Abdulla.

Görmədin sən bu dünyanın vəfasın,
Sürmədin sən bu dünyanın səfasın.
Az yaşında çəkdin dünya cəfasın,
Yaxşı duydun çoxun, azın, Abdulla.
Aramızdan vaxtsız getdin, Abdulla,
Qaldı ellərində sazın, Abdulla.

Bu dünyada durdun sənət başında,
O dünyaya köçdün cavan yaşında,
Məhəbbətin hər qayanda, daşında,
Qaldı bulaqlarda gözün, Abdulla.
Aramızdan vaxtsız getdin, Abdulla,
Qaldı ellərində sazın, Abdulla.

Sərraf Qasım necə dözsün bu dərdə?
Ötməyən on bir tel, saz pərdə-pərdə
Bir vaxt ötüb bu dağlarda, bu yerdə,
İtməyəcək sənin izin, Abdulla.
Aramızdan vaxtsız getdin, Abdulla,
Qaldı ellərində sazın, Abdulla.

Bu şeir Aşıq Abdullaya xalq məhəbbətinin nə qədər böyük olduğunu bir daha təsdiq edir.

Şeirləri[redaktə | mənbəni redaktə et]

Aşıq Abdulla da özünün şeir yaradıcılığında digər xalq aşıqlarının yolu ilə getmiş, xalq-aşıq poeziyasının qoşma, gəraylı, divaniustadnamə janrlarında bir çox şeirlər qələmə almışdır. O, «Sığındım» adlı bir divanisində öz nəsihətamiz fikirlərini belə ifadə etmişdir:

Özümü dərk edən gündən bir imana sığındım,
Dərk olunmaz işlərdə mən bir Qurana sığındım,
Bu dünyanı əyri görüb, heç nədən baş açmadım,
Ayıldım qəflət yuxudan, o pünhana sığındım.

Çox insan var, bilmədiyin cahil başda axtarır,
Çox nadan var, səadəti al qumaşda axtarır,
Çox dərdli var, əlacını dağda-daşda axtarır,
Mən dərdli də dərdbilənə, bir loğmana sığındım.

Abdullayam, haqq yolunda əzab çəkdim, bezmədim,
Heç zaman haqq dərgahından əllərimi üzmədim,
Heç kəsi tərif etmədim, haqsızlığa dözmədim,
Bir Allahı tərif etdim, yalnız ona sığındım.

“Mən” rədifli qoşmasında da aşıq nəsihətçilik mövqeyindən çıxış edərək insanlara ədəb-ərkan sahibi olmağı, dost seçərkən özünə uyğun adamla dostluq etməyi, məclislərdə öz yerini bilməyi, hər kəsə sirr verməməyi, insanları dara düşəndə tanımağı, haqsızlığa, ədalətsizliyə dözməməyi tövsiyə edir:

İnsan gərək öz-özünə düşünə,
Kimlə gəzim, necə gəzim, harda mən?
Yoldaşlarım uyğun olsun özümə,
Utanmayım danışanda harda mən.

Əyləşəndə gərək biləm yerimi,
Niyə durum görən kimi birini?
Ya danışım, yada verim sirrimi,
Cəhl düşsün, məğlub olum zorda mən.

Abdullayam, hər hesabı almışam,
Haqsızlığa alışmışam, yanmışam.
Çox dostları candan əziz sanmışam,
Az-az gördüm yaxın gələn darda mən.

Deyişmələri[redaktə | mənbəni redaktə et]

Aşıq Abdulla Naxçıvan aşıq mühitində müasiri olduğu aşıqlarla ədəbi yaradıcılıq əlaqələrində də iştirak etmiş, onlarla deyişmələr aparmışdır. Onun öz həmyerlisi, Şahbuzun Aşağı Qışlaq kəndindən olan aşıq və şair Sərraf Qasımla bir deyişməsi vardır. Deyişmə dünyanın gərdişi, insanın dünyaya münasibəti, haqqa bağlılıq məsələlərinə həsr edilmişdir. Dialoq üslubunda verilən bu deyişmədə Sərraf Qasım sorğu edir, Aşıq Abdulla isə bu sorğuları cavablandırır.

Aldı Sərraf Qasım:
Ay Aşıq Abdulla, ver cavabımı,
Bu dünyada insan halı necədi?
İnsanlara qarşı yaxşıdı, pisdi
Bu dünyanın müəmmalı, necədi?

Aldı Aşıq Abdulla:
Sərraf Qasım, al cavabın, verirəm,
Bu dünyada insan halı yaxşıdı.
Gərdişi dünyanın insanlar üçün
Həm pis, həm də müəmmalı yaxşıdı.

Deyişmədə hər iki aşığın dünyapərəstlik haqqındakı fəlsəfi düşüncələri, dünyaya bağlılığın insanda hərislik yaratması fikirləri ilə də tanış oluruq. Deyişmədə Aşıq Abdulla Sərraf Qasımın insanın dünyapərəstlik keyfiyyətləri haqqındakı sorğusuna cavab verir və dünyapərəstliyi insanın əxlaqi keyfiyyətinin naqisliyi kimi qiymətləndirir.

Aldı Sərraf Qasım:
De, nəyə bağlılıq, billah, həvəsdi?
Bu həvəs insanda necə həvəsdi?
Dünyaya bağlısa, de, nəyi pisdi?
Kimə bağlı, nə vüsalı necədi?

Aldı Aşıq Abdulla:
Dünyaya bağlılıq, billah, əbəsdi,
Bu həvəs insanda naqis həvəsdi.
Dünyaya bağlısa, vüsalı pisdi,
Haqqa bağlı xoş vüsalı yaxşıdı.

Deyişmədə hər iki aşığın insanın həyatda yaxşılıq etməsi, Allah yolunda yoxsullara əl tutması, hər bir əməlində Allaha pənah aparıb ona sığımması ideyası verilir.

Aldı Sərraf Qasım:
Sərraf Qasım deyər: tamamən, bütün,
Kimdədir, de, əllər atılan o ün?
De, kimin nəyinə əl tutmaq üçün
Versələr insanlar pulu, necədi?

Aldı Aşıq Abdulla:
Abdulla da deyər: tamamən, bütün,
Allahdadı əllər atılan o ün.
Allah rizasına əl tutmaq üçün
Versələr insanlar pulu, yaxşıdır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]