Aşıq Hüseyn Saraclı

Aşıq Hüseyn Saraçlı (tam adı: Hüseyn Qurban oğlu Həsənov; 1916, Saraçlı, Borçalı qəzası12 iyul 1987, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan ustad aşığı. Azərbaycan Aşıqlar Birliyinin üzvü. Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi olmuşdur.

Aşıq Hüseyn Saraçlı
Hüseyn Qurban oğlu Həsənov
Doğum tarixi 1916
Doğum yeri
Vəfat tarixi 12 iyul 1987(1987-07-12)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair
Janr aşıq musiqisi
Üzvlüyü
Mükafatları "Əmək veteranı" medalı

Aşıq Hüseyn Saraçlı 1916-cı ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı (Borçalı) kəndində Borçalının məşhur şəxslərindən olan Qurban kişinin ailəsində doğulub. Atası 1931-ci ildə kolxoz quruculuğu dövründə rus bolşevikləri tərəfindən güllələnib.

Natamam orta təhsilini Saraçlı məktəbində alan Hüseyn onu sözün əsl mənasında şöhrətin zirvəsinə qaldıran, adını bütün Qafqazda, TürkiyəOrta Asiyada dillər əzbəri edən aşıqlıq sənətinə hələ lap gənc yaşlarından başlayıb. Saz tutmağı Saraçlıda Aşıq İsmayıldan öyrənib, Aşıq İbrahim Quşçunun və Sarvan Bayramın yanında püxtələşib. Borçalının məşhur söz ustaları Faxralı Şair Nəbinin və Şair Ağacanın Allah vergisi ilə yoğrulmuş istedadından bəhrələnib.

Aşıq Hüseyn Saraçlı boy-buxunu, oturuşu-duruşu, söz-söhbəti ilə yanaşı, həm də əxlaqı – yüksək mənəviyyatı ilə əsl ozan idi. Aşıq, yetişdirib ərsəyə çatdırdığı şəyirdləri Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Sədi Ulaşlı, Nurəddin Qasımlı və başqaları ilə birlikdə dağlı-aranlı Borçalını at belində diyar-diyar dolaşar, dəvət olunduğu ellərdə ağır-ağır toylar edər, məclislər yola verərdi.

Qəhrəman Süleymanlı ilə xüsusi bir dostluğu olmuş aşıq, ona öz töhfələrini vermiş, sənətin bəzi sirlərini öyrətmişdir.

Aşıq Hüseyn Saraçlı həm də yaradıcı aşıq idi. Dillər əzbəri olmuş şeirlərin, bir neçə dastanın, "Qürbəti-Kərəm", "Bağdad dübeyti" kimi saz havalarının müəllifi olan Aşıq Hüseyn Saraçlının çıxışları neçə-neçə bədii və sənədli filmin, televiziya verlişlərinin yaraşığı olmuşdur. "Tütək səsi" filmində çaldığı "Ruhani" havası isə tamaşaçını əfsunlayan möhtəşəm bir sənət nümunəsi kimi əbədi yaşam qazanmışdır.

Hüseyn Saraçlı Azərbaycan aşıqlarının II və III qurultaylarının, 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün fəal iştirakçısı olmuşdur.

Onun haqqında çoxlu şeirlər, məqalələr yazılıb, qısa metrajlı film çəkilib. Xalq şairi Bəxtiyar Vahabzadə böyük Ozan haqqında yazırdı: "…H. Saraçlının söylədiyi dastanları dinləmişəm. Xüsusən Aşıq Ələsgərin Gəncə səfərini ustad elə bədii və obrazlı danışır ki, vəziyyət teatr tamaşası kimi gözümüzün qarşısında canlanır. Elə bil gözəl bir operaya baxırsan. Bu operanın rejissoru da o özüdür, dirijoru da, ifaçısı da, müşayət edəni də. Eyni zamanda o, həm liberetto müəllifidir, həm də bəstəkar".

Ustad aşıq 1987-ci ildə vəfat etmişdir. Məzarı Saraçlı qəbiristanlığındadır. Doğma kəndində aşığın büstü qoyulmuşdur.

Aşıq Hüseyn Saraçlı 1980-ci ildə Gürcüstan SSR-nin Əməkdar mədəniyyət xadimi adına layiq görülmüş, bədii əsərlərindən ibarət toplu 1992-ci ildə "Yazıçı" nəşriyyatında çap olunmuşdur. Xalq şairi Zəlimxan Yaqub onun həyatı və sənət fəaliyyəti ilə bağlı "Hüseyn Saraçlı dastanı"nı yaratmışdır.

2011-ci ildə Azərbaycan Respublikası «Təhsil» Mərkəzi Gürcüstan Azər­bay­canlıla­rının Mədə­niyyət Mərkəzi ilə bir­likdə tanınmış filoloq-alim və jurnalist Müşfiq Borçalının Us­tad aşı­q Hüseyn Saraclının 95 illik Yu­bi­le­yinə həsr olun­muş «Aşıq Hüseyn Saraçlı və onun yaylaq səfəri» adlı kitabını «Borçalı» nəşriy­yatı va­sitəsilə nəfis şəkildə oxucuların ix­tiyarına ver­mişdir.[1] (Kitabın məs­­ləhətçi: Gürcüstan Azərbaycanlılarının Mədə­niyyət Mər­­kəzi İdarə Heyə­tinin sədri Fazil Həsə­nov,Redak­toru: Gürcüstan Mədəniyyət, İncəsənət və Aşıqlar Bir­liyinin sədri Dərviş Osman,Rəyçilər: Filolo­giya elm­ləri dok­toru, professor Mahmud Al­lahmanlı və Filo­logiya elm­ləri namizədi, dosent Şakir Alba­lıyevdir.) Bu kitabda görkəmli saz­-söz ustadı Aşıq Hüseyn Saraçlının həyatı və yara­dıcılığı haq­qında ət­raflı mə­lu­mat verilmiş, aşı­ğın bö­yük oğlu İsfəndiyar Hə­sənovdan əl­də edilmiş və indiyə kimi heç harada çap olunmamış «Aşıq Hüseyn Saraçlının Yaylaq səfəri» adlı dastanı­, Azərbaycan Aşıqlar Birliyinin səd­ri, Xalq şairi Zəlimxan Ya­qubun «Aşıq Hü­seyn Saraslı» və şair Nizami Sa­raçlının Ustad aşı­ğa həsr etdiyi «Yalan ola ayrılıq!» poe­maları müəl­liflərin dilinə to­xun­ma­dan oxuculara təqdim edlmışdir.*

  1. Hüseyn Saraçlı. Bakı, "Elm və təhsil", 2016. 368 səh. (+8 səh. şəkil)
  1. "Müşfiq BORÇALI: RU­HUN ŞAD OL­SUN, USTAD AŞIQ HÜSEYN SARAÇLI!." ZiM.Az | "ZİYA" İnformasiya Mərkəzi (rus). 2024-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-25.