Aşıq Xanmusa (Xanmusa Musaxan oğlu Musayev; 1922 – 22 yanvar 2018) — Şirvan aşıq mühitinin ən görkəmli nümayəndələrindən olan ustad aşıq. “Əməkdar Mədəniyyət İşçisi” (2016).
Aşıq Xanmusa | |
---|---|
Xanmusa Musaxan oğlu Musayev | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Mükafatları |
Aşıq Xanmusa Musaxan oğlu Musayev 1922-ci ildə Şamaxının Şamlı kəndində anadan olub. İbtidai təhsilini bitirdikdən sonra məşhur balaban ustası İzzətalı Zülfüqarovla bərabər sənət aləminə qədəm qoyub. Aşıqlıq sənətini əvvəlcə atası Musaxan və əmisi Cənnətalıdan öyrənib, eyni zamanda aşıq Xanbaladan dərs alıb. Daha sonra isə Cəyirli ustad aşıq Abbasdan sənətin sirlərini daha mükəmməl öyrənib.
Aşıq Xanmusa uzun müddət Qobustan rayon Mədəniyyət evində aşıqlar ansamblına başçılıq edib.
Xanmusa Musayev 2018-ci il yanvarın 22-də vəfat edib.[1]
O, iki dəfə ümumittifaq müsabiqəsinin laureatı olub, dəfələrlə Mədəniyyət və Turizm nazirliyinin, Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin fəxri fərmanı və diplomlarla təltif olunub.
2016-cı ilin iyulunda Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ona "Əməkdar Mədəniyyət işçisi" fəxri adı verilib.
Aşıq Xanmusa bədii yaradıcılıqla da məşğul olub, aşıq şeirinin müxtəlif şəkillərində şeir qoşub, qəzəllər yazıb, kitabları çap olunub. Onun həyat və sənət yolundan bəhs edən “Şirvanlı aşıq Xanmusa” və
"Mən getsəm də, bu dünyada qalacaqdır aşıqlığım" adlı kitablar nəşr olunub.
2016-cı ildə isə Azərbaycan Aşıqlar Birliyi ona həsr olunmuş "Günümüzün ustad aşıqları: Xanmusa Musayev" adlı kitab nəşr etdirib. Özünəməxsus bənzərsiz ifa tərzi ilə xalq məhəbbəti, el sevgisi qazanan Aşıq Xanmusa sinəsi sözlə dolu aşıq, dastanlarımızın gözəl bilicisi idi.
Şirvan aşıq mühitinin klassik ənənələrini yaşadaraq sənətin dünəni ilə sabahı arasında mənəvi körpü rolunu oynayan sənətkar ustadlardan öyrəndiklərini böyük həvəslə gənclərə öyrədirdi.