Şamaxı qəzası (rus. Шемахинский уезд) — Rusiya imperiyası (Kaspi vilayəti, Şamaxı və Bakı quberniyaları tərkibində), Azərbaycan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Azərbaycan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Şamaxı şəhəri idi.
Şamaxı qəzası | |
---|---|
Ölkə | Rusiya İmperiyası |
Quberniya | Bakı quberniyası |
Mərkəzi | Şamaxı |
Yaradılıb | 1840 |
Ləğv edilib | 1929 |
Sahəsi |
|
Əhalisi |
|
Xəritə | |
"Zaqafqaziya diyarının idarəsi üçün təsisatlar" adlı qanuna (1840, 10 aprel) uyğun olaraq, Şirvan əyaləti və Salyan torpaqları əsasında yaradılmışdı. Mərkəzi Şamaxı şəhəri idi. 1841-1846 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi.1846-cı il 14 dekabr tarixli əsasnaməyə görə həmçinin, Azərbaycan ərazisində olan bəzi qəzaların adları da dəyişdirildi. Belə ki, Şirvan qəzasının adı dəyişdirilərək Şamaxı qəzası, Şəki qəzası Nuxa qəzası, Qarabağ qəzası Şuşa qəzası, Talış qəzası Lənkəran qəzası adlandırıldı.[2] 1846-cı ildə Şamaxı quberniyası yaradıldıqda, eyni adla onun tərkibinə qatılmışdı. 1859-cu il Şamaxı zəlzələsindən sonra quberniya mərkəzi Bakıya köçürüldüyündən, Bakı quberniyasının tərkibində idi. Şamaxı qəzasında Qəza idarə sistemi fəaliyyət göstərirdi. Qafqaz təqviminin (1917) məlumatma görə, qəzanın sahəsi 6625,99 verst (7553,64 kv.km) idi. Burada 133.800 nəfər əhali yaşayırdı. Onların 132.362 nəfəri yerli sakinlər, 1.438 nəfəri isə müvəqqəti yaşayanlar, 71.848 nəfəri kişi, 61.952 nəfəri qadın idi. Əhalinin 97 min nəfərini azərbaycanlılar təşkil edirdi. Çarizmin köçürmə siyasəti nəticəsində qəzada ruslar da məskunlaşdırılmışdı. 17.656 nəfər rusun, 1.511-i pravoslav, 16.145-i sektaçı (sektant) idi. Köçürülmə erməni-qriqorianların sayı 17.542 nəfər idi. Şamaxı şəhərində 27.752 nəfər yaşayırdı. Qəzanın iqtisadi həyatında kənd təsərrüfatı, əkinçilik, bağçılıq, ipəkçilik, maldarlıq sahələri üstünlük təşkil edirdi. Sənətkarlıq, xüsusilə toxuculuq inkişaf etmişdi. Fevral inqilabından (1917) sonra Şamaxıda fəhlə və əsgər deputatları soveti yaradılmışdı. Şamaxı qəzasında Müvəqqəti hökumətin də orqanlan yaradılırdı. Bakı Soveti öz hakimiyyətinin qəzalara yayılmasında, Bakıda olduğu kimi, azərbaycanlıların soyqırımıdan bir vasitə kimi istifadə edirdi. İsmayıl xan Ziyadxanovun Şamaxını müdafiə etməsinə imkan verməmək üçün ora Bakıdan 2 min nəfərlik dəstə göndərilmişdi. Şamaxı qəzasında azərbaycanlılara qarşı soyqırımına Stepan Şaumyanın yaxın silahdaşlarından olan daşnak cəlladı Lalayan (Lalayev) başçılıq etmişdi. Ermənilər tərəfindən öldürülənlər içərisində Şamaxıda tanınmış adamlar və ictimai xadimlər də olmuşdu. Məsələn, şəhər başçısı Teymur Xudaverdov, birinci Dövlət Dumasının keçmiş üzvü Məmməd Tağı Əliyev və bir çox başqalarını o cümlədən, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdül Xəlil Əhmədov, Hacı Əbdül Hüseyn Zeynalov üç qardaşı ilə, Hacı İsrafil Məmmədov, Mir İbrahim Seyidov, Hacı İbrahim Salamov, Ağa Əhmədov Əhmədov, Hacı Əbdül-Qasım Qasımov, Əyyübağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürəhim ağa Ağalarov, Məhiyyəddin Əfəndizadə, Zəkəriyyə Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov və onun arvadı, Mahmud Hacıağa oğlu, onun arvadı və oğlu və bir çox başqaları qeyd etmək olar. Ermənilər təkcə qətlə yetirməklə kifayətlənməmiş, eyni zamanda şəhərin ən abad, varlı və tanınmış müsəlmanlarına məxsus evlərə od vurub yandırmışdılar. Ermənilərin qarət edib yandırdıqları evlər arasında Həsənovların, Babayevlərin, Məhərrəmovların, Veysovların, Böyük bəy Hüseynovun, Hacı Vahab Ələkbərovun və başqalarının mülkləri də var idi. Ermənilər və molokanlar yandırılmış evlərdən çıxıb qaçan kişi, qadın və uşaqları güllələmişdilər. Abbas Səhhətin, M.Ə.Sabirin, S.M.Qənizadənin, C.Cəbrayılbəylinin, Müslüm bəyin, Hacı Qulamın, Məmmədtağı Əlizadənin, tacir Nurunun, Vahab bəyin, Murad Əfəndinin,Məşədi Əsədin (şair, müəllim Gövhər xanımın atası), Həqqi Veyisovun, Həbib bəy Mahmudbəyovun, Hacı Məmmədov Əfəndinin, Nəcməddin Şirindilbəylinin və başqalarının evləri yandırılmış, dağıdılmışdı. Bu evləri, mülkləri yandırmaqla erməni daşnaqları Azərbaycan elminə, maarifinə, ədəbiyyatına, incəsənətinə, tarixinə ağır zərbə vurmuşdu.[3] Hesablamalara görə, ermənilər Şamaxı qəzasının 53 kəndində 8.027 nəfər azərbaycanlını qətlə yetirmişdilər; onlardan 4.190 nəfəri kişi, 2.560 nəfəri qadın, 1.277 nəfəri uşaq idi. Əhaliyə, ümumiyyətlə, 339,5 milyon manat məbləğində maddi zərər vurulmuşdu. Qəzada sovet hakimiyyətini yalnız bu qətl və qarətlər hesabına qurmaq mümkün olmuşdu. Şəhər dağıdılmış, qəza mərkəzi Çuxuryurd kəndinə köçürülmüşdü (bax, həmçinin Şamaxı qırğını). 1918 il mayın 16-da Bakı Xalq Komissarları Sovetinin quberniya komissarı Məşədi Əzizbəyovun rəhbərliyi ilə Şamaxı qəzasında kəndli deputatları sovetlərinin qurultayı keçirilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ölkədə hakimiyyətinin tam bərqərar edilməsi uğrunda mübarizəyə başladı. Cənubi Qafqaz dəmir yol xətti boyunca döyüşlərdə qalib gələn Azərbaycan-türk hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu 1918-ci ilin iyulunda Şamaxıya daxil oldu. Şamaxı qəzasında Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti bərqərar edildi. Şamaxı qəzası Cümhuriyyətin sosial-iqtisadi və siyasi həyatında mühüm yer tuturdu. Lakin Aprel işğalı (1920) nəticəsində 1920-ci ilin aprelin 29-da Şamaxı qəzasında sovet hakimiyyəti quruldu.
1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Bakı, Şamaxı, Lənkəran, Nuxa və Şuşa qəzalarını əhatə edən Şamaxı quberniyasının əhalisi 319.923 nəfəri kişilər, 283.083 nəfəri qadınlar olmaqla 603.006 nəfər idi.[4] Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu.[4] Qəzalar üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır.[4] Kişilərin qəzalar üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu.[4] Beləliklə, həmin məlumatlara əsasən Şamaxı qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 82.989 nəfər əhali yaşayırdı.[4]