Aşıq Xaspolad Gülablı (Coşqun) (21 mart 1919, Ağdam, Gəncə quberniyası – 3 iyul 2000, Xındırıstan, Ağdam rayonu) — XX əsr Azərbaycan aşığı.[1]
Aşıq Xaspolad Gülablı | |
---|---|
Xaspolad Salman oğlu Mirzəyev (Mirzalıyev) | |
Təxəllüsü | Aşıq Xaspolad Coşğun |
Doğum tarixi | |
Doğum yeri | Abdal, Ağdam rayonu |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Xındırıstan, Ağdam rayonu |
Aşıq Xaspolad Salman oğlu Mirzəyev (Mirzalıyev) 21 mart[2] (24 may[3]) 1919-cu ildə Ağdam rayonunun Abdal kəndində anadan olmuşdur. Aşıq Valehin nəslindəndir (kötükcəsidir). İbtidai təhsilini Abdal, orta təhsilini isə Gülablı kəndində almışdır. 1939-cu ildə hərbi xidmətə yollanmış, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Müharibədən sonra bir müddət kənd məktəbində hərbi rəhbər işləmiş, 1962-ci ildən ömrünün sonunadək Gülablı kənd mədəniyyət evinin rəhbəri olmuşdur.
3 iyul, 2000-cı ildə Ağdam rayonunun Xındırıstan kəndində vəfat etmişdir.
Aşıqlığa gənc yaşlarından başlamışdır. İfaçılığı ilk dəfə əmisi aşıq Mustafadan və əmisi oğlu Yunusdan öyrənmişdir. Uzun illər yazıb yaratmış, çalıb-çağırmış, el-oba içində öz gözəl sənəti ilə hörmət-izzət sahibi olmuşdur. 1958-ci ildən Azərbaycan Xalq Yaradıcılığı Evinin, sonradan yaradılmış Azərbaycan Aşıqlar Birliyinin üzvü, III və IV aşıqlar qurultaylarının nümayəndəsi, çoxsaylı müsabiqə və festivalların laureatı olmuşdur. Bir çox ifaları Nizami adına səsyazma institutunda və dövlət telviziyasında lentə alınmışdır. Kənd mədəniyyət evinin rəhbəri olarkən "Aşıqlar", "Zurnaçılar" və "Nənə qızlar" ansambllarını yaratmışdır.
8[4] (başqa məlumata görə 11[2]) dastanın ("Səməd və Zeynəb", Valeh və Taleh", "Taleh və Həqiqət", "Mahir və Həsrət", "Bəxtiyar və Lətafət", "İqbal və İsmət", "Nazim və Səkinə", Səxavət və Səadət"), çoxsaylı qoşma, gəraylı, təcnis, qəzəl, divani, müxəmməs və b. şeirlərin müəllifidir. Bir çox aşıq və şairlərlə deyişmələri var.
Abdal-Gülablı aşıqlarının, xüsusən Aşıq Valehin həyat və yaradıcılığının toplanması ilə məşğul olmuşdur. 1970-ci ildə Famil Mehdi ilə birlikdə Aşıq Valehin şeirlərinin toplandığı "Alçaqlı ucalı dağlar" kitabını tərtib etmişdir. Topladığı materialların bir hissəsi "Qarabağ: Folklor da bir tarixdir" folklor toplusunuin 5-ci cildinə (2013) və Aşıq Valeh haqqında yazılmış "Haqq aşığı - Vücudnamədən Cahannaməyə" kitabına (2014) daxil edilmişdir.