ABŞ dollarının tarixi — iki yüz ildən artıq bir tarixi əhatə edir.
Yeni kağız pulların vaxtı 1600-cü illərin sonlarında İngiltərə koloniyalarında hərbi xərcləri ödəmək üçün buraxılmış əsginaslar ilə başlamışdır. İlk əsginas 1690-cı ildə Massaçusets Körfəzi Koloniyasında buraxılaraq dövriyyəyə cəlb edilmişdir. Kağız pullardan istifadə üsulu qısa bir müddət ərzində digər koloniyalara da yayılmış və bu koloniyalarda da kağız pullardan istifadə edilməyə başlanılmışdır.
1739-cu ildə, Bencamin Franklinin Filadelfiyada yerləşən mətbəəsində təbiət mənzərələrini özündə əks etdirən əsginaslar buraxılmağa başlanılır. Qabartmalı yarpaq naxışlarından istifadə edilərək saxtalığa qarşı mübarizə aparılmışdır. Bu pullardan İngiltərənin öz koloniyalarında kağız pulların istehsalına qadağa qoyduğu 1764-cü ilə kimi istifadə edilmişdir.
1775-ci ildə Qitə Konqresi, ABŞ İstiqlal müharibəsininin xərclərini ödəmək məqsədi ilə yenidən kağız pulların istehsalına başlayır. Qitə pulu dişli (tırtıklı) İspaniya dollarının əsasında buraxılmışdır. Kifayət qədər dəyəri olmayan və asanlıqla saxtaları yaradıla bilən bu əsginaslar çox böyük bir sürətlə dəyərdən düşməyə başladılar. Beləliklə bu pullar “Bir qitə (kontinental) belə etməz” məsəlinə səbəb oldular.
ABŞ Konqresi, 1781-ci ildə yeni hökumətin maliyyə əməliyyatlarına dəstək olmaq məqsədi ilə, Filadelfiyada olan Şimali Amerika Bankını (The Bank of North America) ilk milli bank elan edir. 1792-ci ildə qəbul edilmiş olan Tədavülə Pul Buraxma Qanunu ilə ABŞ zərbxanası yaradılır və federal maliyyə sistemi çərçivəsində dəyəri qızıl, gümüş və ya mis üzərindən hesablanan müasir pulların tədavülünə başlanılır.
1785-ci ildə ABŞ Konqresində qəbul edilmiş qərara görə dollar ABŞ-nin rəsmi valyuta vahidi kimi qəbul edilmişdir. 1791-ci ildə ABŞ Mərkəzi Bankı yaradılmışdır. ABŞ Konqresi ABŞ Mərkəzi Bankını (The Bank of the United States) 20 illik bir müddət ərzində ABŞ Xəzinəsinin maliyyə təmsilçisi elan etmişdir. Bu bank hökumət adından mərkəzi bankın vəzifələrini icra edən ilk bankdır. Bu bank 1811-1816-cı illər istisna olmaqla 1913-cü ilə qədər fəaliyyət göstərmişdir.
Federal hökumət ölkə miqyasında ilk kağız pulu 1861-ci ildə dövriyyəyə buraxmışdır. Vətəndaş müharibəsinin maliyyə yükünü qarşılamaqda çətinlik çəkən ABŞ Konqresi ABŞ Xəzinəsinə faiz gəliri olmayan zəmanətsiz əsginas ixrac etməyə səlahiyyət verdi. Bu əsginaslara, rənglərinə görə “yaşıl” adı verildi. 1861-ci il tarixindən bu yana dövriyyəyə buraxılmış bütün ABŞ əsginasları hal-hazırda da istifadə olunurlar və üzərlərində yazılmış dəyərin qarşılığında qəbul edilirlər.
1862-ci ildə ABŞ əsginaslarına saxtakarlığa qarşı yayındırıcı xüsusiyyətlər olaraq, zərif cizgili oymalar, qarışıq həndəsi naxışlar, Xəzinə Nazirliyinin möhürü və oymalı imzalar əlavə edilir.
1863-cü ildə ABŞ Konqresi Milli Bank Sisteminin yaradılması və milli əsginasların dövriyyəyə buraxılmasına nəzarət etmək üçün ABŞ Xəzinəsinə səlahiyyətlər verir. 1865-ci ildə saxtakarlığa nəzarət etmək üçün Xəzinə Nazirliyinə bağlı bir nəzarət qurumu olan Amerika Gizli Xidməti yaradılır.
1913-cü ildə çıxarılmış olan Amerika Mərkəzi Bankı Qanununa görə Amerika Mərkəzi Bankı (Federal Reserve Bank) ölkənin mərkəzi bankı elan edilmişdir. Bu yeni bank Amerika Mərkəzi Bankı Əsginasları (Federal Reserve Notes) adlı yeni bir pulu dövriyyəyə buraxmışdır.
1929-cu ildə istehsal xərclərini azaltmaq məqsədilə əsginasların həcmi 30 faiz azaldılmışdır, fərqli dəyərlərdəki pullar üçün standart ölçülər yaradılmışdır. Bu formada dövriyyədə olan dizayn sayları azalmış və standartlaşdırma yaradılmışdır. Beləliklə bu tədbirlər nəticəsində saxta və original əsginasların bir-birindən ayırd edilməsi asanlaşdırılmışdır.
Biz Allaha güvənirik (In God We Trust) ifadəsinin bütün əsginasların üzərində qeyd olunması 1955-ci ildə qəbul edilmiş olan qanunla məcburi hala gətirilmişdir. Bu ifadə ilk dəfə 1957-ci ildə buraxılmış bir dollarlıq Gümüş Sertifikaların tədavülə buraxılması sırasında görülmüş, Amerika Mərkəzi Bankının buraxmış olduğu əsginasların üzərində isə ilk dəfə 1963-cü ildə buraxılmış pulların üzərində görülmüşdür. İnkişaf etmiş olan surətçıxarma və pul buraxan maşınlardan istifadə edilərək saxta əsginasların tədavülə buraxılmasının qarşısını almaq üçün, təhlükəsizlik lenti və mikrobaskı üsullarından istifadə edilməyə başlanılmışdır. Bu xüsusiyyətlərdən ilk dəfə olaraq 1990-cı ildə buraxılmış olan 100 dollarlıq əsginaslarda istifadə edilmişdir. 1993-cü ilə qədər artıq buraxılmış olan bütün pulların üzərlərində haqqında danışdığımız xüsusiyyətlər 1 və 2 dollarlıq əsginaslar istisna olmaqla bütün əsginaslarda təhlükəsizlik məqsədilə istifadə edilmişdir.
1996-cı ildə saxta əsginasların istehsalının qarşısını almağa yönəlmiş bir sıra tədbirlər çərçivəsində ABŞ əsginaslarının dizaynı 67 ildən sonra ilk dəfə olaraq önəmli şəkildə dəyişikliyə məruz qalmışdır. Bu dəyişikliklərdən sonra tədavülə buraxılmış ilk yeni əsginas 1996-cı ildə tədavülə buraxılmış olan 100 dollarlıq əsginasdır. Bu dəyişikliklər 1997-ci ildə tədavülə buraxılmış olan 50 dollarlıq, 1998-ci ildə tədavülə buraxılmış olan 20 dollarlıq və 2000-ci ildə tədavülə buraxılmış olan 10 və 5 dollarlıq əsginaslarda da özünü göstərmişdir. Oyma (Gravür) və İstehsal Dairəsi saxta əsginas kəsilməsinin qarşısını almaq üçün yeddi ilə on ildən bir dizayn dəyişiklərinə gedəcəklərini bildirmişdir. 2003-cü ildə ABŞ Məxfi Xidməti yeni yaradılmış ABŞ Milli Təhlükəsizlik Dairəsinin tərkibinə qatılmışdı, bununla da ABŞ dollarının saxtaçılıqdan qorunmasına yönəlmiş fəaliyyətlərdə vahid bir mərkəzdən idarə olunmağa başlanılmışdır. Elə həmin ildə yeni dizaynlı 20 dollarlıq əsginaslar dövriyyəyə buraxılmışdır. Bunu 2004-cü ildə yeni dizaynlı 50 dollarlıq əsginaslar və 2006-cı ildə yeni dizaynlı 10 dollarlıq əsginasların dövriyyəyə buraxılması izləmişdir.
2010-cu ilin aprel ayında ABŞ Mərkəzi Bankı 2011-ci ilin fevral ayında tədavülə buraxılacaq olan yeni 100 dollarları ictimaiyyətə təqdim etmişdi. “Yeni Benjaminlər” olaraq adlandırılan gələcək nəsil 100 dollarlıq əsginaslarda saxtakarlığın qarşısını almağa yönəlmiş olan bir sıra tədbirlər işlənib hazırlanmışdır. Bunların içərisində ən diqqətəlayiq olan xüsusiyyət üçölçülü lentdir.
Dövriyyədə az tapılan əsginaslar isə 2 dollarlıq əsginaslardır. Bu dollarlara dünyada olduqca az rast gəlinməsinin səbəbi onların məhdud sayda istehsal edilməsidir.