Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YT Park) — elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu və maddi-texniki bazası olan ərazidir. YT Parkı elm tutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir.[1]
AMEA Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli 2425 nömrəli Sərəncamı ilə yaradılmışdır. YT Parkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsini həyata keçirən idarəedici təşkilat AMEA-nın tabeliyində yaradılan dövlətə məxsus hüquqi şəxs “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-dir. Hazırda "AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru Vasif Bilal oğlu Abbasovdur.[2]
YT Parkın yaradılmasında əsas məqsəd ölkədə iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdan ibarətdir.[3]
AMEA Yüksək Texnologiyalar Parkı yarandığı dövrdən innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artırılması və ən əsası elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verir. Azərbaycanda elmin kommersiyalaşmasında birbaşa iştirak edən YT Park elmtutumlu, rəqabətqabliyyətli və innovativ məhsulların istehsalını həyata keçirir, yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə əlaqələr qurur. Park həm də innovativ biznes ideyası olan gənc startapçılar və universitetlərlə əməkdaşlıq edir. Texnologiyalar Parkı hazırda müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.[4]
Bu müəssisə yalnız Azərbaycanda deyil, həm də ölkənin hüdudlarından kənarda fəaliyyət göstərən alimlərimizlə əməkdaşlıq edir. Həmçinin, Park texnologiya və innovasiya sahəsində baş verən yeniliklərlə yaxından tanış olmaq məqsədilə müxtəlif ölkələrin texnoparkları ilə sıx əlaqədədir.
Müşahidə Şurası öz səlahiyyətləri hüdudlarında Cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirən orqandır. Şuranın üzvləri 5 il müddətinə AMEA tərəfindən təyin edilir. Onlar təkrar müddətə təyin edilə bilərlər. İcra orqanının rəhbəri Şuranın üzvü ola bilməz. Sədr Şuranın üzvləri arasından Şura üzvləri tərəfindən seçilir. Şuranın sədri Şuraya rəhbərlik edir.
Şuranın iclasları növbəti və ya növbədənkənar ola bilər. Növbəti iclaslar ən azı üç ayda bir dəfə Şuranın sədri tərəfindən çağırılır. Növbədənkənar (fövqəladə) iclaslar cəmiyyətin maraqları tələb etdikdə Şura üzvlərinin tələbi ilə, sədr tərəfindən çağırılır. Müşahidə Şurasının sədri AMEA-nın prezidenti, akademik Ramiz Ənvər oğlu Mehdiyevdir.
Ekspertlər Şurası texnologiyalar parkında rezident kimi qeydiyyata alınma ilə əlaqədar müraciət etmiş ərizəçilər tərəfindən təqdim olunan innovasiya və ya yüksək texnologiya layihəsinin qiymətləndirilməsi, müvafiq rəyin hazırlanması, layihələrin, elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədilə yaradılır. Eyni zamanda, innovasiya məhsulunun hazırlanması və ya işlənməsi sahəsində nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi, onların tətbiqinə dair təkliflərin hazırlanmasını həyata keçirir.
Ekspertlər şurasının sədri AMEA-nın vitse-prezidenti, akademik Rasim Məhəmməd oğlu Əliquliyevdir.