Abay (roman)

Abayqazax yazıçısı Muxtar Auezovun Abay Kunanbayev haqqında epopeyası.

Abay
qaz. Абай жолы
Müəllif Muxtar Auezov
Janr roman
Orijinalın dili Qazax dili
Orijinalın nəşr ili 1942
Səhifə 436
Qazax dilinda.

Muxtar Auzeovun "Abay" romanında məqsəd qazax xalqının tarixi taleyinin inkişafında mühüm rol oynamış Abayın həyat və yaradıcılığını, onun şair kimi formalaşaraq kamilləşməsini, maarifçiliyini və xalqın həyat, düşüncə tərzini, dünyagörüşünü, adət-ənənəsini və s. təsvir etmək olmuşdur. Əsərdə bir-biri ilə qarşılıqlı əlaqədə olan və biri digərini tamamlayan iki obraz vardır: Abay və xalq. Romandakı bütün hadisələr bu iki obrazla əlaqəlidir və bunların dolğun, hərtərəfli və koloritli təsvirinə səfərbər edilmişdir.

Səciyyəvi digər cəhətlərdən biri də romandakı hər iki obrazın müəllifin mövqeyinin öncədən, yəni yaradıcılıq aktına başlamamışdan əvvəl müəyyənləşdirilməsinə səbəb olmasıdır. Muxtar Auezov sənətkar kimi böyük sələfinin obrazını yaratmağı və xalqının özünəməxsusluqlarını qabarıq şəkildə çatdırmağı qarşısına məqsəd qoymuşdur. Yazıçının konkret məqsədi əsərdə müəllif mövqeyini və əsərin epik vüsətinin səbəbini müəyyənləşdirməkdə mühüm rol oynamışdır.

Xalq-Abay və Abay-xalq cütlüyünün qarşılıqlı əlaqələrinin və şairin həyatının kiçik yaşlarından müdriklik çağlarına qədər təsviri istər-istəməz təfərrüatlara geniş yer verilməsini zəruri etmişdir. Yazıçı Abayın portretini yaradarkən, onun mənəvi dünyasındakı psixoloji yaşantıları təsvir edərkən detallara nə qədər üstünlük vermişdirsə, xalq obrazını canlandırarkən təfərrüatlara bir o qədər xüsusi meyil göstərmişdir. Çünki xalqın obrazını onun həyat tərzini, adət-ənənələrini və s. təsvir etmədən canlandırmaq mümkün deyildir.

Təfərrüatlar yazıçının sənətkarlıq məharətinin göstəricisi kimi diqqəti cəlb edir. Müəllif konkret bir epizodda bəzən təfərrüatdan elə sənətkarlıqla istifadə etmişdir ki, onun çoxfunksiyalılığı açıq-aşkar nəzərə çarpır və əsərin bədii dəyərini daha da artırır. "Kunanbayın alaçıqları qohumlarının alaçıqlarının yanında yerləşmişdi. Axşam çağı çöldə həyat canlanmışdı. İtlərin hürüşməsi, çobanların çığırışması, qoyun-quzuların mələşməsi, toz qaldıra-qaldıra suya tərəf qaçan atların ayaq tappıltısı, yenicə çatıdan açılmış və çöldə analarını tapmaq üçün vurnuxan dayçaların kişnəməsi bir-birinə qarışmışdı. Tonqallardan şəffaf axşam göylərinə qalxan tüstü alaçıqlar üstündə tünd boz bir pərdə kimi asılmışdı. Uşaq şəhərdə elə bunlar üçün darıxırmış. Onun qəlbini, oynaqlayan at kimi, şad bir həyəcanla döyündürən də elə bu imiş, onun bütün hisslərinə hakim olan da bu imiş!.."[1].

Epizoddakı təfərrüat bir tərəfdən Kunanbayın imkanlarının göstəricisi rolunda çıxış etmişdir. Yəni gələcək şairin atası varlıdır, ümumiyyətlə, ailəsi maddi cəhətdən tam təminatla yaşayır. Digər tərəfdən oxucu romanın ilk səhifəsindən başlayaraq qazax həyat tərzi ilə yaxından tanış olmağa başlayır. Təfərrüatın səciyyəvi funksiyalarından biri də obrazın iç dünyasının açılmasındakı roludur. Əsərdən bəlli olur ki, Abay molla yanında oxumaqdan qayıdıbdır və uzun müddət yad yerdə qaldığından ailəsi, yurdu üçün çox darıxıbdır. Təfərrüatlar onun baxımından verilir və yeniyetmənin həsrətini, niskilini təbii şəkildə ifadə edir.

Başqa bir epizodda aulun köçü təsvirini tapmışdır. Yazıçı köçün təsvirində də gələcək şairin mövqeyini əsas götürmüşdür. Təsvir prosesində yazıçı bir detalı daha qabarıq vermişdir. "Köçərilər araba nə olduğunu bilmirdilər. Aulda yalnız bir araba vardı ki, onda da nənə ilə Uljan gedərdi. Bu göy rəngli araba bütün Tobıktıda birinci və yeganə araba idi. Kunanbay ağa-sultan seçildiyi vaxt bu arabanı Karkaralinskdən almışdı. O, anasına demişdi: "Köç vaxtları səni bu arabada aparacaqlar""[2].

Epizodun təsvirindəki bu detal da yuxarıdakı təfərrüat nümunəsi kimi çoxfunksiyalıdır. Detal həm Kunanbayın var-dövlət baxımından hamıdan fərqləndiyini göstərir, həm də köçəri həyat tərzi yaşayan qazaxların məişətindəki tədrici dəyişikliklər nəzərə çarpdırılır. Hər iki halda müəllif mövqeyi təsvirçilik xarakterindən uzağa getmir, başqa sözlə desək, qiymətləndirmə xarakteri daşımır.

Romanda Abay-xalq cütlüyünə qarşı duran qüvvələr də təsvir olunmuşdur. Müəllif romanın heç bir epizodunda bu qüvvələrin hərəkətinə, əməlinə və ya düşüncələrinə müdaxilə etmir, onları yaxşı, yaxud pis mənada qiymətləndirmir. Əslində Muxtar Auezov bu zaman sənətin qızıl qaydasına əməl edir: nəticə çıxarmaq məsuliyyəti oxucunun öhdəsinə buraxılır. Oxucunun isə düzgün, məhz yazıçının, nəzərdə tutduğu nəticənin çıxartması üçün sənətkar təfərrütın və bədii detalın təsir gücündən istifadə etmişdir.

Yazıçı əsərdə Abay və xalq obrazını, eləcə də bunlara qarşı duran qüvvələrin obrazını yaradarkən təfərrüat və detaldan yalnız müsbət tutumda yararlanmamışdır. Abay obrazının təsvirini çıxmaqla digər obrazların təsvirində yazıçı təfərrüat və detalı həm müsbət, həm də mənfi çalarda işlətmişdir. Romanın qələmə alındığı illərdə ədəbi prosesdə siyasi, etnik-milli tabular mövcud idi. Sənətkarlar müəyyənləşdirilmiş siyasi qadağalar çərçivəsində yazıb yarada bilirdilər. Tabu və qadağaya məruz qalan sahələrdən biri də keçmiş SSRİ-nin tərkibində olan xalqların öz tarixi keçmişlərinin obyektiv təsviri ilə bağlı idi. Həmin dövrdə bəylərin, xanların müsbət obrazının (hətta tarixi gerçəkliyə uyğun olsa belə) yaradılmasına, etnik birlik və milli azadlıq, müstəqillik və s. ideyalarının tərənnümünə imkan verilmirdi. Tarixi mövzuda əsər yazmaq istəyən sənətkarlar üçün əməl edilməsi məcburi olan kanonlar müəyyənləşdirilmişdi: xalqlar dostluğu əbədidir, rus xalqı digər xalqlara azadlıq bəxş edibdir, xalqlara səadəti, mədəniyyəti sovet quruluşu gətirib və s.

  1. Auezov M. Abay. Azərnəşr, B., 1956 , 17
  2. Auezov M. Abay. Azərnəşr, B., 1956 ,62