Abdalçay şəlalələri — Abdalçay şəlalələri kaskadı Tovuz rayonunun Çobansığnaq kəndindən 3 km şimalda, Siqnax dağının şərq yamacında, onun zirvəsindən təqbirən 1 km məsafədə, eyniadlı çayın dərəsində yerləşir.
Abdal çayı şəlaləsi | |
---|---|
Ümumi məlumatlar | |
Hündürlüyü | 20-25 m |
Eni | 2-5 m |
Yerləşməsi | |
40°46′30″ şm. e. 45°42′46″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region |
|
Rayon |
|
Kənd | Çobansığnaq |
|
Topoqrafik xəritələrdə rəsmi adı Kilsəsuyu olan Abdalçay Tovuz rayonunun dağlıq hissəsində, Zəyəmçayın orta axınında yerləşən kiçik bir dağ çayıdır. Mənbəyni cənubda Haçaqaya (2120,5 m) və Dondar (2017,7 m) dağlarının yamaclarındakı bulaqlardan götürərək, əvvəl şimal istiqamətində, sonra isə Sığnaq dağını keçərək, şimal-qərb istiqamətində axıb, Zəyəmçaya tökülür. Çayın uzunluğu təxminən 14 km, mənsəbinin dəniz səviyyəsindən hündürlüyü isə 690,0 m-dir. Qısa məsafədə çayın 1300 m-dən çox düşməsi, onun yatağının meyllilik dərəcəsinin xeyli yüksək (90-100 ‰) olmasını şərtləndirir, yəni hər bir kilometrdə çay 90–100 m aşağı düşür. Bu da ərazinin erozion-denudasion xarakterli cox mürəkkəb relyefə malik olduğuna dəlalət edir və şəlalələrin əmələ gəlməsi üçün əlverişli şərait yaradır.Dərə dibinin meyilliyi xeyli yüksıkdir, yamacları dik və sıx meşəlikdir, onun kəsib keçdiyi vulkanik mənşəli sərt qayalar (daykalar, lava laylarının çıxışları) isə dərəboyu piyada hərəkəti xeyli çətinləşdirir və bəzi yerlərdə, hətta mümkünsüz edir. Bu səbəbdən dərə insan ayağı dəyməyən yerlər təəssüratı yaradır və onun sağ və sol suayırıcıların yastı yalları boyu yerləşən kəndlərin (Çobansığnaq, Sarıtala, Ağcaqala və s.), sakinlərinin böyük əksəriyyəti bu şəlalələrin mövcudluğundan tam xəbərsizdir.
Abdalçay hövzəsinin ərazisi geomorfoloji baxımdan Kiçik Qafqazın şimal-şərq yamacının ortadağlıq qurşağı ilə alçaqdağlıq qurşağın təmasında, Şəmkir antiklinor quruluşlu qırışıqlı — qaymalı tektonik-maqmatik mənşəli günbəzvari massivlə təmsil olunmuş eyniadlı morfostrukturun şimal-qərb hissəsində yerləşir. Səthi sıx erozion-denudasion dərə şəbəkəsi ilə kəskin parçalanmış mürəkkəb - qayalıq relyefə malikdir.
Şəlalələrın əmələ gəldiyi çay dərəsi mürəkkəb litoloji-petroloji tərkibli və tektonik dislokasiyaya məruz qalmış vulkanik və qismən də vulkanik-çökmə süxur kompleksləri üzrə formalaşmışdır. Belə ki, şəlalələr burada, əsasən, Mezozoy erasının Yura dövrünün Erkən Bayos əsrinin vulkanoklastları və lavalarından, Son Bayos əsrinin kvars-plagioporfirləri və onların tuflarından, tuf-brekçiya və[tuf-konqlomeratlarından təşkil olunmuş, aşınma və denudasiya proseslərinə müxtəlif dərəcədə məruz qalan süxur qat və laylarını uzunluğayaxın (meridional) istiqamətdə kəsib-keçən tektonik çat (qırılma) boyu həmin süxurları kəsmiş çay dərəsində əmələ gəlmişdir. Burada şəlalələr ərazini təşkil edən süxurların laylı olması ilə yanaşı Şəmkir günbəzvari massivini, o cümlədən də Abdalçayı dərəsini ümumqafqaz (enliyəyaxın) istiqamətdə kəsib-keçən tektonik çatlar boyu həmin süxur qatları bloklarının pilləvari gömülməsi nəticəsində formalaşmışdır.
Abdal şəlalələri kaskadı müxtəlif hündürlüklü 8 şəlalədən ibarətdir, lakin onlardan yalnız ikisi daha hündür və estetik baxımdan daha cəlbedicidir. Çayaxarı istiqamətdə, yuxarıdan birinci şəlalənin hündürlüyü təxminən 20, sonuncununku isə 15 metrdir. Bu şəlalələr 1:100000 miqyaslı topoqrafik xəritədə qeyd olunmayıb, lakin 1:25000 miqyaslı xəritədə birinci şəlalə əks olunsa da hündürlüyü cəmi 3 m qeyd edilib ki, bu da onun ancaq başlanğıc hissəsinə aiddir.
Şəlalələr adsızdır, lakin onları ictimaiyyətə ilk dəfə açıqlayan C.Qasımov birinci şəlaləni Cəlaləddin, sonuncunu isə Soltan adlandırmışdır. Bununla yanaşı coğrafi obyektlərə adların verilməsi 2007-ci ildə qəbul edilmiş Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyindən oradakı prosedur qaydalarının nəzərə alınması məqsədəuyğun hesab edilir.
Şəlalələrin ətraflarında çoxlu sayda müxtəlif təbiət və tarixi-memarlıq abidələrinin mövcudluğu və eləcə də ərazinin təbii şəraitrinin xeyli əlverişli olması və zənginliyi burada rekreasiya-turizm sənayesinin, inkişafına mühüm zəmin yaradır. Bunları nəzərə alaraq, həmin şəlalələrin təbiət abidəsi kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınması və gələcəkdə bu yerlərə eko- və geoturizm üzrə marşrutların salınması məqsədəuyğun olardı. Bu əsrarəngiz şəlalələrin geniş ictimaiyyət üçün açıqlanmasını nəinki Tovuz rayonunun, eləcə də Azərbaycanın coğrafiyasına və turizm potensialının inkişafına dəyərli bir töhfə kimi qiymətləndirmək olar.