Abdal tayfası — qədim türk tayfalarından biri.
Bu tayfa Ağ hun tayfasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır. Abdal tayfasının başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə olması da məlum faktdır [1]. Ağdam rayonunda yerləşən Abdal kəndi haqqında Azərbaycan toponimlərinin ensiklopedik lüğətində verilmiş məlumatda göstərilir ki, "Suriyalı tarixçi Zaxari Ritor (VI yüzil) Şimali Qafqazda Hun əyalətində yaşayan müxtəlif tayfalar arasında türkdilli abdel tayfasının da adını çəkir. Akad. V.V.Bartold abadel/abdal tayfasını hun tayfası sayır. Qazaxlarda, qaraqalpaqlarda, türkmənlərdə və Türkiyədə də abdal adlı tayfa qeydə alınıb. Mənbələrdə Heftal, Heptal, Eftal kimi qeyd edilən etnonim abdal adının müxtəlif fonetik formalarıdır [2]. Alban tarixçisi Movses Kalankatlı Albaniyada yaşayan abdal tayfasının adını çəkir. Onun yazdığına görə heptallar (abdallar) Makedoniyalı İsgəndər dövründə (e.ə. IV yüzil) buraya köçürülmüşlər. Hər halda abdal tayfasının Qafqaz Albaniyasında eradan əvvəl yaşaması ehtimal olunur" [3][4].
Abdal əsaslı etnotoponimlər Azərbaycan və Ermənistan ərazisindən başqa RF-nin Başqırdıstan respublikasında, Türkmənistanda da yayılmışdır. Ordubad rayonundakı Abdal dağ adı, XIX yüzildə Şimali Qafqazın Ter əyalətində Abdal dağı toponimlərindəki abdal sözü qədim türk tayfasının adını əks etdirir. Göründüyü kimi abdal əsaslı etnotoponimlərin yayılma arealı olduqca genişdir. Ermənistanda Abdal adlı bir neçə toponim vardı. Abdal-Abovyan rayonunda kənd adı, Yuxari Abdallar - 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı, Abdallar - İrəvan xanlığının Karpibasar mahalında kənd adı, Abdallar Ulya kənd adı, Avdal, Avdallar kənd adları, Avdalağa qala adı qeydə alınmışdır. Avdal Ulya etnotoponimindəki Ulya komponenti ərəb dilindən olub yuxarı mənasındadır.
Azərbaycan toponimlərinin ensiklopedik lüğətində Azərbaycanın Ordubad rayonunda Abdal adında dağ, Tovuz rayonunda isə kənd olması haqqında məlumat verilir. Bundan başqa Qubadlı rayonunda Abdalanlı, Oğuz rayonunda Abdallı kəndləri də vardır [5].
Abdal adı harda olur-olsun türk kökündən gəlir.