Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Abid Həmid oğlu Tahirli (30 noyabr 1955, Nohurqışlaq, Qutqaşen rayonu) — jurnalist, ədəbiyyatşünas, filologiya elmləri doktoru (2006), mətbuat tarixçisi. 1980-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Abid Tahirli | |
---|---|
Doğum tarixi | 30 noyabr 1955 (67 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili |
Abid Həmid oğlu Tahirli 1955-ci il noyabrın 30-da Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olmuşdur.
1975–1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsilə yiyələnmişdir.
1982–1987-ci illərdə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdəki həmvətənlər üçün nəşr etdiyi "Vətənin səsi" adlı qəzetdə müxbir işləmişdir.
1988-ci ildən Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – "Vətən" Cəmiyyəti yaranandan onun orqanı "Odlar yurdu" qəzetində əvvəlcə müxbir, sonra böyük müxbir, məsul katib, redaktor müavini vəzifələrində çalışmışdır.
1992–1993-cü illərdə "Vətən" Cəmiyyəti Avropa və Amerika ölkələri şöbəsinin müdiri vəzifəsində işləmişdir.
1993-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabinetində çalışır, humanitar və sosial problemlər şöbəsinin baş məsləhətçisi, Dövlət qulluğunun baş müşaviridir. 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
1997-ci ildə MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda "Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı" (mühacirətəqədərki dövr)" mövzusunda namizədlik, 2006-cı ildə Bakı Dövlət Universitetində "Azərbaycan mühacirət mətbuatında publisistika (1921–1991-ci illər)" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Abid Tahirlinin 15 kitabı- biri Türkiyədə olmaqla, 7 monoqrafiyası işıq üzü görmüş, çox sayda elmi, publisistik məqaləsi nüfuzlu jurnal və qəzetlərdə, o cümlədən "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Kaspi", "Azərbaycan", "Xalq qəzeti", "Azadlıq", "Azərbaycan müəllimi", "Ədalət", "Mədəniyyət", "Yeni Azərbaycan", "Bakı", "Səhər", "Maarifçi", "Hakimiyyət", "Respublika", "Mars", "Kredo", "Azərbaycan məktəbi", "Elm və həyat", "Dədə Qorqud", "İbtidai məktəb və məktəbəqədər tərbiyə", "Azərbaycan məktəbi", "Qobustan" və s. kimi qəzet, toplu və jurnallarda, elektron qəzetlərdə, eləcə də AMEA, BDU, ADPU, Təhsil Nazirliyinin "Odlar yurdu" Universitetinin "Elmi xəbərlər"i kimi nəşrlərdə dərc edilmişdir. Əsərləri respublikamızın, bir sıra xarici ölkələrin kitabxana fondlarına daxil edilmişdir.
Abid Tahirli çoxcildlik "Milli Azərbaycan Ensiklopediyası"nın məsləhətçilərindən, 2 cildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın müəlliflərindəndir.
Abid Tahirli eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mühazirələr oxumuş, Bakı Dövlət Universitetinin, "Xəzər" Universitetinin jurnalistika fakültələrində dərs demişdir.
Fəaliyyəti və tədqiqatları haqqında respublika və xarici ölkə mətbuatında 150-dən çox məqalə dərc olunmuşdur.