Aclıq

Aclıq — orqanizmi qida axtarmağa və qəbul etməyə vadar edən fizioloji vəziyyət.

Bu hal mədə nahiyəsində baş verən xoşagəlməz hissiyyatla özünü büruzə verir. Aclıq beynin böyük yarımkürələri qabığı, hipotalamus və retikulyar formasiyanın müəyyən törəmələrindən ibarət funksional sistemin fəaliyyəti ilə əlaqədardır. İ. P. Pavlov bu sistemi "qida mərkəzi" adlandırmışdır. Sonuncu aclıq hissiyyatını yaratmaqla (aclığın subyektiv əlaməti) və orqanizmi qida axtarmağa məcbur etməklə (aclığın obyektiv əlaməti) bərabər həzm prosesinin reflektor və humoral tənzimini də təmin edir. Qida mərkəzinin varlığı onunla isbat edilir ki, heyvanda hipotalamus və retikulyar formasiya nüvələrindəi bəzilərinin qıcıqlanması iştahnın artmasına (acgözlüyə), digərlərinin qıcıqlanması isə iştahsızlığa səbəb olur. Aclığın fizioloji mexanizmi barəsində iki nəzəriyyə var. Bunlardan biri aclıq hissiyyatının səbəbini qanda qida maddələrinin azalması ilə, digəri isə aclıq zamanı həzm orqanları reseptorlarının qıcıqlanması ilə izah edir.

Kütləvi aclıq

[redaktə | mənbəni redaktə et]

Kütləvi aclıq – regionda uzun müddət ərzaq çatışmazlığından yaranan və əhalinin kütləvi ölümünə səbəb olan sosial fəlakət. Aclıq-ın mütləq və nisbi formaları mövcuddur. Mütləq Aclıq həyat təminatı üçün zəruri olan minimum qida məhsullarının kifayət etməməsi, yaxud olmaması zamanı baş verir. Nisbi Aclıq isə aktiv həyat fəaliyyətinin saxlanılması üçün zəruri elementlərin və vitaminlərin olmadığı keyfiyyətsiz məhsulların daimi qəbul edilməsi zamanı yaranır. Bu, bəzi xəstəliklərə səbəb olur. Aclıq insanın psixikasına, onun somatik inkişafına təsir göstərir, şəxsi davranışına nəzarət qabiliyyətini və iradəsini zəiflədir, ruh düşkünlüyü, müxtəlif görmə və eşitmə hallüsinasiyaları yaradır. Aclıq həm son dərəcə arıqlama, üzülmə, həm də Aclıqdan yaranan hər hansı xəstəlik üzündən ölümlə nəticələnə bilər. Aclıq sosial fəlakət kimi qədim zamanlardan məlumdur. Aclıq haqqında daha dəqiq məlumatlar 19,20-ci əsrlərə aiddir. Aclıqdan İrlandiyada (1845–49), Hindistanda (1877–78, 1896–97, 1899–1900 və 1943), Rusiyada (1891, 1921– 22), Ukraynada (1932–33), Çində 1877–78, 1929–30, 1958–62), Böyük səhradan cənubdakı Afrika ölkələrində (1972–74, 1983–84, 1998) mln.-larla insan məhv olmuşdur.

Kütləvi Aclıq situasiyası ölkədə, reqionda bir çox amillərin mövcudluğundan yaranır. Bunlardan ən aşkarları təbii fəlakətlər (quraqlıq, daşqınlar, yanğınlar, məhsulun ziyanvericilər tərəfindən məhv edilməsi və yaxud bitkilərin xəstələnməsi), depressiv sosial-iqtisadi şərait (müharibə, iqtisadiyyatın zəif inkişafı və qeyri-sabitliyi) aiddir. Ərzaq məhsullarının istehsalında insanın istehsal fəaliyyəti ilə bağlı faktorun da təsiri var. Belə ki, ətraf mühitin çirklənməsi, torpaqların münbitliyinin azalması, iqlimin dəyişməsi, urbanizasiya və s. səbəblər Aclıq yaradır. Aclıq-ın bu qrup amillərinə idarəetmə səhvləri də aiddir. Aclıq-a gətirib çıxaran təbii anomaliyalar və sosial ziddiyyətlər deyil, dövlətin və cəmiyyətin ekstremal şəraitdə bütün əhalini zəruri ərzaqla təmin edə bilməməsidir. Aclıq, əsasən, sosiomədəni və siyasi səbəblərin nəticəsində (məs., vətəndaşların özünütəşkilinin zəifliyi, yaxud hakimiyyət dairələrinin siyasi iradəsinin olmaması və s.) baş verir.

Aclıqdan ən çox əhalinin kasıb təbəqəsi əziyyət çəkir. Buna görə də, hələ qədim zamanlardan dövlətlər strateji taxıl ehtiyatları yaradır (Qədim Misir), əhalinin artıq hissəsini müstəmləkələrə köçürür (Qədim Yunanıstan), çörək ticarəti qaydalarını tənzimləyən xüsusi qanunlar qəbul edirdilər (Qədim Roma) və s. Ölkəni Aclıqdan xilas etmək üçün öz əhalisini məskunlaşdırmaq, əlavə əkin yerləri əldə etmək və birbaşa ərzaq ələ keçirmək məqsədilə müharibələr aparılırdı. Yeni dövrlərdə Aclıq-ın qarşısını almaq üçün daha sivil və həlledici üsullardan – ərzaq məhsulları və mal-varidat ölkə daxilində bölüşdürülür, lazımı ərzaq məhsulları xarici ölkələrdən gətirilir, ərzaq məhsullarının saxlanılmasında və konservləşdirilməsində yeni texnologiyalar tətbiq edilir, süni məhsullar istehsal olunur və s. Aclıq cəmiyyət üçün insan ölümündən başqa ciddi dağıdıcı təzadlar da törədə bilər (aclıq bürümüş regionlardan kortəbii insan axını, cinayətkarlığın artması, aclıq qiyamları, kütləvi xəstəliklər və epidemiyalar və s.).

19-cu əsrin ortalarınadək Aclıq, təbii fəlakət, əhalinin Aclıqdan qırılması isə təbiətin qanunauyğunluğu kimi qəbul edilirdi. T. R. Maltus Aclığı Yer əhalisinin sayını tənzimləyən təbiət mexanizmi sayırdı. Buna görə də əhali arasında Aclıq böhranları, aclıq qırğınları qaçılmazdır. 20-ci əsrin 2-ci yarısında aqrar sənayənin daha da inkişafı "yaşıl inqilaba" gətirib çıxartdı və dünya birliyi planetin bütün əhalisi üçün kifayət qədər ərzaq məhsulları istehsal etmək üçün ciddi tədbirlər görməyə başladı. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (Food and Agriculture Organization, FAO) məlumatına görə 21-ci əsrin əvvəlində dünyada 850 mln. nəfər (dünya əhalisinin 13%) Aclıq çəkmişdir.

Qlobal problem olan Aclıqla mübarizədə bu gün təcili yardım və qabaqlayıcı kompleks tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi üçün bütün dünya ölkələri və beynəlxalq təşkilatlar birgə çalışır.