Adalar qövsü

Adalar qövsü

Adalar qövsü — əsasən bir-birinə yaxınlaşan iki tektonik plitə arasındakı sərhəd, paralel və yaxın olaraq yerləşdirilmiş, bir qövsdə düzülmüş, vulkan zəncirlərindən və bir çox adadan ibarət arxipelaq.[1] Adalar qövsü konvergent tektonik plitə sərhədləri boyunca aşkar olunan intensiv seysmik aktivliyə malik aktiv vulkanların uzun zəncirləridir. Adalar qövslərinin əksəriyyəti okean yer qabığından yaranır və subduksiya zonası boyunca litosferin mantiyaya enməsi nəticəsində yaranmışdır. Bu adalar kontinental böyümənin əldə edilməsinin əsas yoludur.[2]

Zirvəsi su səthindən qalxaraq qövsvari adalar sırası əmələ gətirən sualtı dağ silsiləsi. Adalar qövsü tək və qoşa olur. Sonuncular iki bir-birinə paralel sıra dağlardan ibarətdir: daxili — vulkan və xarici — qırışıqlıq dağlardan təşkil olub dağarası novla ayrılırlar. Adalar qövsü müasir mütəhərrik əyalətlərin bir hissəsi olub, qitədən okeana keçid zonasında yerləşir; bunlarla kənar geosinklinal dənizlərin dərin çökəklikləri, dərin okean novları və kənar okean tirələri (valları) əlaqədardır. Adalar qövsü aktiv vulkanik (əsasən andezit tərkibli) və seysmik fəaliyyətlə, eləcə də Yer qabığının kəskin şaquli hərəkətləri və parçalanmış relyeflə səciyyələnir. Bunlar qədim geosinklinal əyalətlərin geoantiklinal qalxımlarının və ya dağ silsilələrinin analoqu hesab edilir.

Adalar qovsünün maqmatizmi

[redaktə | mənbəni redaktə et]

Adalar qovsünə xas olan maqmatizm. Dərinlik novları və kənar dənizlərlə yanaşı, adalar qövsü fəal qitə kənarlarının tərkib hissəsidir. Bunlar üçün yüksək maqmatik və seysmik fəallıq, qeyri-bircins blok quruluşu, süxurların qələviliyinin strukturun arxa hissəsinə doğru artması, turş süxurların lokal inkişafı, əsasi və orta tərkibli süxurların isə geniş yayılması və terrigen turbiditlərlə sıx assosiasiya yaradan kalsiumlu qələvi və andezit vulkanizmin sahəvi inkişafı səciyyəvidir. Adalar qovsünün maqmatizmi dərinlik və ya mantiya mənşəli hesab olunur. Plitələr tektonikası nəzəriyyəsi baxımından maqmatizmin mənbəyi litosfer plitəsinin subduksiya prosesində mantiyaya gömülərək əriməsi (sürtünmə istiliyi təsirindən) kimi qəbul edilir. Ərimə hesabına subduksiya zonasının önündə kalsiumlu qələvi (və qabbro-plagioqranit) seriya süxurları — andezitlər, yüksək maqneziumlu andezitlər (boninitlər) və bazaltlar, kənarında isə şoşonit seriyası süxurları əmələ gəlir.

Adalar qövsünün metallogeniyası

[redaktə | mənbəni redaktə et]

Adalar qövsünün geodinamik şəraitinə xas olan metallogeniya. Bu tip strukturların metallogeniyasında aşağıdakı zonallıq müəyyən edilmişdir: 1) dərin su novuna və çökmə terrasa uyğun olan hiperbazit protruziyalarla, dərinsulu çökmələrlə, melanjla, olistostromluqlaukofanlı metamorfizmlə müşəyiət olunan toleit vulkanizm zonasının effuzivləri ilə əlaqədar olan mis-kolçedan yataqları; 2) keçmiş vulkanik qövslərin yerini göstərən kalsiumlu qələvi andezit-bazalt vulkanizmi və qabbro-plagioqranit intruzivləri (əsl adalar qövsü assosiyası) zonasına mis, polimetal (bəzən isə qızıllı) kolçedan minerallaşması səciyyəvidir. Onlara "kuroko" tipli stratiform yataqlar daha çox xasdır. Vulkanik qövslərin inkişafının ilkin mərhələsində əsasən kolçedan filizi, gec mərhələsində isə mis-porfir, bəzən isə mis-molibden filizi əmələ gəlir; 3) adalar qövsünün arxasında kənar dənizə uyğun gələn maqmatik törəmələr çox az olduğu terrigen çöküntütoplanma zonasının endogen minerallaşma baxımından demək olar ki, filizsiz olması; 4) tonalit-qranodiorit batolitlərinin inkişaf zonası üçün dəmir-mis skarn filizləşməsi və qızıl minerallaşması səciyyəvidir.

  1. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679 səhifə.
  2. Taylor, S.R. "The origin and growth of continents". Tectonophysics. 4 (1). 1967: 17–34. Bibcode:1967Tectp...4...17T. doi:10.1016/0040-1951(67)90056-x. ISSN 0040-1951.