Gicitkən (lat. Urtica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gicitkənkimilər fəsiləsinə aid bitki cinsi.
Gicitkən | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Gicitkən |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar vermişlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb etmişdir.
Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmışdır. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılmışdır.
Urtica — latınca "yandırmaq", "dalamaq" mənasını bildirir. Gicitkənin yarpaq və gövdələrinin üstü silisium və qarışqa turşusu ilə zəngin sıx tükcüklərlə əhatə olunmuşdur. Bu tükcüklərin ucu iti və kövrəkdir. Bitkiyə toxunduqda ani halda tükcüklərdən bir neçəsi dərinin toxumasına batır və ucları çox asanlıqla qırılır. Elə bu vaxt silisium və qarışqa turşusunun qarışığından ibarət çox kəskin yandırıcı və dalayıcı xüsusiyyətə malik maye dərinin içərisinə daxil olur.
Respublikamızda ən geniş yayılan növü dalayan gicitkəndir. Buna ikievli gicitkən də deyilir. Gicitkənin bu növü "gəzənə" adı ilə tanınır.
Gicitkən, demək olar ki, Azərbaycanın bütün zonalarında yayılmışdır. Respublikamızın dağ-meşə rayonlarında onun sənaye əhəmiyyətli ehtiyatı vardır. Qiymətli növü ikievli gicitkəndir.
İkievli gicitkən (buna iri gicitkən də deyirlər) — U. dioica L. hündürlüyü 100–150 sm olan çoxillik ot bitkisidir. Şaxəli köklər, dördillik yerüstü gövdəsinin budaqlanması, qarşı-qarşıya düzülmüş tünd-yaşıl yarpaqlardan ibarət olması bu bitki üçün səciyyəvi əlamətdir. Yaşıl rəngli xırda çiçəkləri isə budaqlarının qoltuğunda sünbül çiçək qrupunda toplanmışdır. İyun ayından başlayaraq, sentyabra kimi çiçəkləyir. Meyvəsi qutucuqdur.
Gicitkən qiymətli dərman bitkisidir. İstər xarici ölkələrdə, istərsə də respublikamızda gicitkən dərman bitkisi kimi işlədilir. Polşa xalq təbabətində ondan qankəsici kimi, qara ciyər xəstəliklərində, oynaqlarda baş verən revmatizm əleyhinə və saçın tökülməsinə qarşı geniş istifadə olunur. Bolqarıstan və Almaniyada qanazlığına, ateroskleroza, əzələ və oynaq revmatizminə, suçiçəyinə, böyrək və sidik kisəsi soyuqdəymələrinə, qara ciyər, öd kisəsi, mədə-bağırsaq spazmalarına, həmçinin, babasil, dəridə baş verən göbələk və s. xəstəliklərə qarşı müvəffəqiyyətlə istifadə edilir. Fransada uzun sürən kəskin xroniki bağırsaq iltihabında, eləcə də vərəm, dizenteriya və s. xəstəliklərin müalicəsində işlədilir.
Cavan gicitkən yarpaqlarından alınan şirədən öd yollarında əmələ gələn daşların əridilməsində, eləcə də qara ciyər soyuqlamasında və iflicə qarşı istifadə olunur.
Kökündən və toxumlarından hazırlanmış cövhərin şəkərlə qarışığı böyrək və öd yollarında çoxdan kök salıb bərkimiş daşların əridilməsinə kömək edir. Həvəngdəstədə döyülüb əzilmiş gicitkəndən oynaqlarda və eləcə də əzələlərdə əmələ gələn revmatizmə və radikulitə qarşı yapışdırıcı məlhəm kimi istifadə edilir. Gicitkəndən hazırlanan preparatlardan uşaqlıqda və babasil xəstəliklərində baş verən qanaxmalarda, mədə yaralarında, vitamin çatışmazlığında geniş istifadə olunur. Bu xəstəliklərin sağalmasına kömək edən onun tərkibində olan C, K vitaminləri, karotin və xlorofil birləşmələridir. K vitamini qankəsicidir. Xlorofıl orqanizmin həyat fəaliyyətini gücləndirir, maddələr mübadiləsini yüksəldir, uşaqlığın tonusunu artırır, mədə-bağırsaq, ürək-damar sistemlərinin normal işləməsinə şərait yaradır. Orqanizmin yeni toxumalarla təmin olunmasında və eləcə də toxuma pozuntularının qarşısını almaqda, bir sözlə, xlorofıl orqanizmdə baş verən normal həyat fəaliyyətinin nizamlanmasında əsas rol oynayır.
Gicitkən sanki vitamin fabrikidir. Onun yarpaqları C vitamini ilə zəngindir. Tərkibindəki C vitamininin miqdarı qarağat, kartof, kök və əvəlikdəkindən çoxdur. Yarpaqlarnın tərkibində B və B2 vitaminləri də vardır. Odur ki, respublikamızın bir çox rayonlarında bitkinin təzə, tünd-yaşıl yarpaqları azca ovulub duzla yeyilir. Ondan kükü və müxtəlif xörəklər bişirilir. Bitkinin cavan yarpaq və zoğuna soğan, istiot, keşniş, qoz, yağ və azca sirkə əlavə edilərək xəmir xörəklərinə qatılır. Azərbaycanın bir çox rayonlarında gicitkənin yarpaqlarını qurudur, ona azca şəkər qatıb saxlayır və yeri gəldikcə ədviyyə kimi istiafdə edirlər. Bundan əlavə, gicitkəndən kətə, qutab, salat, göyərti şorbası, püre və s. hazırlanmasında istifadə edilir. Cavan zoğ və yarpaqlarını duza qoyurlar. Cavan yarpaq və gövdəsini doğrayıb kölgəli yerdə qurudurlar. Şoraba tutduqda, əriştə, kükü bişirdikdə ədviyyat qatqısı kimi işlədilir. Qanı az olan adamlara təzə gicitkən yemək məsləhət görülür.
Gicitkən həm də qiymətli yem bitkisidir. Belə ki, onun qarğıdalı, sorqo, çovdar, vələmir, çuğundur, kartof, müxtəlif yem əhəmiyyətli otlarla birikdə hazırlanmış silosu yüksək keyfiyyətli olur.
Gicitkən bitkisi qidalılığına görə paxlalı bitkilərdən heç də geri qalmır. Gicitkənin tərkibində 20,8% protein, 2,5% yağ, 18% sellüloz, 30,7% tərkibində azot olmayan şirə, 16,6 mq% kalium, kalsium və dəmir tərkibli makroelementlər, 50 mq%-ə qədər karotinoid və s. maddələr tapılmışdır. Yaşıl yarpaqlarının tərkibində 2,5–5,0%-ə qədər xlorofil vardır. Gicitkən qiymətli texniki bitki sayılır. Gövdəsinin tərkibində lif istehsal etmək üçün çoxlu sellüloz maddəsi aşkar edilmişdir. Yarpaqlarının tərkibində K vitamini, urtisin qlükozidi, aşı və zülal maddələri, qarışqa və askorbin turşusu, C (C17H20O6N4) vitamini, pantoten turşusu, protoporfirin (C34H34O4N4), koproporfirin (C36H3808N4) və bir sıra karotinoid birləşmələri tapılmışdır. Bundan əlavə, tərkibində 5%-ə qədər xlorofil maddəsi, 1,96%-ə qədər 3–0 qlikozid və 3–0 rutinozid-kversetin, kempferol və izoramnetin flavonoidləri, 10%-ə qədər nişasta və s. maddələr də vardır.
Yaşıl yarpaqlarının tərkibində 14,40% kül maddəsi, mq/q hesabı ilə 34,20 — K, 37 −40 — Ca, 6,00 — Mg, 0,3 — Fe makroelementləri, mkq/q%-lə: 0,31 — Mn, 0,80 — Si, 0,50 — Zn, 0,13 — Co, 248,00 — Mo, 0,06 — Cr, 0,11 — A1, 16,64 — Ba, 10,50 — Se, 0,12 — Ni, 1,15 — Sr, 0,06 — Pb və s. mikroelementləri tapılmışdır.
Gicitkəndən bəzi xəstəliklərin müalicəsində istifadə edilir:
Gicitkənin müalicəvi xüsusiyyətləri haqqında ilk maraqlı məlumatı İbn Sina vermişdir. Dahi təbib doğranıb nazik toz halına salınmış gicitkənlə burun qanaxmalarının kəsilməsində istifadə etmişdir. Toxumundan alınmış cövhər astma, hava çatışmazlığı və plevritin müalicəsində işlədilir. Gicitkəndən ağ ciyər, öskürək, uşaqlıq qanaxmalarında da istifadə edilmişdir.
Şirəsinə şəkər qatışdırıb öskürək əleyhinə əla müalicəvi vasitə kimi istifadə olunınuşdur.
Gicitkənin yarpaqlarından alınmış təzə şirəsindən, dəmləməsindən bir sıra xəstəlikləri müalicə edirlər. Həmçinin şəkər əleyhinə də işlədilir.
Meşə açıqlıqlarında (talalarda), bağ və bağça çəpərlərinin kənarlarında, çox günəşli sahələrdə tər, incə gicitkən cücərtilərinə rast gəlmək olar. Gicitkəni çiçək açan dövrdə toplayırlar. Erkən yazda özünüzü "canlı" vitaminlərlə təmin edə bilərsiniz. Həmin vaxt gicitkənin yarpaqları zəngin C vitamininə malik olur. Yarpaqlarında vitaminin miqdarı qarağatdakından 2 dəfə, karotinin miqdarı yerkökündəkindən, K vitamini isə ispanaq və kələmdəkindən artıqdır. Xalq təbabətində gicitkəndən lap qədim zamanlardan istifadə edirlər.
Gicitkəndən hazırlanan preparatlar polivitamin, tonusartırıcı, qankəsici, yarasağaldıcı, antiseptik, südartırıcı, sidikqovucu, işlədici, bəlğəmgətirici kimi şiş əleyhinə işlədilir. Gicitkən yarpaqlarının tərkibindəki sekretin maddəsi orqanizmdə insulinin əmələ gəlməsini stimullaşdırır və qanda şəkərin miqdarını azaldır.
Gicitkənin yarpaq və kökündən müalicə preparatlarını hazırlamaq üçün lazım olan xammalı may-iyul aylarında, çiçəkləmənin axırına yaxın toplamağı məsləhət görürlər. Çiçəyi solub başa çatdıqdan sonra bitki öz faydalı xüsusiyyətlərinin yarısını itirir. Gicitkəndən hazırlanan preparatlardan istifadə etməzdən əvvəl həkimlə məsləhət edin. Çünki qanının qatılığı yüksək olan, aterosklerozdan və hipertoniyadan əziyyət çəkən xəstələrə gicitkəndən istifadə etmək məsləhət görülmür.
Yazda vitamin çatışmazlığına qarşı, cavan zoğlarından alınan şirədən 1 çay qaşığı götürüb yeməyə 20 dəqiqə qalmış gündə 3 dəfə için.
Vitaminli çayın hazırlanması. Gicitkən yarpağı, itburnu meyvəsi və qırmızı quşarmudundan bərabər miqdarda götürün. Doğrayıb narın hala saldıqdan sonra qarışıqdan 2 xörək qaşığı götürüb 0,5 litr qaynar suya tökün. Bir saat dəmlədikdən sonra süzüb 0,5 stəkan həcmində gündə 2–3 dəfə qəbul edin.
Qızdırma (titrətmə) xəstəliyi aşağıdakı kimi müalicə olunur. Doğranmış gicitkən kökünə sarımsaq qatıb suda qaynadırlar. Alınmış cövhər xəstənin bədəninə sürtülür və gündə 3 dəfə bir xörək qaşığı qəbul edilir.
Gicitkən toxumalarından hazırlanmış cövhər insan və heyvanlarda əhval-ruhiyyəni artırır. Ondan hazırlanmış vanna isə məxmərək xəstəliyinə, tərləmə əleyhinə və günvurma nəticəsində bədəndə əmələ gələn yanıqların müalicəsinə kömək edir.
Uşaqlıq və kəskin aybaşı qanaxmalarında. Cavan zoğ və yarpaqlarından alınmış şirədən bir çay qaşığı həcmində stəkanın 1/4 hissəsi qədər suyun üzərinə töküb yeməyə 15–20 dəqiqə qalmış gündə 3 dəfə qəbul edin. Müalicə kursu 7 gündür.
Zəhərlənmə zamanı bas verən qanaxmalarda. 3 xörək qaşığı təzə kök və zoğunu 1 stəkan suya töküb 1 saat dəmlədikdən sonra süzün. Gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmış stəkanın 1/4 hissəsi qədər qəbul edin. Müalicə müddəti 2–3 gündür.
Damar revmatizmində. Bunun üçün təzə otunu ağrıyan nahiyənin üzərinə qoyub solana qədər saxlayın. Günaşırı bu əməliyyatı davam etdirin.
Saçın tökülməsinin və kəpəyin əmələ gəlməsinin qarşısının alınmasında. Başın dərisinə gicitkən şirəsi sürtün. Bu prosesi 3 aya qədər davam etdirin.
Revmatizm-poliartritdə. 1 xörək qaşığı quru gicitkəni 1 stəkan qaynar suya töküb 1 saat dəmlədikdən sonra, süzüb yeməyə 20 dəqiqə qalmış gündə 3–4 dəfə, bir xörək qaşığı qəbul edin.
Qızdırma və mədənin müalicəsində. Gicitkənin kök hissəsini bərabər miqdarda sarımsaqla qarışdırıb 1/5 nisbətində suya töküb, bir həftə dəmləyib, süzün. Sonra aldığınız cövhəri ağrıyan nahiyəyə sürtün. Ağrı kəsənə qədər əməliyyatı davam etdirin. Bundan başqa cövhərdən bir xörək qaşığı qəbul edib qızdırmanın qarşısını ala bilərsiniz.
Yarpaqlarından cövhərin alınması. 1 xörək qaşığı quru, doğranmış yarpaqlarından 1 stəkan qaynar suya töküb 10 dəqiqə qaynatdıqdan sonra süzün. Aldığınız cövhərdən 1 xörək qaşığı götürüb gündə 3 dəfə yeməyə 20–30 dəqiqə qalmış qəbul etməklə vərəm və ağ ciyər qanaxmalarının qarısını almaq olar.
Qarın köpü, dispepsiya (mədə fəaliyyətinin pozulması), mədə qanaxmalarında, bağırsaq, mədə spazmalarında, qəbizlikdə, babasil, xolesistit və s. xəstəliklərin müalicəsində. 1 xörək qaşığı quru doğranmış yarpağını 1 stəkan qaynar suya tökün, 20 dəqiqə dəmlədikdən sonra süzün. Aldığınız cövhərdən gündə 3 dəfə 1 xörək qaşığı qəbul edin.
Kəskin babasil zamanı. 4 q yaxşı yuyulmuş gicitkən yarpağı ilə murdarça qabığını 1 litr qaynar suya töküb od üzərinə qoyun. 15–20 dəqiqə qaynatdıqdan sonra soyudub süzün. Aldığınız cövhərdən 1 stəkan səhər tezdən acqarına, axşamlar isə yeməkdən qabaq qəbul edin.
Damar ağrılarında. 1 xörək qaşığı quru doğranmış kök hissəsini 0,5 stəkan günəbaxan yağının üzərinə töküb 30 dəqiqə qaynadın, sonra süzüb ağrıyan nahiyəyə sürtün.
Podaqra tutmalarında (oynaq xəstəliklərində). 20 q quru doğranmış yarpağından götürüb 1 stəkan qaynar suya tökün. 30 dəqiqə dəmlədikdən sonra süzüb, 0,5 stəkan miqdarında gündə 3–4 dəfə qəbul edin. Bu xəstəlik zamanı gicitkən şirəsindən də istifadə etmək olar.
İflic zamanı. 5 q quru doğranmış yarpağı 1 stəkan qaynar suya töküb 15–20 dəqiqə dəmləyin. Aldığınız cövhərdən gündə 3 dəfə, 1 xörək qaşığı qəbul edin.
Qadın xəstəlikləri zamanı. Uşaqlıq tonusunun normal vəziyyətə gətirilməsində, süd verən analarda südün miqdarının artırılmasında. 5 q quru doğranmış xammalı 1 stəkan qaynar suya töküb 20 dəqiqə saxladıqdan sonra süzün. Gündə 3 dəfə 1 xörək qaşığı qəbul edin.
Ekzema, dermatit yaralarının, kəsiklərin və çibanların müalicəsində. 1 xörək qaşığı doğranmı. yarpağından 1 stəkan qaynar suya töküb 15 dəqiqə dəmlədikdən sonra süzün. Aldığınız cövhərdən 1 xörək qaşığı gündə 3 dəfə qəbul edin. Təzə alınmış şirəsindən isə yaraların, cərrahiyyə əməliyyatından sonrakı tikişlərin və kəsiklərin üzərinə sürtüb onları sağaldırlar.
Qanın təmizlənməsində. Gicitkən yarpaqlarından dərib axar suda təmiz yuduqdan sonra tənzif və ya salfet kağızı ilə qurulayıb, ət maşınından keçirin. Alınan şirədən 1 çay qaşığı həcmində götürüb 50 q südə və yaxud isti suya töküb gündə 3 dəfə yeməyə 15 dəqiqə qalmış qəbul edin.
Gicitkən yarpaqlarndan götürüb təmiz yuduqdan sonra, qaynar suda pörtlədib, ət maşınından keçirin, alınan sıyıgı ikiqat tənzifdən süzün. Alınan şirəni 1:3 nisbətində bal ilə qarışdırıb 3–5 dəqiqə qaynadın. Qarışıqdan 1 çay qaşığı gündə 3 dəfə qəbul edin.
Şəkərli diabetdə, fosfor və karbonatlı birləşmələrindən əmələ gələn daşların tökülməsində, eləcə də zəhərlənmə əleyhinə. 7 q quru doğranmış yarpaqları 1 stəkan qaynar suya tökün, 15–20 dəqiqə dəmləyib süzün. Aldığınız cövhərdən gündə 3 dəfə 1 xörək qaşığı qəbul edin. Bu üsulla anemiya xəstəliyini də müalicə etmək olar.
Dalaq və piylənməyə qarşı. 1 xörək qaşığı qurudulmuş yarpağı 1 stəkan qaynar suya tökün və 10 dəqiqə dəmlədikdən sonra süzün. Aldığınız cövhərdən gündə 3 dəfə bir xörək qaşığı daxilə qəbul edin.
Saçı möhkəmləndirmək üçün. 2 xörək qaşığı qurudulmuş gicitkən yarpaqlarını eyni miqdarda ögey ana və dəvədabanı bitkisi ilə qarışdırıb 1 stəkan qaynar suya töküb dəmlədikdən sonra süzün. Bu cür hazırlanmış qatı cövhəri həftədə 1–2 dəfə tüklərin dibinə sürtün.
Saç tökülməsi zamanı. 100 q doğranmış gicitkən yarpaqlarını 0,5 litr suya töküb üzərinə 0,5 stəkan sirkə əlavə edin. Məhlulu 30 dəqiqə qaynadıb süzün. Aldığınız cövhərlə yatmazdan qabaq saçınızı sabunsuz yuyun.
Gicitkən qiymətli boyaq bitkisidır. Hələ XIX əsrin axırları və XX əsrin əvvəllərində gicitkənin yaşıl hissəsindən yaşıl boyaq "xlorofil" alınaraq, yeyinti və tibb sənayesində geniş istifadə edilmişdir. Biz isə birinci dəfə olaraq gicitkənin yaşıl yarpaqlarından və kök hissələrindən boyaq ekstraktı almışıq. Bu ekstraktla yunu yaşıl, yaşıl-qonur, yaşıl-qəhvəyi, yaşıl-boz, yaşıl-zeytunu, zeytunu-yaşıl, yaşıl-sarı, sarımtıl, sarımtıl-narıncı, narıncı və s. rəng və çalarlara boyadıq. Ümumiyyətlə, 60-a qədər rəng və çalarlar almağa nail olduq.
İlk dəfə olaraq yeni texnologiya üsulları əsasında gicitkən yarpaqlarından yeyinti və spirtli içkilər sənayesində böyük ehtiyac hiss edilən müalicəvi təsirə malik qiymətli yaşıl rəngli boyaq maddəsi aldıq. Aldığımız yeni yaşıl rəngli boyaq maddəsi yeyinti məhsullarını boyamaqla yanaşı, onların tərkibini vitaminlərlə zənginləşdirir. Bu boyaq maddəsi diş pastalarının, kosmetika məhsullarının, tibb sənayesində dərman preparatlarının tərkiblərinə də daxil edilə bilər.
Hazırda kosmetika sahəsində gicitkəndən geniş istifadə edilir. Belə ki, ondan hazırlanan cövhər, dəmləmə və vannalardan, krem və mazlardan dərinin xroniki yaralarının, çibanların, qoturluq və ekzemaların müalicəsində istifadə olunur. Dəridə əmələ gələn düyün və qabarların üzərinə yaxılır, yaradan gələn üfunətli iylərin aradan qaldırılmasında dezinfeksiyaedici vasitə kimi işlədilir. Bundan əlavə toxumaların bərpa edilməsində, elastikliyin artırılmasında sıyıgından işlədilir. Bir sıra xarici ölkələrdə yarpağından alınan şirəsindən tüklərin dibinin möhkəmləndirilməsində, kəpəyin təmizlənməsində, cövhərindən isə daşlaşmaya qarşı işlədilir, həm de ziyili müalicə edirlər.
Gicitkəndən bir çox kosmetik vasitələr hazırlanıb xalqın istifadəsinə verilmişdir.