Adil Abas Əli oğlu Əliyev (7 sentyabr 1930, Bakı) — neftçi-geoloq, geokimyaçı, vulkanoloq, Azərbaycan Respublikası Dövlət Mükafatının ilk laureatı, Əməkdar elm xadimi, AMEA Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri, professor.
Adil Əliyev | |
---|---|
Adil Abas Əli oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | geologiya |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası |
Mükafatları |
Adil Əliyev 1930-cu il sentyabrın 7-də Bakıda anadan olub. O, 1949-cu ildə paytaxtın 3 nömrəli orta məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olub. 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək, neftçi-geoloq ixtisasına yiyələnib. Alim elmi fəaliyyətinə həmin ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki GGİ) başlayıb.[1]
O, 1954-cü ildə “Neft və qazın geologiyası” ixtisası üzrə aspiranturaya qəbul olunub, 1958-ci ildə namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini alıb. Bir ildən sonra böyük elmi işçi vəzifəsinə yüksələn alim sonrakı illərdə Bituminologiya və süxurların üzvi maddələri (1969-1970) və Palçıq vulkanlarının geokimyası (1972-1986) laboratoriyalarına rəhbərlik edib. 1986-1990-cı illərdə Suriya Neft Şirkətində (Dəməşq şəhərində) baş mühəndis-geokimyaçı və elmi məsləhətçi vəzifələrində işləyib. A.Əliyev 1992-ci ildə “Palçıq vulkanizminin geokimyası və böyük dərinliklərin neft-qazlılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildən Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinə rəhbərlik edir.
Alim 300-dən çox elmi əsərin, o cümlədən 15 kitabın müəllifidir. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunub, xaricdə və ölkəmizdə keçirilən beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapıb. Son illər ərzində professorun rəhbərliyi ilə 10-dan çox elmlər və fəlsəfə doktoru hazırlanıb.[2]
O, 2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına,[3] 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə,[4] 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına (№001),[5] 2018-ci ildə “Şöhrət” ordeninə[6] layiq görülüb, eləcə də bir sıra medal, diplom və fəxri fərmanlarla təltif edilib.