Adil Allahverdiyev

Adil Allahverdiyev (tam adı: Allahverdiyev Adil Məhəmmədəli oğlu; 1 mart 1951, Culfa rayonu) — Elmlər doktoru, professor. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru

Adil Allahverdiyev
Adil Məhəmmədəli oğlu Allahverdiyev
Doğum tarixi (73 yaş)
Doğum yeri Naxçıvan MSSR, Culfa rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi tibb
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor
İş yerləri Yıldız Texnik Üniversteti / Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru

Allahverdiyev Adil Məhəmmədəli oğlu 1951-ci il martın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Culfa rayonunda müəllim ailəsində anadan olub. 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul edilib. 1974-cü ildə institutu əla qiymətlərlə başa vurması və aktiv ictimai fəaliyyətinə görə S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutuna həkim-baş laborant vəzifəsinə təyin edilib.[1]

1975-1977-ci illərdə A.Allahverdiyev elə həmin institutda klinik ordinaturanı davam etdirib. Ordinaturanı bitirdikdən sonra hemoqlabin-enzimopatiya laboratoriyasında kiçik elmi işçi işləyib. 1978-1981-ci illərdə A.Allahverdiyev elmi-tədqiqat fəaliyyətini Moskvada, Tibb Elmləri Akademiyası nəzdində Y.İ.Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun məqsədli aspiranturasında davam etdirib, 1981-ci ildə aspiranturanı bitirib, tibb elmləri namizədi elmi dərəcəsini alıb.

Həmin illərdə də onun tərəfindən ilk dəfə tətbiq edilmiş “qlükoza-6-fosfatdehidrogenaz (G-6PD) ferment çatışmazlığından əziyyət çəkən, dərman preparatlarına həssaslığı olan insanlarda “in vitro” hemolizinin müəyyən edilməsi” metodu elmdə ciddi problemlərin həll olunmasına kömək edib. Tədqiqatlarda natrium formiatın antioksidant xüsusiyyəti də aşkara çıxarılıb. Bu, primaxinin yaratdığı G-6PD ferment çatışmazlığı olan adamlarda eritrositlərin hemolizinin qarşısını alır.

1981-1983-cü illərdə A.Allahverdiyev S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb, Azərbaycanda malyariyanın qarşısının alınması üçün öz yeni metodunu tətbiq edib. 1983-1989-cu illərdə yenidən Moskvaya qayıdan A.Allahverdiyev elmi tədqiqatını həmin institutda davam etdirib və 1989-cu ildə doktorluq dissertasiyası müdafiə edib, tibb elmləri doktoru elmi dərəcəsini alıb. Bu illərdə SSRİ-də ilk dəfə aparılan elmi işlərin böyük hissəsini dərman preparatlarının və vaksinin hazırlanmasında mühüm rol oynayan eritrositar silsilənin “P.falciparum in vitro”dan faziləsiz kulturasının alınması təşkil edirdi. Akademik B.A.Astafyev bu elmi tədqiqatların nəticələrini yekunlaşdıraraq kitabında yazır: “SSRİ-də bu sahənin inkişafı doktor A.Allahverdiyevin adı ilə bağlıdır. O, ilk dəfə “P.falciparum” uzun xalis kulturasını əldə edərək ölkəmizdə bu sahənin inkişafına böyük töhfə verib. Əldə edilən nəticələr SSRİ və bəzi sosialist ölkələrində malyariya sahəsində, xüsusən vaksinin yaradılmasında fundamental tədqiqatların öyrənilməsi üçün əsas oldu”.

A.Allahverdiyevin tədqiqatında ilk dəfə olaraq malyariya parazitlərinin eritrositar mərhələsinin daxilində “rest state” dinclik vəziyyəti aşkar edilib. Bunun epidemiologiya və kimyəvi terapiyada mühüm əhəmiyyəti var.

1990-cı ildə A.Allahverdiyev Azərbaycan Mikrobiologiya, Epidemiologiya və Peşə Xəstəlikləri İnstitutunda (indiki V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu) “Hüceyrə kulturaları və krioprezervasiyalar” laboratoriyasının müdiri kimi öz işini davam etdirib. 1992-ci ildə beynəlxalq konqresdəki (İran, Tehran) çıxışından sonra A.Allahverdiyev Türkiyənin ən məşhur universitetlərindən biri olan Çukurova Universitetinin (Adana) tibb fakültəsinə dəvət edilib. Dəvətin əsas məqsədi Türkiyədə “P.falciparum” fasiləsiz kulturalarının və onun əsasında malyariya sahəsində yeni elmi nailiyyətlərin tətbiqi olub.

Sonralar 1992-2006-cı illərdə A.Allahverdiyev tibbi biologiya kafedrasında işləyib, 1995-2000-ci illərdə tibb fakültəsinin mikrobiologiya və immunologiya kafedrasında, 2000-2006-cı illərdə Tropik Xəstəliklərin Tədqiqi İnstitutunda və Tətbiq Mərkəzində işləyib. Burada A.Allahverdiyev müxtəlif hüceyrə kulturaları və kriobank laboratoriyasını yaradıb və ona rəhbərlik edib.

Çukurova Universiteti dövründə A.Allahverdiyev dünyada ilk dəfə leyşmaniozun dəri formasının və insan üçün təhlükəli olan visseral formasının diaqnostikasında yeni mikrokultura metodunu işləyib. Dünyanın müxtəlif konqreslərində (Avropa Dermatoloqları və Veneroloqları Konfransı, İspaniya, 2004, İtaliya, 2004; Türkiyə Mikrobioloqlarının Konfransı, İzmir, Quşadası, 2004; Beynəlxalq Transmissiv Xəstəliklər Simpoziumu, İstanbul, 2005; Leyşmanioz üzrə III Dünya Konqresi, İtaliya, 2005) təqdim edilən kəşf bu sahədə işləyən alimlərin diqqətini cəlb edib. Hazırda mikrokultura metodu dünyanın müxtəlif ölkələrində (ABŞ, Çin, İspaniya, İsveç, Yunanıstan, İndoneziya, Azərbaycan və s.) uğurla tətbiq edilir. Bu metodla bağlı tədqiqatlar yeni sahələrdə yayılmaqda və genişlənməkdə davam edir. Bu metoddan donor qanında və asimptomatik formalı leyşmanioz xəstələrdə leyşmaniozun diaqnostikasında, habelə gövdə hüceyrələrinin kultivasiyasında istifadə olunur. Bundan başqa, A.Allahverdiyev “in vitro” və “in vivo” müxtəlif kultura modellərindən istifadə edərək yeni dərman preparatları və vaksin sahəsində mühüm nəticələr də əldə edib. Onun tədqiqatında ilk dəfə “in vitro və in vivo” (Çukurova Universitetində əldə edilmiş) modeli sistemində natrium formiatın antihemolitik təsiri, bitki mənşəli maddələrin antivirus, antileyşmanioz və antikanserogen təsiri göstərilib (Allahverdiyev və başqaları, 2000, 2002, 2004).

2006-cı ildə A.Allahverdiyev Türkiyənin qədim və məşhur universitetlərindən biri olan “Yıldız” (İstanbul) Texniki Universitetinin Biomühəndislik bölməsinə dəvət alıb və orada həmkarı və həyat yoldaşı, tibb elmləri namizədi Məlahət Bağırova ilə birgə “Hüceyrə kulturaları və toxuma mühəndisliyi” laboratoriyasını yaradıb. İstanbulda A.Allahverdiyevin rəhbərliyi altında dünyada ilk dəfə leyşmanioz əleyhinə polimerlərə əsaslanan yeni vaksin hazırlanıb.

A.Allahverdiyev hazırda böyük elmi-tədqiqat qrupuna rəhbərlik edir. Elmdə uğurlarının bazası onun öz sahəsində sadəcə mütəxəssis kimi formalaşmasında deyil, həm də xüsusi yolla getməsində, çalışdığı sahələri elmin sürətlə inkişaf edən və ən müasir sahələrlə birləşdirməsindədir. O, tədqiqatlarında regenerativ təbabətə, bionanotexnologiyaya, biomühəndisliyə və kriobiologiyaya böyük yer ayıraraq multidisiplinar tədqiqatlar aparır.

Hazırda A.Allahverdiyevin elmi-tədqiqat işlərinin böyük hissəsi aşağıdakı mövzuları əhatə edir: gövdə hüceyrələri (stem cells), gövdə hüceyrələri və infeksiyalar (mikroorqanizmlər), regenerativ təbabətdə gövdə hüceyrələrinin tətbiqi, hüceyrələrin kriobiologiyası, infeksiya xəstəlikləri və şişlərə qarşı nanodaşıyıcılar sistemi üzrə yeni nəsil vaksin və dərman preparatlarının hazırlanması, infeksiya xəstəliklərində diaqnostik metodların və diaqnostik kitlərin hazırlanması. Son vaxtlar A.Allahverdiyevin rəhbərliyi altında sifət iflicinin, qaraciyər, oynaq-qığırdaq xəstəliklərinin, süd vəzi xərçənginin müalicəsində müxtəlif gövdə hüceyrələrindən sinir, hepatosit, xondrosit, adiposit hüceyrələri əldə edilir. Hüceyrə mühəndisliyi əsasında bu hüceyrələr müxtəlif canlıların üzərində sınaqdan keçirilir. Eyni zamanda, leyşmaniozun aşkar edilməsi üçün hibridoma texnologiyası əsasında diaqnostik baza hazırlanır və həmin xəstəliyə qarşı nanodaşıyıcı sistemə əsaslanan yeni nəsil vaksinin elmi layihələri həyata keçirilir.

A.Allahverdiyevin bütün tədqiqatlarının maliyyə əsasını böyük müsabiqə əsasında qəbul edilmiş beynəlxalq səviyyəli elmi layihələr təşkil edir. Bu layihələr Türkiyənin Elm, Sənaye və Texnologiyalar Nazirliyi, Türkiyə Elmi-Texnoloji Tədqiqatlar Şurası (TÜBİTAK) tərəfindən dəstəklənir.

A.Allahverdiyev müxtəlif beynəlxalq jurnallarda dərc edilən 180-dən çox elmi məqalənin, bir neçə ixtiranın, səmərələşdirici təkliflərin; Amerika və Avropada nəşr edilən kitabların, 9 kitabın bölmələrinin müəllifidir. Onun rəhbərliyi altında 9 fəlsəfə doktoru işi (Ph.D), 12-dən çox magistr dissertasiya işi yerinə yetirilib.

Beynəlxalq indeksli jurnallarda dərc etdirdiyi çoxsaylı məqalələrinə görə A.Allahverdiyev professorlar arasında “Yıldız” Texniki Universiteti rektoratının mükafatına (2013), habelə müxtəlif illərdə rektorat və dekanlıq tərəfindən bir çox mükafat və təşəkkürnamələrə layiq görülüb.

İnsanın burun boşluğu şöbəsindən alınmış gövdə hüceyrələrinə həsr edilən və onların dünyada ilk dəfə zədələnmiş fassiya sinirinin bərpasında tətbiqinə görə A.Allahverdiyevə Otolarinqologiya və Kəllə-Sümük Cəmiyyətinin mükafatı verilib (2013). O, “Elm aləmində fəal iştirakına görə” Boğaziçi Universiteti Elmi Klubunun mükafatı laureatıdır (2012). Vaksin hazırlamasına görə A.Allahverdiyev XVI Türkiyə Milli Parazitologiya Konqresinin birinci mükafatına layiq görülüb. “Gövdə hüceyrələri və infeksiya” işinə görə Avrasiya Beynəlxalq İnfeksiya Xəstəlikləri Konqresində (EACID, 2009) ona ikinci mükafat verilib.

Leyşmaniozun diaqnostikasında yeni mikrokultura metodunu işləyib hazırlamasına görə 2006-cı ildə Beynəlxalq Rotari Cəmiyyətinin (Adana bölməsi) İdarəetmə Şurasının qərarı ilə A.Allahverdiyev “Peşəkar xidmətə görə” mükafatına layiq görülüb. Ona digər mükafatlar da verilib. Bunların sırasında “Ən yaxşı patentçi” (1977) müsabiqəsində birinci yer, səmərəliləşdirici təklifinə görə Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun (1977), elmi tədqiqatlara görə Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun mükafatlarını (Bakı, 1977) qeyd etmək olar.

1998-ci ildə Türkiyə Elmi-Texnoloji Tədqiqatlar Şurası (TÜBİTAK) tərəfindən A.Allahverdiyevə “Uluslararası Bilimsel Yayın Desteği” mükafatı verilib. Bu gün A.Allahverdiyev öz fəaliyyətini TÜBİTAK-da, müxtəlif nazirliklərdə, o cümlədən Türkiyə Sənaye və Ticarət Nazirliyində elmi layihələrin müzakirəsində ekspert, habelə Türkiyə Parazitologiya və Tropik Xəstəliklər Şurasının üzvü kimi davam etdirir.

Dünya Səhiyyə Təşkilatının (DST) malyariyaya qarşı mübarizə proqramında (Kopenhagen, 2000) iştirakı ilə yanaşı, A.Allahverdiyev dünyanın məşhur tədqiqat mərkəzləri və universitetləri ilə birgə tədqiqatlar aparır. Bu sıraya Stony Brook Universiteti (ABŞ), Universitet de Barcelona (İspaniya), U.S. Army MRMC, The University of Health Sciences Chicago Medical School (ABŞ) daxildir. O, bu universitetlərə tez-tez gedir.

A.Allahverdiyev müxtəlif ölkələrin (Amerika, Türkiyə, Rusiya və s.) elmi cəmiyyətlərinin, o cümlədən Türkiyə Parazitoloqlar Cəmiyyətinin fəxri üzvüdür. Eyni zamanda, o, müxtəlif elmi jurnalların idarə heyətinin və şurasının, SCI-ya daxil olan, Amerika və Avropada nəşr edilən yüksək impakt-faktorlu 6 jurnal redaksiyasının üzvüdür, 11 jurnalda ekspert kimi xidmət göstərir.

A.Allahverdiyev müxtəlif vaxtlarda müsabiqə yolu ilə seçilən, TÜBİAK, Sənaye və Ticarət Nazirliyinin, Çukurova Universitetinin, “Yıldız” Texniki Universitetinin elmi-tədqiqat qrupları tərəfindən dəstəklənən təxminən 20 elmi layihəyə rəhbərlik edib.

Hazırda A.Allahverdiyev bu fəaliyyətini aktiv surətdə davam etdirir.

  • Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universiteti;
  • Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutu, klinik ordinatura
  • Yıldız Teknik Universiteti, Biomühəndislik kafedrası (bölümü), Hüceyrə kulturası və toxuma mühəndisliyi laboratoriya müdürü

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Kök hüceyrə və toxuma mühəndisliyi, kök hüceyrələrin regenerativ təbabətdə tətbiq edilməsi, hüceyrələrin kriobiologiyası, bədxassəli şişlərə və infeksion xəstəliklərə qarşı nanotexnologiyaya əsaslanan yeni nəsil vaksin və dərman preparatlarının, infeksion xəstəliklərin diaqnostikasında hibridoma texnologiyasına əsaslanan yeni diaqnostik kitlərin işlənib hazırlanmasının təşkili;
  • Üz ifliclərinin, qaraciyər xəstəliklərinin, oynaq-qığırdaq xəstəliklərinin müalicəsi üçün ilk dəfə olaraq fərqli metod ilə kök hüceyrələrindən sinir, hepatosid, kondrosit, adiposit kimi hüceyrələr əldə etmiş
  • Dünyada ilk olaraq leyşmaniya xəstəliyinin dəri və insan ölümünə səbəb olan visseral formasının diaqnostikasında yeni diaqnostika metodu işləyib hazırlamış və bu kəşf ABŞ-da American Journal Tropical Medicine and Hygiene jurnallarında (2004, 2005) dərc edilmişdir.
  • Professor Adil Allahverdiyev Stanford Universitetinin araşdırmasına görə dünyanın ən nüfuzlu alimləri siyahısına daxil edilib.

Araşdırmaya əsasən dünyada müxtəlif elm sahələrində fəaliyyət göstərən 10 milyondan çox elm insanının fəaliyyəti dəyərləndirilib.

Nəticədə yalnız 2% alim bu siyahıya daxil olmağa layiq görülüb.

Qeyd edək ki, Stanford Universitetinin tərtib etdiyi siyahı qlobal miqyasda elmi tədqiqatların qiymətləndirilməsi və alimlərin beynəlxalq arenada təsirinin müəyyən edilməsi sahəsində etibarlı bir referans mənbəyi kimi tanınır.

  • 2006 – “Peşəkar xidmətlərinə görə” mükafatı[2]
  • Səmərələşdirici təklif yarışmasında birinciliyinə görə, indiki Seçenov adına Tibb Elmləri Akademiyası Marçinovski adına Tibbi Parazitoloji və Tropik Təbabət İnstitutu (Moskva) tərəfindən və eyni zamanda TÜBİTAK (Türkiyə) tərəfindən “Uluslararası Bilimsel Yayın Desteği”

Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat

[redaktə | mənbəni redaktə et]
  • 1981 – Seçenov adına Tibb Elmləri Akademiyası Marçinovski adına Tibbi Parazitoloji və Tropik Təbabət İnstitutu, tibb elmləri namizədi;
  • 1989 – Seçenov adına Tibb Elmləri Akademiyası Marçinovski adına Tibbi Parazitoloji və Tropik Təbabət İnstitutu, tibb elmləri doktoru;
  • 1990 – Azərbaycanda Elmi Tədqiqat Mikrobiologiya, Epidemiologiya və Peşə xəstəlikləri İnstitutu, laboratoriya müdiri;
  • 1992 – Çukurova Universitetinin tibb fakultəsinə dəvət edilmişdir;
  • 2006 - 2020 – Yıldız Teknik Universiteti;
  • 2020 – Hazırda – Azərbaycan R. Səhiyyə Nazirliyi,V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru
  • 180-dən çox elmi məqalənin, 10-dan çox kitab və kitab bölümlərinin müəllifidir.
  • Türkiyədə müxtəlif nazirliklərdə, TUBİTAK, Sənaye və Ticarət Nazirliyində elmi layihələrin müzakirəsində ekrpert kimi, eləcə də Türkiyə parazitologiya və tropik xəstəlikləri elmi şurasında şura üzvü;
  • Stony Brook Universitetinin adjanct professoru

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
  2. AZƏRBAYCANLI ALİM BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR