Aktinometr

Aktinometr, radiasiyaölçən – düz düşən Günəş radiasiyasının (səthə perpendikulyar düşən şüaların) intensivliyini ölçən cihaz. Termoelektrik və termobimetal Aktinometrlər geniş yayılmışdır. Aktinometrin iş prinsipi düşən Günəş radiasiyasını səthin udmasına və şüa enerjisinin istilik enerjisinə çevrilməsinə əsaslanır. İstilik enerjisi bimetal lövhənin deformasiya dərəcəsinə; qəbuledicinin temprunun yüksəlməsinə (gümüş-disk Aktinometri); qəbuledici ilə ətraf mühit arasındakı temperatur fərqinə görə qiymətləndirilir. Aktinometr nisbi cihazdır. Mütləq kəmiyyətlərə keçmək üçün Aktinometrin göstəriciləri mütləq cihaz olan pirheliometrin göstəriciləri ilə müqayisə olunur. Heliostatda qurulmuş Aktinometr ilə Günəş radiasiyasını fasiləsiz qeyd etmək mümkündür. Süzgəc dəsti olan Aktinometrdən Günəş spektrinin müxtəlif sahələrindəki radiasiyanın ölçülməsində istifadə edilir.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 248. ISBN 978-9952-441-02-4.