Aktivasiya karotajı — süxurların xarici ionlaşdırıcı mənbələrlə şüalandırılması nəticəsində onlarda yaranan süni radioaktiv izotopların, yaxud izomerlərin şüalanması xüsusiyyətlərini ölçməyə əsaslanan geofiziki üsul. Radioaktiv izotoplarla aktivləşdirilmiş qum, yaxud məhlulun süxurların içərisində yerləşdirilməsindən sonra onların qamma-şüalanmasının qeydiyyatına əsaslanır. Aktivasiya karotajı üsulu neft-qaz quyularında kollektor çöküntüsü və süxur laylarında çatlılığın və kavernaların (boşluqların), hidrogeoloji tədqiqatlarda isə laydamayenin axın istiqaməti və sürətinin müəyyən edilməsinə imkan yaradır. Qazıma quyularının kəsilişindəki kollektorların radon qazı ilə şüalandırılmasından sonra müxtəlif vaxtlarda təkrar ölçmələr nəticəsində alınmış qamma-karotaj əyrilərini müqayisə etməklə layların neft-qaz və su ilə doyumluluğu qiymətləndirilir. Geoloji məsələlərlə yanaşı Aktivasiya Karotajı üsulu neft-qaz və hidrogeoloji quyularda boru arxasında sementin səviyyəsi, sement halqasının qalınlığı, boruda zədələnmə və perforasiya yerinin və laylar arasında hidrodinamik əlaqənin müəyyən edilməsi kimi məsələlərin həllində geniş istifadə olunur.