| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | radon, Rn, 86 | |||||
Qrup, Dövr, Blok | 18, 6, p | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | (222) q/mol | |||||
Elektron formulu | 4f14 5d10 6s2 6p6 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | −71.15 °C (202.0 K, −96.07 °F) | |||||
Qaynama temperaturu | −61.85 °C (211.3 K, −79.1 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Radon (Ra)- D. İ. Mendeleyevin elementlərin dövri sistemində 86-cı element. Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab olunur. Quruda onun fon konsentrasiyası 10 Bk/m³ təşkil edir. Bk – bekkerel – radioaktivlik ölçüsü olub, 1 dəqiqə ərzində radioaktiv parçalanmanın sayıdır, 1 Bk 1 saniyə ərzində bir radioaktiv parçalanmaya uyğun gəlir. Radonun mənzilə əsas daxil olma yolu – binanın özülünün (bünövrəsinin) altından onun infiltrasiya olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi, havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və ərazinin geoloji xüsusiyyətindən asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır. Belə şəraitdə yaşayan insanların başlıca olaraq ağciyərlərinin şüalanma dozası yüksək olur. BMT-nin atom radiasiyasının təsiri üzrə Elmi Komitəsinin məlumatına əsasən çoxmənzilli beton binalarda, ayrıca tikilmiş beton evlərdə, kərpic və taxtadan tikilmiş çoxmənzilli və tək binalarda radonun konsentrasiyası orta hesabla 50, 130, 20, 30 və 10–30 Bk/m³-a çatır, bu isə fon göstəricidən (10 Bk/m³) xeyli artıqdır. Əhalinin radonla və onun törəmə məhsulları ilə inhalyasiya hesabına şüalanma dozası əksər hallarda digər təbii və süni mənbələrdən ümumi şüalanma dozasının 50%-ni təşkil edir. Təbiətdə radona başlıca olaraq iki əsas izotop – radon – 222 (uran – 238-in parçalanma məhsulunun əmələ gətirdiyi radioaktiv sırasının üzvü) və radon – 220 (torium – 232-nin parçalanma məhsulu) şəklində rast gəlinir. Radon – 222, radon 220 ilə müqayisədə 20 dəfə artıq şüalanma dozasında iştirak edir. Açıq havada radonun miqdarının sutkalıq tərəddüdü 1-dən 100 Bk/m³ arasında olur, həm də yüksək təzyiqdə və açıq (buludsuz) havada, xüsusilə gecə və səhər saatlarında onun konsentrasiyası maksimuma çatır. Atmosfer havası hesabına radon 13%-ə qədər daxil ola bilər. Mənzil daxilində radonun miqdar səviyyəsi binanın altındakı qruntun növündən, evin və tikinti materialının tipindən, mərtəbədən, ventilyasiyanın mövcudluğundan, mənzildə döşəmənin hündürlüyündən və s. asılıdır.
MAİR-in verdiyi qiymətə əsasən radon I qrup kanserogenə aiddir. Əsas kanserogen təsir α — aktiv törəmə palonium 214Po və polonium 218Po-dən baş verir. Bu parçalanma məhsulları çox xırda bərk hissəciklərdə möhkəmlənə və beləliklə, ağciyərlərdə çöküntü verə bilər. İstehsalat şəraitində radonun təsiri nəticəsində ağciyərlərdə xərçəngin inkişafı riski Çexoslovakiya, ABŞ, Kanada, İsveç, Fransa, Böyük Britaniya, Norveç, Çin və Avstraliyada müxtəlif əhali qrupları arasında aparılan tədqiqatlarla təsdiq edilmişdir. Habelə 68000 nəfər dağ-mədən işçiləri arasında ağciyər xərçəngindən 2700 ölüm hadisəsi qeydə alınmışdır. Ağciyər xərçəngi xəstəliyinin çox olması ilk dəfə Almaniya və Çexiyada havada radonun yüksək miqdarı şəraitində işləyən mədən şaxtaçıları arasında qeydə alınmışdır. Ölüm hadisələrinin 50%-dən çoxunun (60–80%) səbəbi ağciyər xərçəngi olmuşdur. Bu xəstəlik faktiki olaraq, gözləniləndən 30–50 dəfə artıq olmuşdur. Ağciyər xərçəngindən ölənlərin yaşı əsasən 50–55-i keçmir, çoxları isə daha cavan yaşlarında – 40 yaşında dünyasını dəyişmişdir. Radonla şüalanmanın insan sağlamlığına təsiri üzrə tədqiqatlar Rusiyada S. P. Vereyko (1998) tərəfindən əvvəllər uran müəssisələri yerləşən Lermontov şəhərində (Stavropol ölkəsi) və O. A. Makarov (2000) tərəfindən uranmolibden yataqlarının mədəni üzərində tikilmiş Çita vilayətinin Oktyabrsk qəsəbəsində aparılmışdır. Lermontovda yüksək səviyyəli təbii şüalanmadan başqa, insanın sağlamlığına, həm də əvvəllər uran emalı müəssisələrin də peşə fəaliyyəti təsir göstərir. 1970-ci ildə burada şəhər salarkən, yüksək radioaktivli tikinti materiallarından, o cümlədən uran istehsalı müəssisələrinin tullantılarından istifadə olunmasının, şüalanmanın cəm dozasının yüksəlməsində iştirakı da istisna edilmir. Lermontovda yerin səthində radon axınının sıxlığı orta dünya qiymətindən təxminən 15 dəfə yüksəkdir. Radonun ən yüksək konsentrasiyası əsasən yerli tikinti materialından tikilən xüsusi evlərdə aşkar edilmişdir (qazşəkilli radonun orta konsentrasiyası 1082 Bk/m³ təşkil etmişdir). Beləliklə, şəhər əhalisinin şüalanma dozası müəyyən olunmuş normativi xeyli keçir. 1958-ci ildən 1998-ci il daxil olmaqla Lermontov şəhərində ölüm əmsalı 3 dəfə yüksəlmşdir. Kişilər arasında ölüm göstəricisi qadınlara nisbətən xeyli yüksəkdir, həm də ağciyər və mədə xərçəngindən ölüm hadisəsinin çox olması müəyyən edilmişdir. Lermontovda ağciyər xərçəngindən ölüm hadisəsinin Stavropol ölkəsinin ümumi əhalisindən 2 dəfə artıq olması statistik təsdiq edilmişdir. Burada qadınlar arasında süd vəzi xərçəngindən, kişilərdə isə prostat vəzi xərçəngindən ölüm əmsalı yüksəkdir. Digər radontəhlükəli yaşayış məntəqəsi – Çita vilayətinin Oktyabr qəsəbəsində radonun konsentrasiyası 400 Bk/m³-dan yüksək olan mənzillərin sakinlərində tənəffüs orqanları (xroniki bronxit), ürək-damar sistemi (hipertoniya xəstəliyi, ateroskleroz), sinir sistemi, sümük-əzələ sistemi (artrit, artroz, osteoxondroz) xəstəlikləri, reproduktiv sağlamlığın pozulması, uşaqların inkişafının morfogenetik variantlarına 2 dəfə çox rast gəlinir. Əhalinin radonun təsirindən mühafizə olunması zəruriliyi onun vurduğu iqtisadi ziyanı qabaqcadan müəyyənləşdirmək və həyata keçirməyi qiymətləndirməklə təyin olunur. ABŞ-də yaşayış mənzillərini radondan mühafizə etmək tədbirləri 20 milrd. dollar təşkil edir. V. F. Demininin (1998) hesablamalarına görə Ruisya şəraiti üçün radonun 1 Zv səviyyəsində adambaşına təsiri 20 min dollar qiymətləndirilir (Zv – zivert- şüalanma dozasını səciyyələndirir). Bu ədədə əsaslanaraq şüalanmadan əhaliyə dəyən ziyan Rusiyada ildə 15 mld. dollara çatır. Ən çox ziyan yaşayış mənzillərində radonun mövcudluğu və insanların tibbi müayinə zamanı aldığı doza ilə əlaqədardır. Əhalinin radiasiya mühafizəsini optimallaşdırmaq üçün məhz bu mənbələr mühüm obyektlər hesab edilməlidir.