Aktivasiyalı analiz

Aktivasiyalı analiz (radioaktivasiyalı analiz) — maddənin element və izotop tərkibinin nüvə-fiziki təyini üsülu; analiz edilən nümunədə təyin edilən elementin izotoplarının nüvə hissəcikləri və ya yüksək enerjili γ-şüalanma ilə nüvə reaksiyası (aktivasiya) nəticəsində əmələ gələn radionuklidlərin aktivliyinin ölçülməsinə əsaslanır. Aktivasiyalı analizi 1936-cı ildə G. Xeveşi və X. Levi təklif etmişlər. Alınan radionuklidlərin təsnifatlaşdırılması şüalanmanın tipinə, onun enerjisinə, intensivliyinə, radionuklidlərin yarımparçalanma dövrünə görə aparılır. Bunun üçün adətən qamma-spektro metrlər və yüksək ötürücülü yarımkeçirici detektorlar, nadir hallarda ssintilyasiyalı detektorlar istifadə edilir. Miqdari analiz alınan radionuklidin aktivliyinin qatılığın geniş diapazonunda təyin olunan elementin miqdarına nisbətinə əsaslanır. Qatılığın müqayisəli (nümunələr istifadə edilməklə) və etalonsuz nisbi hesablanma üsulu tətbiq edilir. Radioaktiv şüalanmanın yüksək nüfuzetmə qabiliyyəti nümunənin dağılmadan analiz edilməsinə imkan verir. Aktivasiyalı Analizin ən geniş yayılmış variantı neytron-aktivasiyalı analizdir (NAA). Aktivasiya üçün nüvə reaktorunun istilik və epiistilik neytronları və ya neytronların (məsələn, Cf252) radio izotoplu mənbəyi, həmçinin neytron generatorlarının sürətli neytronları istifadə edilir. Reaktorlu neytron-aktivasiyalı analiz analitik kimyanın inkişafında böyük rol oynamışdır; ondan istifadə etməklə elektronika üçün yüksək təmiz materialların, atom energetikası uçün isə xüsusi konstruksiyalı materialların alınmasının texnologiyası işlənib hazırlanmışdır. Bir sıra maddələrin (Ay qruntları, meteoritlər və s.) element tərkibi tədqiq edilmişdir. Neytron-aktivasiyalı analiz sürətli neytronlarla oksigeni (tapılma həddi – 10–5%-ə qədər) və digər elementləri (10–3–10–5%) effektiv təyin edir. Zəhərləyici və partlayıcı maddələri aşkar etmək üçün neytron-aktivasiyalı analizin məsafəli variantı işlənib hazırlanmışdır. Yüklənmiş hissəciklərin aktivasiyalı analizində yüksək enerjili protonlar, deytronlar, α -hissəciklər və s. tətbiq edilir. Qamma-aktivasiyalı analizdə nümunə elektron sürətləndiricisinin ləngidilmiş γ- şüalanması ilə aktivləşdirilir. Bir neçə qrama qədər nümunə kütləsində mikroqarışıqların ümumi tərkibi təyin edilir. Üsul yüngül elementlərin (10–8 q/q), orta və ağır elementlərin (10–7 q/q-a qədər) yüksək həssaslı təyini üçün effektivdir. Sənayedə analitik avtomatlaşdırılmış γ- aktivasiyalı komplekslər (qızılçıxarma sahələri üçün) işlənib hazırlanmışdır. Aktivasiyalı analiz çox təmiz və xüsusi materiallarda, geoloji nümunələrdə, ətraf mühit obyektlərində, həmçinin tibdə, kriminalistikada, arxeologiyada, biologiyada və s. mikroqarışıq tərkiblərə nəzarət üçün tətbiq edilir.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 252. ISBN 978-9952-441-02-4.