Aleksandr Nikolayeviç Derjavin (5 dekabr 1878, Kazan – 17 sentyabr 1963, Bakı) — Azərbaycanda ixtiologiya və hidrobiologiya elmlərinin əsasını qoymuş böyük alim.
Aleksandr Derjavin | |
---|---|
Doğum tarixi | 5 dekabr 1878 |
Doğum yeri |
|
Vəfat tarixi | 17 sentyabr 1963 (84 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | İxtiologiya, zoologiya, Hidrobiologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili |
|
Mükafatları |
Aleksandr Nikolayeviç Derjavin 5 dekabr 1878-ci ildə Kazan şəhərində anadan olmuşdur. O, orta təhsilini Kazan gimnaziyasında almış, 1897-ci ildə Kazan Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1902-ci ildə bu universitetin təbiət elmləri şöbəsini bitirmişdir. Gənc tələbənin elmi axtarışları da o illərdən başlanmışdır. Universiteti bitirdikdən sonra əsasən bir çox dənizlərdə balıq və xərçənglər üzrə nümunələr toplayan gənc alimin tədqiqat istiqaməti genişlənməyə başlamışdır. 1908–1910-cu illərdə A. N. Derjavin Rusiya Coğrafiya Cəmiyyətinin təşkil etdiyi Kamçatka ekspedisiyasında iştirak etmiş, yarımadanın cənub hissəsinin çaylarında balıqların tədqiqi ilə məşğul olmuşdur. Bu tədqiqatlara görə A. N. Derjavin Rusiya Coğrafiya Cəmiyyətinin gümüş medalına layiq görülmüşdür.
Perspektivli alimin Xəzər dənizi "səyahəti" 1910–1912-ci illərdə Həştərxan ixtiologiya laboratoriyasında bioloq kimi fəaliyyət göstərdiyi zaman başlamışdır. Həmin dövrdən alimin Xəzərdə yaşayan balıqların və onurğasız heyvanların tədqiqatı üzrə fəaliyyətinin ilk dövrü başlanır. Bu illərdə A. N. Derjavin bəzi vətəgə balıqlarının biologiyası və Volqa çayına miqrasiyası, külmə, çapaq və siyənək balıqlarının qidalanmasını tədqiq etmiş, Volqanın aşağı hissəsində relikt Xəzər faunası üzrə hazırladığı bir sıra əsərlər üçün zəngin material toplamışdır. Alim bu mərhələdə, həmçinin Xəzər dənizi üçün yeni olan meduz növünün və qum xərçənglərinin yeni növlərinin təsvirini vermişdir.
Görkəmli tədqiqatçının Xəzər dənizi ilə bağlı araşdırmalarının ikinci mərhələsi daha uzun sürür. O, 1912-ci ildə Bakıya gəlir və elmi araşdırmalarını 1927-ci ilə qədər davam etdirir. AMEA Zoologiya İnstitutunun veb-səhifəsində alimlə bağlı verilmiş məqalədə onun fəaliyyəti haqqında əsas məqamlar əksini tapıb: "O, Əkinçilik Departamenti nəzdində Bakıda ixtioloji laboratoriyanın (indiki Azərbaycan Elmi-Tədqiqat Balıq Təsərrüfatı Institutu) təşkil edir və onun ilk rəhbəri olur. Bu laboratoriyada Xəzərin balıq faunası üzrə hərtərəfli tədqiqatlar aparılır. A. N. Derjavin Bakı ixtioloji laboratoriyasına 15 il rəhbərlik etmiş və bu dövrdə Xəzər dənizində yaşayan nərə balıqlarının, Xəzər qızılbalığının biologiyası sahəsində geniş tədqiqatlar aparmışdır. Bununla belə A. N. Derjavin Kür hövzəsində stasionar məntəqələr yaradır, nərə, uzunburun, qızılbalıq və kütüm kimi qiymətli balıqların süni yolla artırılmasını təşkil edir. Mingəçevir, Qaradonlu, Bankə, eləcə də Samurçay və Sulak çaylarında balıqartırma zavodlarının və məntəqələrinin yaranması A. N. Derjavinin təşkilatçılıq qabiliyyətinin nəticəsi olmuşdur. O, nərə balıqlarının kürülərini lil ilə qabaqcadan yumaqla mayalandırma və Ses-Qrin aparatında mayalanmış kürülərin inkubasiya metodlarını işləyib hazırlamışdır. Beləliklə, A. N. Derjavin nərə balıqlarının kürüsünün yapışqanlı səthdən təmizlənməsi metodunun və bu yolla onların süni artırılmasının əsasını qoymuşdur".
A. N. Derjavinin adı respublikamızın həyatında bir sıra əlamətdar hadisələrlə də bağlıdır. 1919-cu ildə Bakı Universitetinin yaradılmasında və orada Zoologiya kafedrasının təşkilində də alimin xüsusi əməyi var. O, eyni zamanda 1922–1929-cu illərdə balıqartırmanın Fars-Qafqaz şöbəsinin müdiri olmuşdur. Alim 1922-ci ildə Rusiyanın Baş Balıqçılıq Idarəsinin Moskvadakı iclasında Xəzər qızılbalığının, Səfidrud və Sulak çaylarında nərəkimilərin artırılmasına dair təkliflə 3 saatlıq maraqlı məruzə etmişdir.
Onun keçmiş sovet respublikaları ərazisindəki bir çox dəyərli elmi işləri zoologiya elminin inkişafına mühüm təkan vermişdir. A. N. Derjavin yenidən Bakıya dönüşü 1932-ci ilə təsadüf edir ki, o, həmin tarixdən ömrünün sonuna qədər, yəni 31 il burada fəaliyyət göstərir. Tədqiqatçı alim Bakı Ixtioloji laboratoriyasına rəhbərlik etməklə bərabər, Azərbaycan Elmlər Akademiyasında Zoologiya sektorunun su heyvanları şöbəsinin müdiri işləyir. 1936-cı ildə A. N. Derjavin Kür balıqçılıq stansiyasına müdir təyin edilir. Şəxsi təşəbbüsü ilə tikilmiş bu stansiyada o, öz ideyaları əsasında nərə balıqlarının süni yolla artırılmasının biotexnologiyasını, məşhur ekoloji metodunu hazırlayır. 1938-ci ildə SSRI Ali Attestasiya Komissiyası dissertasiya müdafiə etmədən A. N. Derjavinə biologiya elmləri doktoru elmi dərəcəsi və professor adı verir. İxtioloq alimin ilk və qeyri-adi planda tədqiq etdiyi balıq növü Kür uzunburun balığı olmuşdur. Müəllifin bu sahədə apardığı tədqiqat işləri 1922-ci ildə çapdan çıxmış "Uzunburun" ("Sevryuqa") monoqrafiyasında öz əksini tapmışdır. AMEA Zoologiya Institutunun veb-səhifəsində bu barədə yazılır: "Müəllifə dünya şöhrəti gətirən və klassik əsərlər sırasına daxil olmuş bu monoqrafiyada küləyin istiqamətinin dəyişilməsi ilə balıqların Kür çayına daxil olma dinamikası arasında əlaqə, nərə balıqlarının Kür çayına daxil olan zaman çayın yatağında yayılması, suyun səviyyəsindən, axının sürətindən, balıqların cinsindən və yaşından asılı olaraq onların kürütökmə yerlərinə qalxma tezliyi aydınlaşdırılmışdır. A. N. Derjavin Xəzər dənizində uzunburun və nərənin dənizdə miqrasiyasını öyrənmiş və bu işdə ilk dəfə olaraq kütləvi nişanlama üsulundan istifadə etmişdir. Eyni zamanda, nərə balıqlarının ehtiyatını hesablamaq üçün orijinal metod işləyib hazırlamışdır və bu metod indi də öz əhəmiyyətini itirməmişdir. Təsadüfi deyil ki, 1961-ci ildə keçmiş SSRI Elmlər Akademiyası tərəfindən bu əsər təkrar nəşr olunmuşdur".[1]
Zoologiya Institutunda işləyərkən A. N. Derjavin nərə balıqları və qızıl balığın ehtiyatlarının artırılması, habelə Mingəçevir su qovşağının tikintisi ilə əlaqədar balıqçılıq təsərrüfatının layihələşdirilməsi üzrə elmi əsaslar hazırlamışdır. Bu əsaslar üzrə Azərbaycanda dörd nərə balıq artırma zavodu, iki qızılbalıq zavodu və üç balıqartırma təsərrüfatı tikilmişdir. Bu dövrlərdə A. N. Derjavin "Xəzər qızıl balığı ehtiyatlarının bərpası" (1941), "Nərə balıqları ehtiyatlarının bərpası" (1947), "Azərbaycanın şirin su balıqları(1949) monoqrafiyalarını nəşr etdirmişdir. Alimin 1956-cı ildə isə "Kürün balıq təsərrüfatı" adlı 35 çap vərəqi həcmində kitabı da çap olunmuşdur. Həmin əsər haqqında o zaman yazılmış bir elmi rəydə qeyd olunmuşdur ki, belə bir əsər heç bir alim tərəfindən nə SSRI məkanında, nə də xarici ölkələrdə yazılmamışdır. "Azərbaycanın heyvanat aləmi" (1951) kitabında A. N. Derjavin Xəzər dənizi və Azərbaycanın şirin suları faunasının əmələ gəlmə tarixi, balıqlar, molyusklar, briozoylar, xərçənglər, qurdlar, bağırsaqboşluqlular və süngərlər haqqında 16 məqalə nəşr etdirmişdir. Ümumiyyətlə, həyat və fəaliyyətinin böyük bir hissəsi Azərbaycanla bağlı olan A. N. Derjavinin bu müddətdə 200-dən artıq elmi əsəri işıq üzü görmüşdür.
Kür çayının balıq təsərrüfatında baş verə biləcək dəyişikliklər böyük elm adamını ən çox narahat edən məsələlərdən biri idi. Görkəmli mütəxəssis bu gün Kür çayında yaranmış vəziyyəti 50–60 il bundan əvvəl görürdü. O, söhbətlərinin birində demişdi ki, Mingəçevir bəndinin tikilməsi ilə Kürün balıq təsərrüfatına elə zərbə endirildi ki, o, bir daha özünə gələ bilməyəcək. Alim bu problemlərdən yeganə çıxış yolunu süni balıqartırma şəbəkələrini genişləndirməkdə görürdü və ömrünün son illərdəki fəaliyyəti də əsasən bu istiqamətə yönəlmişdi.
Azərbaycan elminin görkəmli simalarından biri A. N. Derjavin elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul idi. O, Bakı Dövlət Universitetində zoologiya və ixtiologiya üzrə mühazirələr oxumuş, olduqca maraqlı və məzmunlu mühazirələri ilə tələbələrdə ixtiologiya elminə maraq oyatmışdır. Onun rəhbərliyi altında 10-dan çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. Böyük elmi fəaliyyətinə görə alim bir çox yüksək mükafat və adlarla təltif olunmuşdur. O, 1955-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir.
Görkəmli elm xadimi 1963-cü il sentyabr ayının 17-də 85 yaşında vəfat etmişdir.