Aleksandr Lvoviç Qurilyov (rus. Александр Львович Гурилёв; 22 avqust (3 sentyabr) 1803[1] – 30 avqust (11 sentyabr) 1858[2][3], Moskva[4]) — musiqişünas, bəstəkar və pianoçu.
Aleksandr Qurilyov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 22 avqust (3 sentyabr) 1803[1] |
Vəfat tarixi | 30 avqust (11 sentyabr) 1858[2][3] (55 yaşında) |
Vəfat yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pianoçu |
Musiqi aləti | piano |
Aleksandr Lvoviç Qurilyov öz dövrünün istedadlı bəstəkarı və pianoçusu idi. O, Varlamovun müasiri olmuş, əsasən romans və mahnılar bəstələmişdir. Qurilyov əsasən lirik idi. Elegiyaya xas xəyalpərvər lirika onun əsas yaradıcılıq yönümünü təşkil edirdi. Bu cəhətdən Qurilyovun yaradıcılığı Varlamovun yüksək emosional təsirli vokal musiqisi ilə ziddiyyət təşkil edir.
Ürəkgenişliyi, mehribanlıq, səmimilik, Qurilyov lirikasının ən gözəl cəhətləri idi.
A. L. Qurilyov 1803-cü ildə Moskvada təhkimli musiqiçi, bəstəkar və dirijor ailəsində anadan olmuşdu. Aleksandrın atası Qraf Orlovun təhkimlilərdən ibarət orkestrinə rəhbərlik edirdi. Qurilyov atasından musiqinin sirlərini öyrənmiş, sonra məşhur irland pianoçu və bəstəkar Con Filddən fortepianoda çalmağı və bəstəkar Keniştadan musiqi nəzəriyyəsinin sirlərini öyrənmişdi.
[5] Con Fild, Qurilyovun pianoçu kimi formalaşmasına müəyyən təsir göstərmişdi. 1831-ci ildə A. Qurilyov atası ilə birlikdə təhkimlikdən azad edilmişdi. 30-cu illərdə o, Moskvada yaşamış, bəstəkarlıq və ifaçılıq fəaliyyətinə başlamışdı. Varlamovla dostuğu onun yaradıcılığına böyük təsir göstərmişdi. Daha doğrusu yaradıcılığı Qurilyov üçün örnək idi. Alyabyev, Varlamov kimi müasirlərinin yolu ilə gedən Qurilyov rus xalq yaradıcılığına yüksək qiymət verirdi. Onun mahnıları və romansları dərhal geniş şöhrət qazanmış və Moskvanın musiqi həyatına möhkəm daxil olmuşdu. Qurilyov həm pianoçu, həm də bəstəkar kimi məşhur idi, lakin ömrü boyu ehtiyac içərisində yaşamışdı. Moskva evlərində müğənnilik və fortepiano dərsləri verməklə dolanacaq vəsaiti qazanan bəstəkarın ağır həyat şəraiti nəhayət, onu ruhi xəstəliyə salmışdı. Qurilyov 1858-ci ildə Moskvada vəfat etmişdir.
Qurilyovun yaradıcılığında vokal lirika əsas yer tutmuşdur. Bəstəkar vokal əsərlərinin çoxunu 40-cı illərdə yazmışdır. Onun vokal musiqisinin əsasında şəhər folklorunun xalq mahnısı aləmi dururdu. Onun əsl xalq- məişət mahnılarının işləmələri böyük bir məcmuənin yaranmasına səbəb oldu. Bu məcmuədə şəhər mahnıları ilə yanaşı, qədim kənd nəğmələri də vardı.
Varlamovun yaradıcılığında olduğu kimi Qurilyovun da vokal musiqisində " rus mahnısı" janrı geniş yer tuturdu. Onun "rus mahnılarından" olan nömrələrə "Matuşka-qolubuşka" (Mehriban anam), "Sarafançik"- (Balaca sarafan), "Ne şumi, tı roj" (Səs eləmə çovdarım) mahnılarının adlarını çəkmək olar. Müəllifin "Mehriban anam" mahnısı janr və süjet xətti etibarilə Varlamovun " Qırmızı sarafan" mahnısına uyğun gəlir. Lakin burada üslub fərqi vardır. Varlamovun əsəri aydın koloriti, melodiyanın sakit, incə xarakteri, major tonallığında səslənməsi ilə səciyyəvidirsə , Qurilyovun musiqisi minor tonallığında verilir. Musiqinin melodiyası kədərləndirici, patetik xarakter daşıyır.
Bir sıra mahnılarda bəstəkar "qadın etirazı" janrını təsirli lirizmlə ifadə edir. "Balaca sarafan", "Qrust devuşki" (Qız kədəri) mahnıları buna misal ola bilər.
Qurilyov bir sıra romans-elegiyaların müəllifidir. Belə elegiyalardan Oqaryovun sözlərinə yazılmış " Vnutrennyaya muzıka" ("Daxili musiqi"), "Opravdaniye" ("Bəraət"), Lermontovun mətninə yazılmış " İ skuçno, i qrustno" ("Darıxıram, həm də kədərliyəm") naməlum müəllifin sözlərinə yazılmış "Bam ne ponyat moey peçali" ("Dərdimi anlaya bilməzsiz"), Fetin mətninə bəstələnmiş " Ya qovoril pri rasstavanyi" ("Ayrılarkən dedim") romanslarının adlarını çəkmək olar.
Qurilyovun " И скучно, и грустно" əsərində romans-monoloqun janr xüsusiyyətləri aydın nəzərə çarpır. Bu xüsusiyyətlər melodiyanın deklamasiya quruluşu, onun kiçik "danışıq" diapazonu, ifadəli nitq vurğularıdır.
Qurilyovun ən gözəl romanslarından- " Opravdaniye" ("Bəraət") Qlinkanın lirik-dramatik vokal əsərlərini xatırladır. Romansın melodiyası oxunaqlı və eyni zamanda ehtiraslı, axıcı və danışıq tərzlidir. Koltsovun sözlərinə yazılmış "Razluka" ("Ayrılıq") da onun məşhur romanslarındandır.
Qurilyovun yaradıcılığında fortepiano musiqisinin də böyük əhəmiyyəti olmuşdur. Yaradıcılığında iki janr- rəqs pyesi və variasiya silsiləsi böyük yer tuturdu. Kiçik həcmli fortepiano pyesləri arasında bəstəkarın valsları, mazurkaları, polkaları seçilir. Varlamovun " Na zare tı yeyo ne budi" ("Sübh çağı onu oyatma") mahnısının və Qlinkanın " İvan Susanin" operasından " Ne tomi rodimıy" ("Mənə əzab vermə, əzizim") triosunun mövzuları əsasında yazdığı variasiyalar konsert-virtuoz janrının ən gözəl nümunələrindən olub Qurilyovun iri variasiya silsilələrinə aiddir.
Matuşka- qolubuşka (Mehriban anam), Sarafançik (Balaca sarafan), Ne şumi, tı roj (Səssalma, çovdarım),